Niyaməddin Orduxanlı: "Piketə gələnlərin hamısı qabaqcadan öyrədilmiş şəxslər idi"

“Əli Kərimlinin keçirdiyi 50 nəfərlik piket qabaqcadan hazırlanmış təxribat idi”.  Bunu Sherg.az-a açıqlamasında BAXCP sədrinin müavini  Niyaməddin Orduxanlı deyib.

Partiya funksioneri bildirib ki, piketə gələnlərin məqsədi təxribat törətmək olub: 

“Əli Kərimli çox yaxşı bilir ki, qanunla 50 nəfərdən artıq şəxs piketdə iştirak edə bilməz. O, qəsdən 50 nəfərdən artıq şəxsi Bakı Şəhər İcra Hakimiyyətinin qarşısına göndərmək, məqsədli şəkildə münaqişə yaratmaq niyyəti güdürdü. Məhz bu məqsədlə asayişi qoruyan polislərə süni maneçilik törədərək münaqişə yaratmağa, polisləri təxribata çəkməyə cəhd göstərirdilər. Baş verənləri canlı şəkildə sosial şəbəkələrdən izlədik. Piketə gələnlərin hamısı qabaqcadan öyrədilmiş şəxslər idi. Onların hamısı təlimat əsasında addım atırdılar. Piketə qatılanların sayını çox göstərmək üçün min-bir oyundan çıxırdılar”.

N.Orduxanlının sözlərinə görə, Əli Kərimli istəyinə nail ola bilmədi: 

“Əli Kərimlinin piketə qatılmaması onu deməyə əsas verir ki, onun məqsədi dinc aksiya keçirmək yox, qarşıdurma yaratmaq idi. AXCP sədri istəmir ki, meriya bundan sonra piket keçirilməsinə razılıq versin. Əslində onlar piketin keçirilməsinə razılıq veriləcəyini istəmirdilər”.