XİN həmsədrlərlə bağlı açıqlama verdi

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) ATƏT-in Minsk Qrupu həmsədrlərinin Qarabağdan Bakıya gəlişinə münasibət bildirib.

XİN-dən APA -ya verilən məlumata görə, Nazirliyin mətbuat katibi Leyla Abdullayeva bildirib ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün vasitəçilik fəaliyyətlərini mövcud mandat əsasında həyata keçirirlər və həmin mandata dair Azərbaycan tərəfinin də razılığı var.

“ATƏT-in Minsk Qrupu həmsədrlərinin hazırkı səfəri bu mandatın icrası çərçivəsində onların regionumuza növbəti gəlişidir. Qeyd etmək istərdik ki, həmsədrlər səfərlərini həyata keçirərkən, ənənəvi olaraq Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin həm erməni, həm də azərbaycanlı icmaları ilə əlaqə saxlayır. Bu cür səfərlər bundan əvvəl də dəfələrlə həyata keçirilib və tərəfimizdən münaqişənin beynəlxalq hüququn norma və prinsipləri əsasında, Azərbaycan Respublikasının ərazi bütövlüyünə riayət edilməsi çərçivəsində həll edilməsi istiqamətində görülən işlər kimi qiymətləndirilir”.