Paşinyanın sərsəmləmələrinə ikinci dəfə nida qoyuldu – Şərh

“Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Ermənistan rəhbərliyi tərəfindən səsləndirilən bəzi fikirlər tarixi reallıqları, münaqişənin əsl mahiyyətini əks etdirmir. Ermənistan baş nazirinin son vaxtlar sərsəm çıxışları, eyni zamanda, qondarma “Dağlıq Qarabağ respublikası”nın tanınması ilə əlaqədar tədbirlərin şişirdilərək ictimaiyyətə yanlış formada çatdırılması bu məqsədə xidmət etməklə yanaşı, beynəlxalq hüququn norma və prinsipləri ilə tamamilə ziddiyyət təşkil edir və ciddi narahatlıq doğurur”.

Sherg.az- bildirir ki, bu sözləri siyasi elmlər doktoru, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədr müavini Elçin Əhmədov deyib. 

Professorun fikrincə Ermənistan rəhbərliyinin əsas məqsədi hərbi təcavüzün məsuliyyətindən qaçmaq üçün Dağlıq Qarabağ ermənilərinin münaqişədə iştirak edən tərəf kimi tanınmasını bütün vasitələrlə Azərbaycana qəbul etdirməyə çalışmaqdır: 



Elçin Əhmədov: “Ermənistanın işğalçılıq siyasəti və faşist ideologiyası yürütdüyünü Prezidentimiz bir daha dünyaya bəyan etdi”


“Ermənistanın Dağlıq Qarabağa dair ərazi iddiaları tam əsassızdır. Bunu Azərbaycan Prezidenti İlham Əliyev “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik toplantısında, eləcə də MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxışı zamanı tutarlı faktlarla sübut etdi. Prezident “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında Dağlıq Qarabağın və Azərbaycanın digər 7 rayonunun 25 ildən çoxdur erməni işğalı altında olduğunu diqqətə çatdıraraq Ermənistanın əsassız ərazi iddialarını tarixi faktlara əsaslanaraq ifşa etdi. Bununla yanaşı, dövlət başçısı dünyaya bəyan etdi ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, BMT-nin bütün dünya tərəfindən qəbul edilmiş Nizamnaməsi, Təhlükəsizlik Şurasının qətnamələri və Helsinki Yekun Aktı çərçivəsində həll olunmalıdır. Eyni zamanda, Prezident İlham Əliyev diqqətə çatdırdı ki, əgər 25 ildən çox müddətdə Təhlükəsizlik Şurasının qəbul etdiyi qərarlar yerinə yetirilmirsə, onda bu, həmin təşkilatın səmərəliliyi ilə bağlı bir çox suallar doğurur. Məlumdur ki, Valday klubu müasir dövrün aktual məsələlərinin müzakirə olunduğu platforma kimi yüksək dəyərləndirilir və bu gün müasir dünya nizamının aktual məsələlərinin müzakirəsi üçün çox mühüm beynəlxalq məkandır. Bu baxımdan, Prezident İlham Əliyev Ermənistanın təcavüzkar siyasətini tarixi və hüquqi əsaslarla ifşa edərək diqqətə çatdırdı ki, dünya tərəfindən həm Aran, həm də Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsi kimi tanınıb və Ermənistan özü də bu qanunsuz qurumu tanımır”. 

E.Əhmədov qeyd edib ki, oktyabrın 11-də Aşqabadda MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxış edən Prezident İlham Əliyev işğalçı Ermənistanın faşist ideologiyasını dövlət siyasətinə çevirdiyini diqqətə çatdıraraq bir daha dünyaya bəyan etdi: 

“Bütün bunlar onu söyləməyə əsas verir ki, İlham Əliyev “Valday” beynəlxalq toplantısında, eləcə də MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxışı zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Ermənistan rəhbərliyi tərəfindən səsləndirilən və tarixi reallıqları, münaqişənin əsl mahiyyətini əks etdirməyən bəzi fikirlərə və əsassız iddialara tam aydın və konkret şəkildə cavab verdi. Bununla da dövlət başçısı Ermənistanın işğalçılıq siyasəti və faşist ideologiyası yürütdüyünü bir daha dünyaya bəyan edərək Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi kimi tanındığını diqqətə çatdırdı və ölkəmizin milli maraqlarının hər şeydən üstün tutulduğunu bildirdi. Ümumilikdə, Azərbaycan Prezidenti Ermənistan baş nazirinin son vaxtlar sərsəm çıxışlarına əsl “nida” işarəsi qoydu və dünya birliyinin diqqətinə çatdırdı ki, Ermənistana özünü cəzasızlıq şəraitində hiss etməsinə imkan verməməli, Ermənistan rəsmilərinin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü kobud surətdə pozan hüquqazidd addımlarını pisləməli, onun qarşısını almalıdır”.