"Azərbaycan Rusiya üçün etibarlı tərəfdaşdır" - AKTUAL

"Azərbaycan Rusiya üçün önəmli müttəfiqlərdən biridir".

Bunu Sherg.az-a Rusiya-Azərbaycan münasibətlərinin hazırkı durumunu şərh edərkən politoloq İlqar Vəlizadə deyib.

Analitikin sözlərinə görə, hazırda Rusiya Asiyada öz mövqelərini və strateji siyasətini gücləndirir:

"Asiya regionu Moskva üçün prioritetdir. Bunun üçün də təbii ki, Rusiyaya regionda etibarlı tərəfdaşlar lazımdır. Azərbaycan strateji baxımdan Rusiya üçün ən etibarlı tərəfdaşlardan biridir. Bunu bir son bir həftə ərzində gördük. Azərbaycan Prezidentinin Soçidəki "Valday" Diskussiya Klubunun iclasındakı çıxışı, tədbirdə ölkə başçımıza olan hörmətin şahidi olduq. Bu ölkəmizin Rusiya üçün önəmini göstərir. Soçi görüşündən əvvəl Vladimir Putin Ermənistana səfər etmişdi. Səfər çərçivəsində Putinlə Paşinyan arasında görüş çox az vaxtı əhatə etdi. O da xahiş-minnətlə Putin bir neçə dəqiqəsini Paşinyana ayırdı. Həmin görüşdə isə hansısa ciddi məsələlər müzakirə edilmədi. Bu faktı erməni mətbuatı açıq etiraf edir.

Bundan fərqli olaraq cənab Prezident İlham Əliyevin Soçiyə dəvət olunması, orada çıxışına ehtiram göstərdi ki, Kreml Bakı ilə strateji müttəfiqlikdə maraqlıdır. Bu gün Azərbaycan-Rusiya münasibətləri dinamik və yüksələn xətlə inkişaf edir. Müttəfiqliyin inkişafı təbii ki, Rusiya qədər Azərbaycana da lazımdır".