Zəhərləyib öldürdük: Balıq üzünə həsrət qalmağımız təbiidir

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yeməli balıqların sayının az olması ilə bağlı həyəcan təbili çalıb. Nazirliyin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktoru Hikmət Əlizadə deyib ki, Azərbaycan xalqı balıqsevən xalq olsa da, süfrələrdə yemək üçün balıq tapılmır.

Departament direktorunun sözlərinə görə, Azərbaycanda il ərzində adambaşına düşən balıq məhsullarından istifadə çəkisi 3-4 kq təşkil edir:

"Halbuki bu göstərici dünyanın bir sıra ölkələrində 20 kq, Asiya ölkələrində isə hətta 40 kq təşkil edir. Biz bu sahədə müəyyən işlər görməli, balıq məhsullarından istifadənin miqdarının artırılmasına çalışmalıyıq".



Eyyub Hüseynov: “Su hövzələrinə balaca balıqlar buraxılarsa, 2 il ərzində çoxlu sayda və təbii yolla balıqlar artar”


Məsələ ilə bağlı Sherg.az-a danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib ki, Azərbaycan balıqların artırılması üçün kifayət qədər su hövzələri var:

“Əslində Azərbaycan xalqı balıq üzünə həsrət qalmalıdır. Uzun illər öncə Sabirabad rayonundan müəllim işləyirdim. O zaman gördüm ki, mexanizator böyük su hövzəsinə zəhər töküb. Məqsəd çoxlu sayda balıq tutmaq idi. Bu məsələyə görə böyük mübahisə elədim və az qaldılar ki, məni tutsunlar. Amma bu iş yenə də davam edir.  Ümumiyyətlə, Sabirabad və Muğan zonasında çoxlu sayda axma su hövzələri var. Ölkəmiz balıq ilə çox zəngin idi. Amma bu cür  işlərə əl ataraq mexanizatorlar vasitəsilə su hövzələrini zəhərlədilər. Nəticədə balıq tapılmaz vəziyyətdədir. Bu problemin ölkəmizdə olmaması üçün müəyyən işlər görməliyik”. 

E.Hüseynov bildirdi ki, Azərbaycanda balıq artırmaq üçün çoxlu sayda su hövzələri var:

“Əhalinin mədəniyyətini artırmaq lazımdır. Həmin su hövzələrinə balaca balıqlar buraxılarsa, 2 il ərzində çoxlu sayda və təbii yolla balıqlar artar. Sabirabad, Saatlı, İmişli zonalarında bu prosesi daha yaxşı həyata keçirmək mümkündür. Balıq hövzələrində təbii balıq artırmaq üçün ilk növbədə əhalinin balığı zəhərləmə mədəniyyətsizliyinə son qoyulmalıdır. Bələdiyyələr, sahə müvəkkilləri, din xadimləri ictimaiyyət iş aparmalıdırlar. Hazır su hövzələrimiz çoxdur. Həmçinin süni balıq artımını da həyata keçirmək mümkündür. Lakin Nefçaladan bizə çoxlu sayda şikayət gəlib. Şikayətdə bildirilir ki, orada süni balıq yetişdirilən yerlədə bu prosesin qarşısını alırlar. Birdəfəlik olaraq bəzi yerlərə süni balıq artırmaq üçün hüquqi status verilməlidir”.