"Polislə əlbəyaxa olan vaxt çəkilmiş foto və video xaricdə daha inandırıcı olur"

“Əli Kərimli daha nə etməlidir ki, öz sifətini sizə tanıtsın, ay ona inananlar?!”.

Bunu Sherg.az-a açıqlamasında BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov deyib. 

Partiya funksioneri bildirib ki, AXCP sədri piketə adam çağırır, amma özü orada iştirak etmir: 

“Çünki o, yaxşı bilirdi ki, polis icazə verilmiş 50 nəfərdən artıq adamın ora yığılmasına icazə verməyəcəkdi. Əgər onun məqsədi piket keçirməklə mitinqə icazə verilməməsinə etiraz idisə, əlavə insanların "müşahidəçi" kimi ora çağırılması nə anlama gəlirdi? Məntiqlə bu piketi sakit, səviyyəli təşkil etmək lazım idi ki, sonra da desinlər ki, “biz sivil insanlarıq”. Bəs o niyə belə etdi? Cavab sadədir. Mitinqə icazə verilməsi “nisyə” məsələdir, hələlik nağd yerindən bu piketdən istifadə edərək özünə gəlir yeri qazanmaq və emmiqrantlar hazırlamaq lazımdır. Polislə əlbəyaxa olan vaxt çəkilmiş foto və video xaricdə daha inandırıcı olur. Deyirlər özü niyə gəlmədi? Gəlib nə deyəsidir ki? Eyni şeyi nə qədər qışqırmaq olar”.