O zaman Şeyx Nəsrullahlara inanırdılar, indi də falçılara: Milyonçu molla Məmmədsəfa gündəmi zəbt edib

İlahiyyatçı deyir ki, cahil insanlar falçılığın mahiyyətini bilmədən mallarını, pullarını sərf edirlər



Son illər ölkəmizdə falçılıq yeni biznes sahəsinə çevrilib. Qeyri-adi güclərinin olduğunu iddia edən şəxslər özlərini vergili insan kimi təqdim edərək “qaz vurub qazan doldururlar”. Sanki Cəlil Məmmədquluzadənin “Ölülər” əsərində  “ölü cəmiyyət” adlandırdığı cəmiyyət hələ də dəyişməyib. O zamanlar da Şeyx Nəsrullahlara nə qədər inanırdılarsa, indi falçılara o qədər inanırlar. Cəmiyyət elmə-təhsilə meyl etdiyi qədər, falçılara da meyl edir.
Bu dəfə milyonçu molla adlanan və böyük səs-küyə səbəb olan molla Məmmədsəfa gündəmi zəbt edib. Bu şəxs nə Vanqadır, nə Şeyx Nəsrullah, nə də Dərviş Məstəli şah. Onu respublikanın hər yerində tanıyırlar və hər yerindən yanına axışıb gəlirlər. Onun yanına təşrif buyuran məmurlar, müğənnilər, milyonçular, qapısının ağzını gecə-gündüz kəsən yüzlərlə adam olduğu deyilir. Deyilənə görə, molla Məmmədsəfa şəfa verir, bəxt açır, yol bağlayır və ona inanan varlılar qabağına pullar tökürlər.

Məmmədsəfada duaların qiyməti də müxtəlifdir: ruzi duası 100 manat, bəxt açmaq 2000, işə düzəlmək duası 5000-10000 arası, ərə getmək üçün dua 1000-3000 manatdır.

Dəfələrlə tanınmış adamların, müğənnilərin, hətta məmurların belə falçılarla sıx əlaqədə olduğuna dair söz-söhbətlər yayılıb. Məhz bu dedi-qodular cəmiyyəti çaş-baş salır. Kimsə düşünür ki, “məmur və ya varlı biznesmen işinin yağ kimi getməsi üçün filan falçıya bel bağlayırsa, deməli o, doğrudan da böyük “gücə” qadirdi”. 



Mövzu ətrafında fikirlərini “Şərq”lə bölüşən ilahiyyatçı Hacı Atif İsmayılov bildirdi ki, baş verənlər dini mövzu olduğu üçün çox həssas məsələdir:

“İslam dininin əsas prinsiplərindən biri insanın Allaha olan inam və Allahın onun üçün qoyduğu qayda-qanunlardır. Hətta Süleyman peyğəmbərin dövründən belə məlumdur ki, bəzi dualar və ayələr təsiredici qüvvəyə malikdir. Zaman keçdikcə bir qisim insanlar bunu professional şəkildə öyrənərək üzərlərində çalışdılar və peşəyə çevirdilər. Vaxtilə Azərbaycan cəmiyyətində bu peşəyə yiyələnən insanlar olub. Bu məsələdə ifrat və təfrit var. İfrat orasındadır ki, bəzən insanların mənəviyyatından və hisslərindən istifadə edərək peşəni gəlir mənbəyinə çevirirlər. Belə olan təqdirdə maddiyat arxasınca qaçan falçılara rastlamaq təbiidir. Bu işi gəlir mənbəyi kimi görürlərsə, onlar üçün heç nəyin fərqi yoxdur. Doğrudan da, bu peşə ilə mütəxəssis bir insan məşğul ola bilərsə və onun biliyi səviyyəsində əməllər icra olunarsa, böyük təsirləri olur. Biz bunu inkar edə bilmərik. Həmin dua və ayələrin tək İslamda deyil, islamdan öncəki dinlərin özündə də təsiri olmuşdu. Amma təəssüf ki, bu gün cəmiyyətdə peşəkar və mütəxəssis insanlar olduqca azdır.
Molla Məmmədsəfa haqqında bildiyim məlumat bundan ibarətdir ki, vaxtilə bu mövzuya aid ixtisası, araşdırması və sənət kimi yiyələnməsi onun üçün professionallıq ola bilər. Amma son vaxtlar onun ətrafında olan və ona yaxın olan insanlar bu vəzifədən sui-istifadə edirlər. Maddi marağa əsasən addımların atılması cəmiyyətdə heç də yaxşı nəticələnmədi. Daha yaxşı olar ki, bu peşəni bacaran insanlar ilk olaraq öz imanları çərçivəsində addım atsınlar. Bunu qazanc və gəlir mənbəyi kimi istifadə etməsinlər”. 



İlahiyyatçı qeyd edib ki, dinimizdə müəyyən təsiri olan dualarla rastlaşırıq və bu duaları inkar edə bilmərik: “Hətta "Qurani-Kərim"in öz məntiqinə əsasən Allah-təala Süleyman peyğəmbərin vəzirinə belə buyurur ki, insanlar Qurandan bir zərrə qədər elmə yiyələnsələr, onlar hər şeyi etmək iqtidarındadırlar.

Amma buna yiyələnməkdən öncə gərək insanın ruhu və mənəvi aləmi yüksək olsun. Yüksək olduğu təqdirdə onun maddiyat yox, doğrudan da insanlara yardım göstərmək məqsədi olduğunun şahidi olarıq. Təəssüf ki, bu gün Azərbaycanda tək bu yox, digər sahələrdə də qeyri-mütəxəssis olan insanlar işlərini düzgün yerinə yetirmirlər. Avam, cahil insanlar isə bu olanların həqiqətindən və mahiyyətindən xəbərdar olmadığı təqdirdə mallarını, pullarını sərf etməyə hazırdılar ki, təki onlara nəsə köməklik edilsin. 

Sözügedən mollanın yaşı olduqca çoxdur. Ola bilər ki, onun gördüyü işlərdən 10 dənəsinin 2-si təsirli olsun. Yaxşı olardı ki, insanlar bu cür məqamlarda diqqətli olsunlar, aldanmasınlar və onlardan sui-istifadə edilməsin. Peşəkar hər sahədə peşəkardır. Amma bu peşəkarlıq müəyyən edilərək islama, dinə,  insanlara xələl gətirmədən maksimum dərəcədə mənəviyyata xidmət etməlidir. Kimsə bu işə biznes kimi baxırsa, o insan üçün heç nəyin fərqi yoxdur”.