YAP Siyasi Şurasının üzvü: "Piket keçirənlər kifayət qədər qanun pozuntularına yol verdilər"

“AXCP-çilər hansı sosial bazadan, dəstəkdən danışırlar?! Onların ətrafındakı adamların sayı heç 50 nəfərə çatmır”. Bunu Sherg.az-a açıqlamasında YAP Siyasi Şurasının üzvü, “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib. 

Baş redaktor bildiri ki, AXCP və “Milli Şura”nın piket üçün şəhərin mərkəzini seçməkdə məqsədləri başqa idi: 

“Radikal müxalifət paytaxtda ictimai asayişi pozmaq, insanların gediş-gəlişinə mane olmaq, cəmiyyətdə ümumi narahatlıq yaratmaq istəyirdi. Həm də kənardan keçən və müxalifətin şousuna tamaşa edən vətəndaşları öz “tərəfdaşları” kimi qələmə verməyə çalışırdılar. Ancaq onların məkirli niyyəti baş tutmadı. Hələ də utanmadan deyirlər ki, guya onları minlərlə dəstəkləyənlər var”. 

V.Rəhimzadənin sözlərinə görə, piket keçirənlər kifayət qədər qanun pozuntularına yol verdilər: 

“Onlar təhlükəsizliklərini qoruyan hüquq-mühafizə orqanlarını təhriq edir, onlara güc göstərir və qarşıdurmaya təhrik edirdilər. Belə piketlərin şəhərin mərkəzində keçirilməsinin qəti əleyhinəyəm. İnsanların şəhərdə rahat gəzib-dolaşmaq, istirahət etmək hüququ var. Buna mane olmaq qanun pozuntusudur və mütləq qarşısı alınmalıdır”. 

Baş redaktor vurğulayıb ki, AXCP sədri Əli Kərimli növbəti uğursuzluğu əvvəldən bildiyi üçün piketə qatılmamışdı: 

“Məqsədli şəkildə qaçıb gizlənmişdi. Onun indiyə kimi törətdiyi qanunsuz əməlləri və çirkin niyyətləri hamıya bəllidir. Bu dəfə də xarici havadarlarından aldığı sifarişi yerinə yetirmək üçün piket şousu düzəltmişdi. Lakin hər zamanki kimi yenə də uğursuzluğa düçar oldu”.