Bakının “Şanxay”ı: Rels üstündən keçənlər hər an faciə yaşaya bilərlər – FOTOLAR

Metronun Nərimanov stansiyasından çıxdıqdan sonra yaxınlıqdakı taksi sürücülərindən birinə yaxınlaşır və "Şanxay" deyilən əraziyə necə gedə biləcəyimi soruşuram. 

Suala sualla cavab verir: "Nə var ki, "Şanxay"da?". Ardınca da uzun- uzadı izah etməyə başlayır.

Dostlarımdan biri də mənimlədir. Taksi sürücüsünün izahına əsasən hərəkət edirik. Konkret ərəzini tapmağımız xeyli vaxt alır. Uzaqdan dəmir yolunun elektrik xətləri görünəndə yoldaşım sevincək deyir: "Deyəsən, tapdıq. Gəl!".



Yenicə sürətimizi artırmağa başlamışdıq ki, rahat, asfalt yolun başdan-başa daş-torpaqla əvəzlənməsinə görə, ehtiyatlı addımlar atmağa məcbur oluruq. Çünki adi bir diqqətsizlikdə və ya tələskənlikdə ayağımız burxula bilər. Necə deyərlər, tələsən təndirə düşür...

Yolun belə dəyişməsi ilə sanki tərkedilməz bir əraziyə gəlib çıxırıq. Ətrafda heç kim  yoxdur. Dəmiryolu xətti ilə üzbəüzük.

Tərəddüdlə düşünürük ki, o tərəfə keçib yolumuza davam edək, ya qayıdaq?! “Qayıtsaq reportajımı necə yazacam? Axı gördüklərim yazı yazmaq üçün mənə kifayət etmədi” - deyə düşünürəm. 

Dostumun fikrini soruşmaq istəyirəm. Amma cəsarət etmirəm. Birdən “Getməyək” və ya “Daha mən yoxam, özün tək get” desə? Bir ucu-bucağı görünməyən dəmiryolu xəttinə, bir yoldaşımın üzünə, bir də geriyə baxıram. Ancaq ən çox dəmiyolunun o tərəfindəki vəziyyət məni maraqlandırır...



Aralıdan gələn qatarın qulaq batırıcı səsi ilə fikirdən ayrılıram. Əminliklə “Getdik” deyir və ayağımı dəmiryoluna qoyuram. 

“Etibarlı” yerlərə addım atmağa çalışaraq qarşı tərəfə keçirik. Elə 1-2 metr getmişdik ki, evlər gözə dəyir. İlahi, insanlar burada necə yaşayır görəsən? Az qala, daxmadır. Kiçik, uçuq-sökük “gecəqondu”ya bənzər evlər...

Hələ içlərindəki şərait necədir, bilmirəm. Evlərin birinin yaxınlığında iki uşaq top oynayır. Birdən top dəmiryoluna düşsə? Düşünmək istəmirəm. Amma daxilimdəki bir səs “maraqlan” deyir. Bəlkə də, onların ən çox ehtiyacı olan şey kimləsə qayğılarını bölüşməkdir. Bu qayğıların bitməsi üçün aidiyyatı orqanlardan kömək istəməkdir. Uşaqlara yaxınlaşır, ikisinə də əl uzadır, təbəssümlə salam verirəm. Tərəddüd etsələr də, əlimi sıxırlar. 

Soruşuram: “Qorxmursunuz ki, top dəmiryoluna düşər?”. Əlində topu tutan uşaq, “Düşsə gedib götürərik” - deyir. Digəri isə üzümə diqqətlə, bir az da narahatlıqla  baxır və yəqin ki, indiyə kimi məni görüb-görmədiyini, tanıyıb-tanımadığını müəyyənləşdirməyə çalışır.

“Həə, onda sizə əhsən” deyə cavab  verərək görkəmlərindən kasıb ailənin uşaqlarına oxşayan həmsöhbətlərimdən uzaqlaşıram. Bir də, varlı adamın burda nə işi var ki?

Dalan küçələrin birinə buruluram. 4-5 uşaq gizlənqaç oynayırlar. Kimisi evin damına qalxır, kimisi dəmiryolu tərəfə qaçır, kimisi də köhnə vaqonların içinə girir. Mən də uşaq yaşlarımda bu oyunu çox sevirdim. Amma biz maşınların arxasında, binaların bloklarında gizlənirdik. Hansımızın bu uşaqların etdiklərini etməyə cəsarəti olardı ki? Yəqin, heç birimizin. Buna o qədər inanmasam da (mövcud şəraitə əsasən belə qənaətə gəlirəm) ümid edirəm, yaxınlıqda uşaq bağçası var. Əks halda  kiçikyaşlıların işləri çox çətindir. 



Heç adi bir mağaza varmı ki, bağça da olsun? Varsa da, çox güman, yerli əhali gündə bir neçə dəfə dəmiryolundan keçməyə məcbur olur. Necə? Axı uşaqlar, yaşlılar var. Ən azından onlar çətinlik çəkirlər. Bəlkə də, artıq öyrəşiblər. Bir də baxıram ki, yaşlı bir qadın relslərin üzəri ilə addımlayır. Allah bilir, hara gedir. Hər halda bu əziyyətə qatlaşmağa, həyəcanı yaşamağa dəyir. Ya da bayaq dediyim  kimi, sadəcə məcburdur. 

Mənzil başına çatmağa tələsən yük qatarı yanımızdan keçəndə sanki zəlzələ olur. Kiçik həyət evlərində yaşayanlar belə qəfil titrəyişlərə çoxdan adət ediblər yəqin ki... 

Fikrimi illərdir burada yaşayan bir ağsaqqalın dedikləri sübut edir: “Nə edək, bala? Başqa yerimiz yoxdur. Düzdür, çətindir. Amma öyrəşmişik. İnsan nələrə öyrəşmir ki?”. 

Ərtafa yayılan bərbad qoxunun haradan gəldiyini müəyyənləşdirməyə çalışıram. Böyük ehtimalla bir az əvvəl keçən yük qatarının “məhsulu”dur. 

Maraqlıdır ki, insanları burada yaşamağa vadar edən nədir? Yaşadıqları həyət evlərini başqa yerdə də tikə bilərdilər axı. Doğrudur, ola bilsin, xərcləri  bir az çox çıxardı. Lakin əvəzində hər dəqiqələri təhlükə, həyəcan, narahatlıqla dolu olmazdı. İnsana ümid verən ətrafda tikilən çoxmərtəbəli, müasir binalardır. Bəlkə, nə vaxtsa Günəş “Şanxay”da da doğar, yerli əhalinin də üzü gülər. Axı buradakı uşaqların da haqqıdır ki, normal, güllü-çiçəkli həyətlərdə top oynasınlar...



Qayıdanda yenə həmin dəmir yolundan keçirik. Fikirliyəm. İnsanların güzəranını, məişətini düşünürəm, gördüklərimi beynimdə təhlil edirəm. Ayağımı relsin üzərinə qoymaq istəyəndə yanımdakı yoldaş “Qatar gəlir!” deyərək əlimdən tutaraq məni geri çəkir. Qatar sürətlə ötüb keçir. Arxasınca baxır və taksi sürücüsünün “Şanxay”da nə var ki?” ritorik sualına cavab tapmağa çalışıram: “Şanxay”da elə də çox şey yoxdur. Ancaq əmin olun ki, bura qayğısız uşaqların qayğıları ilə doludur. Bura həm də hər an faciə yaşana biləcək məhəllədir…

Kənan Novruzov