Politoloq: "Paşinyan iflasa uğradığını anlayır"

“Ermənistan baş naziri Nikol Paşinyan iflasa uğradığını anlayır. Onu yalnız Qarabağda yeni savaş dalandan çıxara bilər”. 

Bunu Sherg.az-a açıqlamasında politoloq Azər Rəşidoğlu deyib. 

Analitik bildirib ki, ancaq indiki halda baş nazir Paşinyan Rusiyanın və digər dünya güclərinin onu müdafiə edəcəyindən əmin deyil: 

“Bu baxımdan, rəsmi İrəvana Qarabağ cəbhəsində vəziyyəti gərginləşdirmək lazımdır. Ancaq düşmən tərəf böyük savaş istəmir. İnanmıram ki, Paşinyan Putinin İrəvan səfərindən sonra sabiq prezident Robert Koçaryanı uzun müddət həbsdə saxlaya bilsin. Hansısa formada “Qarabağ klanı” ilə barışıq baş nazirə vacibdir. Düşünürəm ki, “erməni həmrəyliyi”adı altında İrəvanda diasporanın iştirakı ilə böyük forum keçirə və barışığa nail ola bilərlər. Lakin bizim üçün fərqi yoxdur. Nə qədər ki, ermənilər işğal edilmiş ərazilərdən çıxmayıblar, onlardan müsbət addım gözləməyə dəyməz”.