Kişilər elə bilir ki arvadı onun köləsidir: Qul olmaq istəməyən qadını öldürürlər - PROBLEM

Zaman-zaman qadınlara qarşı zorakılıq halları baş verir. Şiddətə məruz qalan, döyülən, söyülən, heç bir hüquq və haqlara sahib olmadığı deyilən qadınlar əvvəlki illərdə daha çoxluq təşkil edirdi. Amma təəssüf ki, indi də belə neqativ hallar yaşanır.  

Xüsusilə son günlərdə şiddətə uğrayan xanımların sayı çoxalmaqdadır. Bu günlərdə ərin metro yaxınlığında həyat yoldaşına 20 bıçaq zərbəsi vurması gündəmi zəbt elədi. Bundan başqa Beyləqanda gənc qızın döyülərək öldürülməsi, yenə Bakıda daha bir qadının 18 bıçaq zərbəsi ilə əri tərəfindən qətl edilməsi...Ümumilikdə son 12 gündə 11 qadın zorakılığa məruz qalıb.  

Mövcud durumla bağlı dəfələrlə televiziyalarda və müxtəlif KİV-lərdə maarifləndirmə aparılsa da dəyişən heç nə yoxdur. Sanki durum daha da pisliyə doğru gedir. Hər dəfə eyni və cavabı tam olaraq tapılmayan suallar müzakirə olunur. Qadınlara qarşı zorakılığa səbəb nədir ? Günahkar kimlərdir? Bu cür halların qarşısını tam ala bilməsək də, necə azaltmaq olar?

Qadın və Uşaq Akademiyası İctimai Birliyinin sədri, jurnalist Sevinc Fədai Sherg.az-a bildirdi ki, qadınlara qarşı zorakılığın səbəbi adi detallardan başlayır və səbəblər olduqca müxtəlifdir:

“Əvvəlcə bunu yəqinləşdirək ki, qadınlara qarşı zorakılığı təkcə onların həyat yoldaşları etmir. Elə onların ana-ata, qardaşları, ailə qurduqdan sonra ər, qayınana, qayınata, qayınları və digərləri edir. Amma sırf qətllə nəticələnən şiddətlər daha çox qadınların ərləri tərəfindən törədilir. Bu cinayətlərin səbəbləri, kökü araşdırılaraq ictimaiyyətə məlumat verilməsə də, mediaya yansıyan məlumatlardan məlum olur ki, səbəblərin içində hətta qadının ərinə çayı gec süzüb verməsi belə var. Bildiyiniz kimi, buna məişət zəminində zorakılıq deyilir. Yəni əksər ailə və mühitlərdə Azərbaycan kişisinə elə aşılanıb ki, qadın sənin köləndir, onu istənilən cür idarə etmək olar, idarə edilməlidir. O, zəifdir, o, çarəsizdir, o, başına açılan bütün oyun və əzablara dözəcək, dözməlidir. Onun həqarətə, mənəvi, fiziki şiddətə qarşı çıxmaq, etiraz etmək haqqı və gücü yoxdur. Mental kişilər öz qadınında bu gücü, hətta etirazın cücərtisini görəndə daha da aqressivləşir, qəddarlaşır və göründüyü kimi, bıçağa əl atır, ölümü, qətli seçir. Hətta loru dildə desək, gözlərini o qədər qan bürüyüb ki, övladlarının gözü qarşısında qan axıtmaqdan belə çəkinmirlər. Və araşdırsaq bəlkə də, bu cinayətin kökündə o qədər adi bir səbəb tapılar ki... Bu da o deməkdir ki, bu qətli törədən insanların psixoloji durumu yerində deyil”. 



Sevinc Fədai: "Kişilərə qarşı savaş açmaqdansa, onların düşüncələrinin sağlamlaşdırılması üçün çalışmalıyıq"


Birlik sədrinin sözlərinə görə, ən pisi odur ki, faciəvi hadisə baş verməyənə qədər həmin insanları özləri və ailəsi, ətrafı bu durumu ciddiyə almır:

“Xanımların müraciəti nəticəsində elə ailə məsələlərindən xəbərdar oluram, analiz edəndə görürsən ki, burada elə dəhşətli bir məqam yoxdur. Sadəcə, tutaq ki, qarşı tərəfin psixoloji problemləri var və ya əsəbləri qaydasında deyil. Bu da ailədə tez-tez münaqişələrə səbəb olur. Amma bununla bağlı nevropotoloqa və ya psixoloqa getmək, müalicə almaq dəhşətli problemə, utanc mənbəyinə çevrilir. Nəticədə isə, daha böyük problemlər yaranır və faciələr baş verir. Halbuki, böyüdüyüm ailədən, yetişdiyimiz mühitdən qazandığımız travmalar, hazırda yaşadığımız cəmiyyətdən qazanılan aqressiyalar, psixoloji pozğunluqlar ola bilər və bu vəziyyəti aradan qaldırmaqda ayıb bir şey yoxdur. Bu kompleksdən qurtulmaq lazımdır. Bunun hamısı ailədə, cəmiyyətdə kişilik adı, statusu altında onlara sırınan xüsusiyyət, cəhətlər, boyunlarına yüklənən məsuliyyətlərdən irəli gəlir. Bu mənada biz də kişilərə qarşı savaş açmaqdansa, onların düşüncələrinin sağlamlaşdırılması üçün çalışmalıyıq. Cəmiyyət bu kimi xəstəliklərindən qurtulmalıdır. Mentalitet adı altında təhlükəli ənənələrin cəmiyyətimizdə kök salmasının qarşısını almalıyıq”.

S.Fədainin qənaətincə, qadın ölümlərinə gətirib çıxaran ailə məsələlərində günah elə mental düşüncəli valideynlər və onların bu beyində yetişdirdikləri şəxslərdir:

“Bu düşüncə də zəncirvaridir. Qadın şiddət görür, fiziki, psixoloji olaraq bu zülmə dözməyib “yox” deyəndə, evi tərk etmək istəyəndə ana-atasından tutmuş bütün yaxınlarını qarşısında, ittihamedici obrazda görür. Və hər qadının bu “ordu”nunq arşısında dayanmaq gücü, iradəsi olmur. İstər-istəməz onların təzyiqi qarşısında məğlub olur və çarəsizliyinə yenilir. Bu şiddət ölümlə nəticələnməmiş ailə, ətraf onu ciddiyə almır. Onda isə gec olur. Hətta qadın ölümlərindən sonra belə ona qarşı şiddət dayanmır: “Allah bilir, nə qələti vardı...” Bu mənada qadınların ən çox valideynlərinin dəstəyinə, anlayışına ehtiyacı var. Ən əsası, el-aləmin tənəsini önəmsəməyib, özünə dəyər verən, sayğı duyan qızlar yetişdirməliyik. Qızlarımızın fikirlərinin, dünyagörüşlərinin formalaşmasına, sağlam mühitlərdə yer almasına imkan yaratmalıyıq. Bu zaman o, özü canını, hüququnu müdafiə etmək iqtidarında olacaq. 

Cəmiyyətdə ictimai məsuliyyətin formalaşması mütləqdir. Başqa evlərdə, ailələrdə, cəmiyyətimizdə yaşanan şiddətlər bizi fərd, vətəndaş olaraq narahat etməlidir, bu yolda edə biləcəyimizi etməliyik. Təkcə öz ailəmizi düşünmək, öz övladını sağlam, xoşbəxt böyütmək yox, ətrafı, onun dostlarını, mühitini də sağlamlaşdırmaq istəyi vacibdir. Əks halda övladımız üçün çabalarımız da boşuna olar.
İstər dövlət siyasətinin tərkib hissəsi, istərsə də fərdi şəkildə qadın haqlarının qorunması istiqamətində mübarizə aparılır. Amma hələ də bu problemin mövcud olması onu göstərir ki, onun qarşısını alan təməl prinsiplər ciddi araşdırılaraq aradan qaldırılmayıb. Sırf bu prinsiplər hədəf alınmalıdır. 
Bir təşkilat olaraq bu sahədə daha böyük işlər görmək niyyətindəyik. Bu mənada qanunvericiliyin təkmilləşdirilməsi, eyni zamanda, sənəd üzərində qalmayaraq tətbiqinə ciddi yanaşılması, bizim fəaliyyətimizə yol açmış olur. 
Hədəfimiz, ilk növbədə, qadınlarımızı "Azərbaycan qadını” qəlibindən çıxarıb onlara özünü tanıtmaq, özünəinam yaratmaq, güclərini, dəyərlərini ortaya çıxarmaqdır. İlk iş  onların özlərinə  bunu sübut etməkdir.  Qadının özünə dəyər verməsini təmin etməkdir. "Azərbaycan qadını” hər bir rəzilliyin, şiddətin, təhqirin qarşısında susmağa, özünü, arzularını, illərini fəda etməyə borclu və məcbur deyil.  Ancaq bu yolda aidiyyəti qurumlar qüvvələrini birləşdirməli, ciddi qərarlar almalıdırlar. Çünki vəziyyət. Doğrudan da, çox ciddidir”.  



Jurnalist qeyd etdi ki, hüquqlarını bilən qadınlar çox deyil, bilənlərin əksəriyyəti isə hüququnu müdafiə edəcək gücdə və düşüncədə deyil:

“O elə düşünür ki, hüququnu müdafiə etsə ailəsi, ətrafı, cəmiyyəti tərəfindən hədəfə, tənqid obyektinə çevriləcək. Əslində, bu, elə belədir, onun qorxusu əsassız deyil, amma biz bu durumu dəyişmək üçün ictimai qınaqdan çəkinməyərək haqqımızı müdafiə etməli, bizi saldıqları qəlibdən çıxmalıyıq. İnanıram ki, bu zaman bizim dünyaya gətirdiyimiz övladlar da hüququnu bilən qadınlar və qadın hüququnu pozmayan kişilər - sağlam düşüncəli şəxsiyyətlər olacaq və sayımız artacaq. Hər kəs öz hüququnu bilib müdafiə etsə, qadın hüquqları uğrunda mübarizə aparmış olacaq. Beləliklə, biz kişilərə qarşı savaş açmaqdansa, əvvəlcə o qadını, o ananı yetişdirməliyik. Hələ ki, əsas məqsədim budur. Çünki doğrudan da, əksər problemin həlli qadının fikir sahibi olmasından və onun ictimai aktivliyindən keçir”.