11 yaşlı Kənan qürur yaşatdı: Erməniyə qalib gəlib birinci oldu - FOTOLAR

Azərbaycan bayrağını yüksəyə qaldıranlarla hər zaman fəxr edirik. Üçrəngli bayrağımız bu günlərdə Rusiyanın Anapa şəhərində dalğalanıb. 11 yaşlı Kənan Cəfərli hamını Azərbaycan bayrağı önündə ayağa qaldırıb.   
Rusiyanın Anapa şəhərində 25-29 sentyabr tarixində kikboksinq üzrə Dünya Brliyant Kuboku Çempionatı keçirilib. Çempionatda “Avtomat” ləqəbli Kənan Cəfərli 37 kq çəki dərəcəsində birinci döyüşdə erməni rəqibi Artur Hovannısyanı 3:0 hesabı ilə qalib gələrək (ümumilikdə 5 - döyüş keçirib) birinci yeri tutub və çempion olub. 

Kənanın qalibiyyəti barədə məşqçisi Seyran Qurbanov danışdı. Dedi ki, Kənan əslən Xızı rayonunun Şurabad kəndindəndir. Qeyd edək ki, S.Qurbanov da əslən Xızı rayonunun Fundoğan kəndindəndir. Kənan əslən Xızıdan olsa da Bakının Yasamal rayonunda dünyaya gəlıib. Həmin rayonda yerləşən 21 saylı tam orta məktəbin şagirdidir. Kənan Cəfərli məktəbdə öz bacarığı, savadı ilə müəllim və şagirdlər arasında da hörmət qazanıb. Valideynləri Kənanın idmana marağını görüb 5 yaşındaykən onu Eduard Məmmədovun rəhbərlik etdiyi “Ağ Canavar” idman klubuna üzv yazdırıblar. Kənan idman klubunda idman ustası Seyran Qurbanovun şagirdi olub, ondan kikboksinqin sirlərini öyrənib. Respublika turnirlərində iştirak edərək dəfələrlə qalib olub.
2018-ci ildə Naxçıvan Muxtar Respublikasında ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş turnirdə 1-ci yeri tutaraq, kubokun sahibi olub. Kənan Cəfərli Aprel döyüşlərində şəhid olmuş “Füzuli şəhidləri”nin xatirəsinə, eləcə də həmin döyüşdə şəhid olmuş, kikboks idman növü üzrə idmançımız Elçin Qurbanovun, polis mayoru şəhid Vüqar Nəsibovun və 20 yanvar şəhidlərinin xatirəsinə, “Xocalıya ədalət” “Xocalı kuboku -1” Açıq turnirində və digər qəhrəmanlarımızın xatirəsinə həsr olunmuş turnirlərdə iştirak edərək qalib olub.

Respublika daxilində qazanılan uğurları Kənanı Anapanın Vityazeva şəhərinə qədər aparıb çıxarıb. 1500 km yolu avtobusla qət edən həmyerlimizin yarışa 1 gün qalmasına rəğmən səhhətində problem yaranıb. İdman ustası Seyran Qurbanov dedi ki, Kənanın səhhətinin pisləşməsinə uzaq səfər səbəb oldu. Hətta onu xəstəxanaya yerləşdirmək istəyiblər, lakin məşqçi şagirdini özü sağaldacağını və yarışa çıxaracağını deyib. Heç kim inanmırmış ki, Kənan sağalıb yarışa qatılacaq. Ancaq məşqçi bunu bacarıb. Əsas inamdır. S.Qurbanov da inanıb ki, Kənan rəqiblərinə qalib gələcək, ona bəslənən ümidləri boşa çıxarmayacaq. Hər şey gözləndiyi kimi də olub. Müəlliminin ona təsəllisi və inamı Kənanın döyüşdə qələbə qazanma ümidini daha da artırıb.
Kənan döyüşə çıxıb və 5 rəqibini məğlub edib. 

Anapanın Viyazeva şəhərinə dünyanın dörd bir tərəfindən – Hindistan, Finlandiya, İraq, Qazaxıstan, Özbəkistan, Litviya, Latviya, Estoniya və s. ölkələrdən güclü idmançılar qatılıb. Maraqlı məqam budur ki, Kənan Cəfərlinin rəqibi - erməni idmançısı Artur Hovhannasiyanın oyunu hamı tərəfindən diqqətlə izlənilib. İdmançımız isə Azərbaycanın qüdrətli bir dövlət olduğunu gücü, səyi, qalibiyyəti ilə bir daha sübut etdi.
Ona uzaq-uzaq ellərdə də güc və qüvvət verən, Vətən, Torpaq, Yurd sevgisi idi. Fərqi yoxdur harda oluruqsa olaq, hər an, hər dəqiqə hər birimizin vətəndaşlıq borcudur bu sevgini qəlbimizdə yaşadıb, daşımaq - zaman, məkan, məsafə bilmədən!

S.Qurbanov dedi ki, Kənan Kikboks üzrə Milli Komandamıza ilk qızıl medalı gətirib və ilk qalibiyyətdən digər idmançılarımız da ruhlanaraq qələbə qazanıblar. 11 yaşlı cəngavər ürəkli çempion Kənan Cəfərliyə biz də bol uğurlar və yarış meydanlarında bundan sonra da qələbələr arzulayırıq.