Vətəndaşlar bələdiyyələri işləməyə məcbur etməlidirlər

Bu ilin dekabrında Azərbaycanda növbəti bələdiyyə seçkiləri keçiriləcək. Seçkilər yaxınlaşdıqca siyasi təşkilatlarda aktivləşmə hiss edilir.

Artıq bir neçə partiya bələdiyyə marafonuna qatılacağını açıqlayıb. Bununla velə bir çox siyasilər düşünürlər ki, bələdiyyənin səlahiyyətləri artırılmalıdır ki, yerli özünüidarəetmə orqanlarının nüfuzu qalxsın.



"Bələdiyyələrin Fəaliyyətinin Təbliği" İctimai Birliyinin sədri Vüqar Tofiqli is düşünür ki, əsas məsuliyyət bələdiyyə sədrlərinin öhdəsinə düşür:

“İlk növbədə bələdiyyə işçiləri, xüsusilə də bələdiyyə sədrləri işlərinə diqqətlə, məsuliyyətlə yanaşmalıdırlar. Bundan başqa, onlar fəaliyyətləri ilə özlərini ictimaiyyətə tanıtmalıdırlar. Hazırda ölkədə irili-xırdalı 1607 bələdiyyə var. Ancaq insanlar onların bir çoxunun fəaliyyətindən xəbərsizdirlər. Çünki bələdiyyələr kifayət qədər fəal deyillər, öz imkanlarından lazımi səviyyədə istifadə etmirlər. Həm də ki, gərək vətəndaşlar bələdiyyələrin fəaliyyətləri ilə maraqlansın. Bir növ onları işləməyə məcbur etsin. Bundan sonra bələdiyyələrin nüfuzu qalxacaq, ciddi qurum kimi qəbul olunacaq. Təbii ki, müəyyən qədər səlahiyyətləri də artırılmalıdır. Lakin faktiki əllərində olan imkanlardan da faydalı istiqamətdə yararlana bilməyən bələdiyyələr mövcuddur". 

Kənan Novruzov