Zülfiyyə Bayramova: "Həyat yoldaşım iki gün başımın üstündə gözlərini yummayıb" - FOTOLAR

"İlqarı xəstəlik dönəmində bir daha kəşf etdim"



"Tövsiyəm odur ki, bu xəstəliklə üzləşən ailələr yaxşı gündə biri-birinin yanında olduğu qədər pis gündə də əllərini buraxmasınlar. Çünki Allah görür. Bilmək olmaz səni hansı sınaq gözləyir. Bir gün bu xəstəlik sənin yaxanı buraxıb, başqasının yaxasından yapışar"



Bəzən həyat gözləmədiyimiz anda, hazırlıqsız olduğumuz dönəmdə bizi imtahana çəkir. Kimisi buna həyatın sınağı deyir, kimisi alın yazısı, kimisi də  çarəsizlik. İstənilən halda ölümün qapısında durub onunla üz-üzə durmaq asan deyil. O qapıdan bir də qayıtmamaq varsa, o zaman bir az da həyatın acımasız olduğunu dərk edirsən. Hələ də zamanın az qaldığını anlayırsansa, sabaha ümidin yoxdusa, xəstəliklə mübarizə aparmağa məcbursansa, o zaman pafoslu sözlərdən çox-çox uzaq bir kəlmə yada düşür - sən güclü olmağa məcbursan! Güclü olmağa iradən yetərmi?

Bu həm də sənin həyata nə qədər tutunmağından, həm də ətrafında olan yaxınlarının nə qədər dəstəkləməyindən də asılıdır. Nədən bunları bölüşürəm?

Çünki «Şərq»in budəfəki qonağı ölümə meydan oxumağı bacaran, xərçəng xəstəliyindən xeyli müddətdir əziyyət çəkən və ən vacibi bu xəstəliyə qalib gələn aparıcı Zülfiyyə Bayramovadır. O, xanım kimi xəstəliyə yenilmədi, öləcəyinə 80 faiz əmin olan bu güclü qadın ayaq üstə duraraq xərçənglə vuruşdu, qalib çıxdı. Bəlkə başqaları onu mənim qədər anlaya bilməz.

Çünki o xəstəliklə üzləşib ölümün qapısından qayıdanlardan biri də mən özüm idim. Elə ona görə də onunla həmsöhbət olarkən sualları ünvanlayıb, cavab gözləyərkən əslində deyəcəkləri mənə yad deyildi. Təxmin edə bilirdim ki, hansı ağrıları yaşayıb, həyatın hansı sınağı ilə üz-üzə dayanıb. Sadəcə, bir fərqimiz vardı. Onun yanında onu dəstəkləyən ömür-gün yoldaşı, doğmaları vardı, özünü tək hiss etmirdi. Mənsə o yola tək çıxmışdım. İstənilən halda biz qalib gəldik. Elə xərçəngə meydan oxuyan bu iki qadının bir müddət sonra  dərdləşməyini siz oxucularla da bölüşmək qərarına gəldim. 



- Hazırda özünüzü necə hiss edirsiz, Zülfiyyə xanım? 

- Şükür Allaha. indi çox yaxşıyam. Müalicələrim davam edir. Çətin də olsa, həyatın bu ağrılarını qaldırmalıyıq. Əsas odur ki, özümü yaxşı hiss edirəm.

- Çox zaman deyirik ki, qadın güclü varlıqdı. Bu qədər ağır bir həyat sınağından keçmək, dayanmadan işinizə zaman ayırmaq, ailənizin yanında olmaq yəqin ki, çətindi…

- Deyim ki, çətin deyil? Həyat çətinliklərdən ibarətdir. Qaldı ki işləmək insana dərdlərini, əsasən də ağrılarını unutdurur. Başın iş-gücə qarışanda bədənində ağrılar da o qədər hiss olunmur.

- Xəstəliyiniz dönəmində yoldaşınız İlqar bəy sizi tək qoymadı, dəstək oldu. Bu barədə sosial mediada da yetərincə müzakirələr oldu…

- Gərək ailə biri-birinə dost olsun. Çətin gündə ailə dost ola bilirsə, onlar uzun yol gedə bilərlər. Yox əgər ər-arvad münasibəti varsa, müəyyən bir yerdə o münasibət tükənəcək, çəpləşəcək. Qaldı bizə, həqiqətən biz dost olmuşuq. Ona görə də mən o dostluqdan bəhrələnə bildim. Düzdür, İlqarı xəstəliyimə qədər də yaxşı tanıyırdım, onunla dost olmağa çalışmışdıq. Amma bu dərəcədə İlqarın mənə dost olduğunu xəstəlik dönəmində daha yaxşı tanımış oldum.



- Yəni xəstəlik dönəmində İlqarı dostunuz olaraq kəşf etdiniz?

 - Bəli, mən bir də xəstəlik dönəmində yenidən tanıdım. Həyat yoldaşım idi, insanlığını tanıyırdım. Amma İlqarı özüm üçün bir də kəşf edim. O mənim ən gözəl dostum imiş. Hətta əməliyyatdan sonra tibb bacıları mənə bildirdilər ki, iki gün İlqar müəllim başınızın üstündən çəkilməyib. Zarafat da etdilər ki, sizə nə vardı, yatmışdız. İlqar iki gün gözünü yummayıb. Sözün düzü, inanmadım ki, İlqar iki gün gözünü qırpmadan başımın üstündə olub, mənə baxıb. Mən İlqardan o qədər dost dəstəyi gördüm ki, bu qədər ağır xəstəliyin adı mənə gülməli görünməyə başladı. Elə bil ki, arxamda bir dağ var idi və ona söykənib dayaq tapırdım. O mənim həyatımın dostudur. Buna bir də xəstəlik sınağında əmin oldum. İlqar mənə hər dəfəsində deyirdi ki, sən bu xəstəliyə qalib gəlməlisən. Biz nələrə qalib gəlmişik, bu xəstəlik onların yanında nə qədər güclüdür ki? Xəstəlik necə gəldi, necə getdi, hiss etmirdim. Baxmayaraq ki, çox ağrıyırdım. Sən də bu xəstəliyi yaşayan qadınsan, ağrısını bilirsən. Bəzən insanın saçı belə quruyursa, demək ki, canı yetərincə ağrı çəkir. İlqar yanımda idi deyə, mən bunu hiss eləmirdim. 



- Bu xəstəliyi yaşayan qadınlara, xərçənglə üzləşən ailələrə nə məsləhət görərdiz? Çünki bəzi insanlar var ki, xəstəlik dönəmində ailələri onlardan üz döndəriblər. 

- Çox təəssüflər olsun ki, bu bir gerçəklikdir. Mən Onkoloji Xəstəxanada əməliyyat olduğum və müalicə aldığım dönəmlərdə çox insanlarla təmasda oldum. Orda bir qadın var idi, mənə yaxınlaşıb dedi ki, Zülfiyyə xanım, mən sizə, ailənizə həsəd aparıram. Xəstəlik dönəmində yoldaşınız sizi tək qoymadı. Amma mənim yoldaşımla qayınanam xəstəliyimi bilən kimi məni atam evinə göndərdi ki, birdən onlara da keçər. Artıq bu xəstəliyin ağırlığı ilə yanaşı, həmin insan mənən də yüklənmiş oldu. Tövsiyəm odur ki, bu xəstəliklə üzləşən ailələr yaxşı gündə biri-birinin yanında olduğu qədər pis gündə də əllərini buraxmasınlar. Çünki Allah görür. Bilmək olmaz səni hansı sınaq gözləyir. Bir gün bu xəstəlik sənin yaxanı buraxıb, başqasının yaxasından yapışar. Mənə elə gəlir ki, ailə deyilən məfhum çətin gündə, yaxşı gündə biri-birinə dayaq olmaqdı. Acısı ilə, şirini ilə həyatı paylaşmaqdır. 

- Alın yazısı deyilən bir anlayış var. Buna inanırsız, yoxsa düşünürsüz ki, həyatımızı özümüz də yönəldə bilirik? 

- Gəlin belə deyək, mən Allahıma inanıram. Məni ayaqda saxlayan birinci güc Allahdır. Bir də insanların mənim üçün etdikləri dualara sığındım. 

- Bu duaları eşidəndə stimul alırdınız? 

- Təbii ki, insan rahatlıq tapır. Gecələr tez yatmalı idim deyə, oxuya bilmirdim, səhər oxuyurdum. Gün ərzində o qədər pozitiv enerji alırdım ki, ən azı bilirdim məni sevən, dua edən insanlar var. O duaların qarşısında Allah məni bundan artıq sınağa çəkməz. Yəqin ki, bu duaları eşidər. O ki qaldı alın yazısına, təbii ki, Allah hərəyə bir ömür payı verir. Amma mən oturub yerimdən tərpənməyim ki, Allah mənə kömək olar, elə olmur. 

- Xəstəlik dönəmində təbii ki, sizə dəstək verənlər, sizi sevənlər oldu. Bəzən bizi sevməyənlər də olur və belə xəstəliklərdə özlərini haqlı sayaraq bəd dualarını əsirgəmirlər. Düşünürlər ki, kiminsə qəlbinə dəydiyimiz üçün və ya başqa bir səbəbdən Allah bizi cəzalandırmış olur.  

- Qarşıma çıxırdı. Bilirsiz, bu xəstəlik məni bir az da kamilləşdirdi. Yaxşı, deyək ki, kiminsə qəlbinə dəydik deyə qarğışları tutdu. Bəs Onkoloji Xəstəxanada minlərlə günahsız uşağa kim qarğış edib? Onlar kimin qəlbini sındırıb, onların günahı nədir? Ona görə də bu məsələyə tam fərqli yanaşıram. Əksinə, düşünürəm ki, biz Allahın sevimli bəndələriyik ki, sağ ikən bizi imtahana çəkdi və sınaqdan çıxa bildik. Demək ki, Allah bizi günahımız olubsa, bu dünyada bağışlaya bildi. Axirətə aparmadı. Ona görə də şükür edirəm. O cür düşünənlərə də cılız təfəkkürlü insanlar kimi baxıram. Gülüb keçirəm. Təki Allah məni sınağa çəksin. 



- Ağır günlər geridə qaldı. Gələcəklə bağlı nə düşünürsüz, məqsədiniz, arzularınız yəqin ki, yox deyil. 

- Mən ölümün gözünün içinə dik baxıb qayıda bilmişəm. Əgər bir insan ölümlə üzləşibsə və ona qalib gəlibsə, kənarda baş verən digər xırdalıqlar cılız görsənir. Ölümlə üzləşmək ağırdı. Mən onunla üzləşdim. İtirdiyim heç nə üçün təəssüflənmirəm. Məqsədlərim var. Xəstəlikdən sonra birinci ağlıma gələn dünyanı gəzmək oldu və yavaş-yavaş dünyanı da dolaşıram. Özümə sual verdim ki, bu günə qədər mən nə yaşamışam? Niyə özümü həyatın gözəlliklərindən məhrum etməliyəm? Əgər Allah mənə o şansı bir də verdisə, niyə o şansdan imtina etməliyəm? Həyatımı ailəmə, övladlarıma, işimə yönəltmişəm. Allah hər kəsə cansağlığı versin. Kimsəni xəstəliklə sınamasın. Məni sevən və sevməyən hər kəs üçün dua edirəm. Çünki bu xəstəlik mənə insanları sevməyi öyrətdi. Allah heç kimi bu xəstəliyin önündə aciz qoymasın.