Əli Kərimlinin partiyadaxili diktatorluğu: AXCP-dən qopmalar çoxalacaq

“8 oktyabr piketindən sonra AXCP və Əli Kərimli mifinin dağılacağı aşkar oldu”. Bunu Sherg.az-a açıqlamasında BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov deyib.

Partiya rəsmisinin sözlərinə görə, Əli Kərimli partiya daxili mövqeyini diktatorluq üzərində qurduğu üçün daxili narazılığa səbəb olur: 

“Fəaliyyətini gündəlik hadisələrə “fəlakət” donu geyindirib, xalqın bəzi narazı kəsimini çaşdırmaqla məşğul olan Əli Kərimlinin məqsədi insanları öz çirkin niyyətlərinə alət etməkdir. Son piketə insanları çağırmasına baxmayaraq, özünün gəlməməsi bunu sübut edir. Əgər piketə gəlməməsinə sonradan hansısa məntiqli don geyindirirdisə, bunu əvvəlcədən niyə hamıya demirdi? Bu, artıq onun ikiüzlü olmasını, həmin insanlardan istifadə etməsini sübuta yetirir”. 

A.Qasımov vurğulayıb ki, insanları hansısa tədbirə çağıran şəxs onların davranışlarına nəzarət etməlidir: 

“Əli Kərimli məsuliyyətdən qaçıb, mənasız arqumentlərlə özünə haqq qazandırmaqla məşğul olur. Belə davranış partiyadan qopmaları və sədrdən hesab soruşanların sayını getdikcə artıracaq. Əli Kərimli siyasi fiqur kimi artıq çoxdan öz dəyərini itirib. Bu baxımdan onun siyasi arenada ciddi fiqur kimi ömrünə az qalıb”.