ABŞ-ın heç bir xəbərdarlığı Ankaranı mövqeyindən çəkindirməyəcək - ŞƏRH

“Donald Trampın açıqlamaları və siyasəti qeyri-stabil xarakter daşıyır. Onun sözləri mütəmadi olaraq bir-birinə təzad təşkil edir”.  Bunu Sherg.az-a açıqlamasında Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Araz Aslanlı deyib. 

Analitik bildirib ki, Trampın həm xarici siyasətdə, həm də daxilə nəzərdə tutulmuş bəyanatlarında ziddiyyətlər özünü açıq şəkildə göstərir: 

“Tramp hərbi qüvvələrin Suriyadan çıxarılması ilə bağlı qərarı çoxdan qəbul etmişdi. Amma qısa müddət sonra bundan vaz keçdi və qərarın icrasını dayandırdı. Amerika rəhbərinin axırıncı xəbərdarlıqları da qeyri-stabilliyin davamıdır. Trampın ilkin məqsədi daxildən gələn təzyiqləri və tənqidləri neytrallaşdırmaqdır. Çünki onun Suriyadan çəkilmək qərarı ölkənin siyasi elitasında ciddi narazılıq doğurmuşdu. Həmin qüvvələr Amerika rəhbərini Yaxın Şərqdəki müttəfiqləri zərbə altında qoymaqda ittiham edirdilər. Trampın digər məqsədi isə Yaxın Şərqdə baş verənlərlə bağlı bütün məsuliyyəti Türkiyənin üzərinə atmaqdır. Əslində Tramp Ankara ilə münasibətlərdə Türkiyənin üzərinə çox getmir və yaranmış gərginliyə görə Obama hökumətini tənqid edir. Ancaq regionla bağlı məsələdə birbaşa Türkiyəni suçlayır. Bu da Ağ Ev başçısının özünü mümkün qədər sığortalamaq mahiyyəti daşıyır. Onun həm İŞİD-lə, həm də iqtisadi proseslərlə bağlı sərt xəbərdarlığı məhz bu məqsədlərə xidmət edir. Ən əsası isə Ərdoğan siyasətini dəstəkləməsi ilə bağlı Amerikada formalaşmış ictimai rəyi dəyişdirməyə çalışır”. 



Araz Aslanlı: "Türkiyə Suriya və İraqla sərhəddə ciddi terror təhlükəsi ilə üz-üzədir. Bu riski ortadan qaldırmaq lazımdır"


Ekspertin sözlərinə görə, ABŞ-ın heç bir xəbərdarlığı Türkiyəni öz mövqeyindən çəkindirməyəcək: 

“Ankara hökumətinin xarici siyasətində ciddi xarakter dəyişikliyi var. Əvvəllər Türkiyə ya ABŞ-ı, ya da başqa bir gücü diqqətə alırdısa, hazırda belə bir həsaslığı yoxdur. Bunun da səbəbi odur ki, Türkiyə Suriya və İraqla sərhəddə ciddi terror təhlükəsi ilə üz-üzədir. Bu riski ortadan qaldırmaq lazımdır. Düzdür, Ankara mümkün qədər hərbi əməliyyatları həm ABŞ, həm də Rusiya ilə razılaşıdırmağa çalışır, amma yekun qərarı özü təkbaşına verir. Türkiyə təhlükəsizlik məsələləri ilə bağlı addımları daha operativ qəbul edir. Belə məqamda Trampın hədələri heç bir mahiyyət kəsb etmir. Əgər YPG və PKK terrorçuları Suriyada coğrafi mövqe dəyişikliyinə getsələr, yəni proses Türkiyənin arzuladığı istiqamətdə olsa, Ankara hökuməti müdaxilə qərarına yenidən baxa bilər. Əks halda türk ordusu növbəti əməliyyatlara başlayacaq”.