III ixtisas qrupunda gərginlik: Abituriyentlərin sayı çox, ixtisasların sayı isə azdır

“Bəzi ixtisas qruplarında dəyişiklik edilməsi ilə bağlı aylar öncə Nazirlər Kabinetinə təklif göndərmişdim”. Bunu Sherg.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib. 

Ekspert bildirib ki, II ixtisas qrupunda Beynəlxaq Münasibətlər, Regionşünaslıq kimi ixtisasların bu qrupdan çıxarılıb III qrupa daxil edilməsini təklif edib: 

“Əvvəl bu ixtisaslar onsuz da III ixtisas qrupunda idi, sonradan heç bir əsas olmadan dəyişdirildi. İndi dəyişiklik ona görə zəruridir ki, III ixtisas qrupu üzrə abituriyentlərin sayı çox, ixtisasların sayı isə azdır. Həmçinin, Beynəlxalq Münasibətlər və Regionşünaslıq ixtisasları iqtisadiyat yönümlü ixtisaslar deyil, humanitar və ictimai elmlər bölməsinə aiddir. Bu ixtisaslar III qrupda olanda ora abituriyentlər 500 və daha çox balla qəbul olurdusa, indi isə 200 və hətta bundan da az balla qəbul olunacaq bir ixtisasa çevrilib. Bu eyni zamanda qeyd olunan ixtisaslar üzrə savadlı kadrların hazırlanmasına da mənfi təsir göstərir”.



Kamran Əsədov: "Bəzi ixtisas qruplarında dəyişiklik edilməsi ilə bağlı aylar öncə Nazirlər Kabinetinə təklif göndərmişdim" 


Lakin təhsil ekspertinin sözlərinə görə, II ixtisas qrupuna marağın az olması halı yaşanmır: 

“İllər üzrə götürəndə ayrıca bu qrupa olan maraqda ciddi azalma yoxdur. Sadəcə ümumi qruplarda olan dəyişkənlik dinamikası, bu, qrupda da yaşanır. II ixtisas qrupunda həm riyaziyyatın, həm də coğrafiya fənninin mürəkkəb hesab olunması və yüksək bal verməsi abituriyentləri çətinə salır. Hazırda bütün ixtisas qrupları içində ən rahatı, eyni zamanda abituriyentlərə imkan baxımından münasib olan qrup məhz II ixtisas qrupudur. Ona görə ki, burada ixtisasların sayı çoxdur. Həm də iki fənlə lazım olan ümumi balı toplamaq daha asandır”.

Qeyd edək ki, təhsil eksperti Elçin Əfəndi iddia edib ki, II ixtisas qrupuna ümumi tarix fənninin əlavə edilməsi bu qrupa marağı kəskin azaldıb. Ekspert II qrupdakı bir sıra ixtisasların III qrupa verilməsini təklif edib:“Təklif edirəm ki, 2020/2021 tədris ili üçün ali məktəblərə qəbul aparılanadək II ixtisas qrupu üzrə plan yerləri azaldılsın və ya II ixtisas qrupunda yer alan regionşünaslıq, beynəlxalq münasibətlər, eləcə də dövlət və bələdiyyə idarəetməsi ixtisasları, III ixtisas qrupunun tərkibinə verilsin”.