Fanat sevinci: İranlı qadınları qırx ildən sonra stadiona buraxıblar - FOTOLAR

Qırx il ərzində İranın qadın futbol azarkeşləri oyunlar zamanı stadionu ziyarət etmək imkanından məhrum edilib. Bu yaxınlarda həmin vəziyyət kökündən dəyişib - İran hakimiyyəti geri çəkilib və İranla Kamboca arasında Dünya Kuboku - 2022-nin seçmə mərhələsi çərçivəsində keçirilən ev qarşılaşmasında 3500 qadın azarkeşin stadionda komandalarını dəstəkləməsinə icazə verib.

Qadın sektoruna biletlər dərhal satılıb. Təəssüf ki, İran hakimiyyət orqanlarının bu məsələdə yumşalmasına qədər faciəli hadisə baş vermişdi. İyirmi doqquz yaşlı Saxara Xodayari kişi geyimində futbol matçında iştiraka cəhd edərkən həbs olunmuşdu. O, həbsinə etiraz əlaməti olaraq, özünü yandırmışdı. Onu il yarımdan iki ilədək həbs cəzası gözləyirdi.

Bu hadisədən sonra Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FIFA) qadınların matçda azarkeş qismində iştirakına qarşı qadağanın tam aradan götürülməsi ilə bağlı İrana təzyiqlərini artırmışdı.

Qadın azarkeşlərin matçda iştirakı və İran yığmasına gözəl bir şəkildə dəstək verməsi, oyuna təsirsiz ötüşməyib. İran yığması bu matçda tarixi qəbəyə imza atıb - Kamboca yığmasını 14:0 hesabı ilə darmadağın edib. Matç boyu öz bayraqları və digər fanat atributlarını dalğalandıran qadın azarkeşlər, "FIFA, çox sağ ol!" yazılan plakatları da nümayiş etdiriblər!