Mehmet Ali Dim: "Türk mediası olaraq səylərimizi birləşdirməliyik"

Azərbaycana Türkiyə və dünyanın bir çox ölkəsindən olan 60-dan çox media nümayəndəsi ilə birlikdə gəlmişik. Bir millət, iki dövlət olduğumuzdan bizim mediamız da bərabərdir. Türk mediası olaraq bir yerdəyik. Təşkilatçılara minnətdaram ki, çox gözəl səfər proqramı hazırlayıblar. Bizi Azərbaycanda gözəl qarşıladılar. Azərbaycanın qayğıları, kədəri, narahatlıqları, sevinci bizə də eyni dərəcədə təsir edir.

Bu fikirləri Qlobal Jurnalistlər Birliyinin sədri Mehmet Ali Dim Quba Soyqırımı Memorial Kompleksini ziyarət zamanı AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində söyləyib.

“Hazırda olduğumuz Quba Soyqırımı Memorial Kompleksi tarixdən dərs çıxarılacaq bir məkandır. Mən buraya 2007-ci ildə kütləvi məzarlıq yeni aşkarlandığı zaman da gəlmişdim. O vaxt da çox təsirlənmişdim. Burada saysız-hesabsız dinc sakin ermənilər tərəfindən qətlə yetirilib. İndi bu ərazidə memorial yaradılıb. Bu da bizi son dərəcə məmnun etdi. Amma əlbəttə ki, türk mediası olaraq səylərimizi birləşdirməliyik. Ən azından Xocalı soyqırımının ildönümü öncəsi ortaq manşetlərlə, xəbər bülletenləri ilə yayımlanmağımız lazımdır. “Sülh çeşməsi” əməliyyatları zamanı da gördük ki, Türkiyənin ən yaxın dostları elə türk dövlətləridir. Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşündə də gördük ki, qardaş ölkələr Türkiyənin haqlı mübarizəsinə dəstək nümayiş etdirdilər. Biz həmişə bir-birimizə sahib çıxmalıyıq”, - deyə Mehmet Ali Dim bildirib.