Sellofan torbalara qadağa qoyulması mütləqdir - ZƏHƏR SAÇIR

"Kağız və parça torbaların istehsalı baha başa gəldiyindən ticarət obyektləri hələ də sellofan qablaşdırmaya üstünlük verirlər"



Bala tısbağanın ölümü plastik qablar, sellofan torbalar probleminin bəşəriyyətə bəla olduğunu göstərir. 
«Sherg.az» «sciencesetavenir.fr»ə istinadən xəbər verir ki, Amerikada körpə tısbağa ölü vəziyyətdə tapılıb. Tısbağa yarıldıqda 104 ədəd plastik parça udduğu məlum olub. Bir müddət əvvəl sahildə ölü vəziyyətdə aşkarlanan balina balası da yarıldıqdan sonra  mədəsindən 40 kilo plastik kütlə çıxmışdı. Artıq bütün dünya plastiklərlə bağlı həyəcan təbili çalır.

Zooloqlar bidirirlər ki, vəziyyət bu cür davam edərsə, suda yaşayan tısbağaların sayı kəskin azalacaq. 
Qeyd edilir ki, dünyada hər il 220 ton plastik istehsal olunur. Bu barədə YUNESKO-nun saytında məlumat verilib. Bu plastiklər hər il bir milyon dəniz quşu və 100 min dəniz məməlisinin ölümünə səbəb olur. 

Bəs nə qədər insanın? Biz həyatımızı yavaş-yavaş itiririk. Bir kimsə üçün də  indiyədək “plastik qablardan istifadə etdi”, ya da sellofan torbalarda ərzaq, çörək saxlayırdı, ona görə xəstəlik tapdı, öldü” diaqnozu qoyulmayıb. Lakin ağıllı adamlar “plastik qablaşdırmadan uzaq durun” tövsiyəsi edir, “sellofan torbalarla bazarlıq etməyin” deyirlər.  

Maraqlı budur ki, son zamanlar bizdə də “ekoloji təhlükəsizlik”lə bağlı layihələr həyata keçirilir. Hətta bəzi super-marketlərdə qısa müddətə olsa, sellofan paketlər əvəzinə kağız paketlərlə qablaşdırma aparıldı. Amma proses qısa sürdü. Yenə də sellofan paketlər əsas alış-veriş predmetidir. Bəzi super-marketlərdə isə “ekoloji təmiz” kağız məmulatından hazırlanmış bazar çantaları satışdadır. Bəli, məhz satışda! Onları alıcılara pulsuz vermirlər. Sağlam olmaq istəyirsəniz, kağız paketlər alın, deyirlər. Halbuki, bu paketlər alıcılara pulsuz verilməlidir. Qablaşdırmalar da bu kağız paketlərlə aparılmalıdır. 



Türkiyədə ötən ildən alış-veriş zamanı sellofan paketlərdən istifadə qadağan edilib. Müştərilər yalnız tor və ağ torbadan istifadəyə yönləndirilir.
Təbiətdə çürüməsi yüz illər sürən, həm millətin gələcəyini, insan sağlamlığını, həm də təbiəti təhdid edən sellofan (neylon) paketlərdən istifadəyə görə satış nöqtələrinə cərimə də tətbiq edilir. Bəs bizdə vəziyyət necədir? 

Alimlər tərəfindən artıq təsdiq olunub ki, sellofan paketlər alıcılar tərəfindən orta hesabla 12 dəqiqə istifadə olunur. Məhsul paketdən çıxarıldıqdan 12 dəqiqə sonra təbiətə atılan bu paketlərin torpağa qarışması üçün 100 illər gərəkdir. Sovet dönəmini tənqid etməyə həvəsli olsaq da, o dövrün müsbət cəhətlərini də görməzdən gəlməməliyik. Sovet vaxtı bazarlarda yalnız kağız torbalardan istifadə olunurdu. Mağazalarda ərzaq məhsulu alanda da, onu kağıza büküb alıcıya verirdilər. Qəndin, şəkərin kağız qablaşmada olması hələ də yaddaşlardadır. İndi karton qutuda tək-tük ərzaq məhsulu tapmaq olar. 

Dünya ölkələri artıq sellofan paketlərdən imtina edir. İngiltərədə sellofan-plastik-polietilen torbaların istifadəsinə icazə verilmir. Tayvan, Keniya, Uqanda, Fransa, Amerika, Latviya və bu kimi bir çox ölkələrin hökumətləri də sellofan paket istifadə edilməsini yasaqlayıb.
Qlobal istiləşmənin bir səbəbi də polietilen torbalarla çirkləndirilmiş təbiət hesab edilir. 



Bizdə isə sellofan paketlərlə bağlı vəziyyət ürək ağrıdır. Bu paketlərin təbiətə, ekologiyaya və insan sağlamlığına vurduğu ziyanla yanaşı şəhərin görünüşünü də pozur. Azca külək əsdimi, sellofan paketlər havada uçuşmağa başlayır. Ağacların budağına ilişib qalır, səkilərin kənarını doldurur. Zibil qutuları da sellofan paketlərlə dolub-daşır. 
Artıq sübut olunub ki, sellofan paketlərdə saxlanılan ərzaq məhsulları qida dəyərini itirir, paketlərin istehsalında istifadə olunmuş kimyəvi maddələr ərzaq məhsullarına, həmçinin geyim əşyalarına da nüfuz edərək insan orqanizmi üçün böyük təhlükə yaradır.  

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyir ki, kağız və parça torbaların istehsalı baha başa gəldiyindən ticarət obyektləri hələ də sellofan qablaşdırmaya üstünlük verirlər: 

"Plastik qablar da, polietilen torbalar da orqanizmə ziyandır. Plastik qabdakı sular içildikdən sonra qabdan necə qoxu gəldiyini hiss etmirsiniz? Bu qablar sintetik,  kimyəvi maddə qatqılı materiallardan istehsal edilir. Onlarda su saxlamaq, ərzaq üçün istifadə etmək hədsiz ziyanlıdır. İnsan orqanizmində yaratdıqları fəsadlarla yanaşı, daha böyük ziyan ekologiyaya vurulan zərərdir. Hər gün milyonlarla paket ekologiyanı çirkləndirir. Polietilen torbaların təkrar istifadəsi qadağan olunsa da, bəzi şirkətlər istifadə olunan paketləri toplayaraq onlardan təkrar istifadə edir. Bu torbalara qadağa qoyulması mütləqdir, gələcəyin qorunması üçün. İndi bir sıra Avropa ölkələrilə yanaşı, keçmiş sovet ölkələrindən bəzilərində də sellofan torbalara qadağalar tətbiq edilib.



Bu paketlərin tərkibi çox qarışıqdır, yüzlərlə kimyəvi birləşmənin nəticəsində əldə edilir. Sellofan torbalar insan orqanizmində müxtəlif xəstəliklərin yaranmasına şərait yaradır.  Əgər onlardan imtina edə bilmirsinizsə, o zaman onlardan yararlanarkən öncə etiketinə baxın - yeyinti, yoxsa sənaye məhsulları üçün nəzərdə tutulması barədə qeydə fikir verin. Ola bilər ki, istifadə etdiyiniz polietilen torbadan hər hansı qoxu gəlir, rəngi əlinizə çıxır, o zaman torbadan birdəfəlik imtina edilməlidir. Kağız və parça torbalara geri dönməliyik. 

E.Hüseynov bildirib ki, Azərbaycanda bu torbalardan imtina hələ real görünmür:

“Bu torbalardan imtina etmək üçün gərək onların alternativi olsun. Təəssüf ki, Azərbaycanda alternativ paket istehsalı ilə məşğul olan müəssisələr yoxdur".

Vəziyyət bu qədər çətin və əslində sadədir. Adi məntiq sellofan paketlərin zərərli olduğunu təsdiqləyirsə, demək ondan özümüz, kimsənin müdaxiləsini gözləmədən imtina edə bilərik. Sadə bir üsulla. Alış-verişə gedəndə özünüzlə parça torbalar aparın, ya da yenisini tikin.