Azərbaycanın Türk Şurasına sədrliyi həlledici əhəmiyyət kəsb edəcək

“Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşünün Bakıda keçirilməsi sıradan bir hadisə deyil, olduqca əlamətdar hadisədir”. 

Bunu Sherg.az-a açıqlamasında Demokratik Azərbaycan Dünyası Partiyasının sədri Əlisahib Hüseynov deyib.

Partiya sədri bildirib ki, Zirvə toplantısı Türk Şurasının yaradılmasının 10 illiyinin tamam olduğu məqama təsadüf etdi: 

“Türk Şurasına sədrliyi başa çatan və dönəm sədrliyini Azərbaycana ötürən Qırğızıstan prezidenti Sooronbay Jeenbekovun da qeyd etdiyi kimi bu gün Azərbaycan dünya siyasətində vacib yer tutur. Azərbaycanın Türk Şurasına sədrliyi dönəmi türk dünyası üçün həlledici əhəmiyyət kəsb edəcək. Məhz bu dönəmdə Türk Şurasına üzv ölkələrin iqtisadiyyat, nəqliyyat və digər sahələrdə ciddi irəliləyişə nail olunması planlaşdırılır. Başqa sözlə desək, Türk Birliyinin real güc halına gəlməsi üçün iqtisadi zəmin yaradılacaq. Bu prosesi də Azərbaycan yönləndirəcək və rəhbərlik edəcək. Bu, taleyin və zamanın Azərbaycanın üzərinə qoyduğu böyük missiyadır. Bu, missiya həm də, Prezident İlham Əliyevin missiyasıdır. Əminəm ki, o bu missiyanın öhdəsindən layiqincə gələcək”.



Partiya sədri: "Artıq türk dövlətləri kritik məqamlarda bir-birinə arxa-dayaq durmağı bacarır"


Ə.Hüseynovun sözlərinə görə, Zirvənin yenidən Azərbaycanda keçirilməsinin daha bir siyasi əhəmiyyəti də ondan ibarətdir ki, terrorizmin kökünü kəsmək üçün başladılan "Sülh çeşməsi" əməliyyatı türk liderlərinin mənəvi dəstəyini qazandı: 

“Qardaş Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu dəstəyi real şəkildə hiss etdi. Bu çox önəmli bir məqam idi. Artıq türk dövlətləri kritik məqamlarda bir-birinə arxa-dayaq durmağı bacarır. "Türk türkə dəstəkdir" anlayışı indi tam mənası ilə özünü doğruldur”.