Qənirə Paşayeva: "Qarabağ Azərbaycanındır, bu həqiqəti heç kim dəyişdirə bilməyəcək"

Millət vəkili Qənirə Paşayeva Özbəkistanda keçirdiyi görüşlərdə, o cümlədən, tarixi Kokand şəhərində Qarabağ həqiqətlərindən danışıb. Sherg.az-ın xəbərinə görə, millət vəkili Özbəkistan ziyalılarına və gənclərinə çağırış edib.

Azərbaycan-Özbəkistan əlaqələrinin qədim tarixi, ölkəmizin iqtisadi və turizm potensialı, təcavüzkar Ermənistanın işğal etdiyi torpaqlarımızda törətdiyi vandalizm aktları, Xocalı soyqırımı, Qarabağ ağrısı, öz evinə dönə bilməyən 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünlə bağlı geniş məlumatlar verən Q.Paşayeva Özbəkistanın Qarabağ münaqişəsinin həllində bundan sonra da Azərbaycanın yanında olacağına inandığını qeyd edib:

"Qarabağ münaqişəsinə, təcavüzkarlıq siyasətinə görə, Özbəkistanın dünyanın 3-4 ölkəsindən biridir ki, Ermənistanla bu günə qədər də diplomatik münasibətlər qurmayıb. Qardaş və dost Özbəkistan daim Qarabağ münaqişəsinin həllində Azərbaycana dəstəyini verib, münaqişənin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində çözümü mövqeyindən çıxış edib. Qarabağ Azərbaycanın tarixi və əzəli ərazisidir, heç kim, heç nə bu həqiqəti, gerçəkliyi dəyişdirə bilməyəcək".

Millət vəkili həmçinin, Qarabağ həqiqətlərini özündə əks etdirən “Qarabağ hekayələri” kitabının yaxın zamanlarda Özbəkistan oxucularına təqdim olunacağını deyib:

“Məqsəd qardaş Özbəkistan gəncliyinin daha geniş məlumatlar əldə etməsinə nail olmaqdır. Mən onu da deyim ki, ermənilər eyni zamanda Özbəkistanda da dəhşətli faciələr törədiblər. Ermənilərin həm Azərbaycanda, həm də Özbəkistanda törətdyi faciələri hər bir insanımız yaxşı bilməlidir. Gənc nəsillərimizə tariximizi yaxşı öyrətməliyik".

Q.Paşayeva yaradıcılığında Azərbaycana geniş yer ayıran Özbəkistanın şairlərinə, yazıçılarına və aydınlarına təşəkkürünü bildirib:

"Qarşılıqlı dəstəyimizin, birliyimizin güclənməsi üçün daha da böyük işlər görüləcəyinə inanıram".