"Güc məndədir" - Çempionun enerji içkisini reklam etməsi qınandı    

Enerji içkilərinin sağlamlıq üçün zərərindən çox danışılıb. Hətta bu içkilərlə bağlı dəfələrlə araşdırma aparılaraq onun tərkibindəki təhlükəli maddələrin də adı açıqlanıb. Hər zaman mütəxəssislər və həkimlər enerji içkilərinin böyük təhlükələrə yol açacağını bildirir.

Amma təəssüf ki, bu içkiləri əldə etmək bir yana  hətta onların reklamı və təbliğatı ilə məşğuluq. Belə ki, Azərbaycanın və dünyanın tanınmış karateçisi Rafael Ağayev "Bizon" brendi ilə əməkdaşlıq müqaviləsi imzalayıb. Metrostansiyalarda idmançının “Bizon”nun reklamına dair plakatı əks olunub. İçki “Güc məndədir” devizi altında reklam olunur. Böyük uğurlara imza atan idmançının sağlamlıq üçün təhlükə yaradan məhsulun reklamında iştirakı təəssüfləndiricidir.

Mövzu ətrafında fikirlərini Sherg.az-la bölüşən  həkim Şahvələd Məmmədov bildirdi ki, nəinki bir idmançının ümumiyyətlə enerji içkilərinin kim tərəfindən olursa-olsun təbliği yaxşı hal deyil:

“Bir zamanlar dünya çempionumuz Zabit Səmədov da “Efridol” preparatını reklam edirdi. Hər halda bu reklamı az da olsa başa düşmək olar. Çünki “Efridol” ağrıkəsici effektə malikdir. Amma enerji içkilərinin reklamına heç bir halda yol vermək olmaz. İstənilən halda belə reklamların olması qəbul edilməzdir. Tanınmış idmançıların bu cür reklamlarla razılaşmasını başa düşmürəm”.