Piketdə təxribat törətmək istədilər - ALINMADI

“8 oktyabr piketində polislər də sınaqdan ləyaqətlə çıxdı”. Bu sözləri Sherg.az-a açıqlamasında “Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev deyib.

Onun sözlərinə görə, "Milli Şura" adlanan qurumun 8 oktyabrda icazəli keçirdiyi piket müxalifətin özü və hakimiyyət üçün heç bir sınaq xarakteri daşımırdı:

“Hakimiyyətin illərdən bəri çox nəhəng etiraz aksiyalarını uğurla idarə etməkdə böyük təcrübə sahibi olduğunu nəzərə alsaq, belə xırda-xuruş piketlərin ona problem yaratmaq gücündə olmadığına əmin ola bilərik. "Milli Şura" üçün də sınanılası bir şey yox idi. Nəzərə alsaq ki, neçə illərdi heç bir nəticəsi olmayan uğursuz aksiyalar keçirmək cəhdlərini mövcudluq üsuluna çevirib, onun da hansısa sınaq qarşısında qaldığını düşünməyə ehtiyac yoxdur.



Ancaq həmin piket saatlarında polis üçün müəyyən sınaq məqamları var idi. Asayiş keşikçiləri sınaqdan ləyaqətlə çıxdı. Belə ki, piketçilərin əsas planlarından biri polisi təxribata çəkmək, onu zorakılıqlara sövq etmək və ortaya çıxan nəticələr üzərində siyasət qurmaq idi. Alınmadı. Polislər öz qanuni səlahiyyətləri çərçivəsində asayişin qorunması və piketçilərlə sivil zərərsizləşdirici davranışların arasında balansı unikal şəkildə qoruya bildi”.