"Bakıda əhaliyə verilən suyun tərkibi çox təhlükəlidir" - MÜSAHİBƏ


Elçin Bayramlı: "Bütün imkanlı və vəzifəli şəxslərin evlərində filtr aparatları var, amma bunu hər adam ala bilmir"
Sosial evlər layihəsi yalnız sözdə qaldı. Bu mənzillər az qala bazar qiymətinədir. Üstəlik, həmin mənzilləri alanların çoxu evə ehtiyacı olmayan kommersiya məqsədilə əldə edənlərdir

"Altay" Sosial-iqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Bayramlı “Şərq”in suallarını cavablandırıb. Onunla dünyada yaşanan gərginliklər fonunda neftin qiyməti, manatın taleyi, ətin bahalaşmasına səbəb olan amillər, meyvə-tərəvəzin ucuzlaşmaması, kredit faizlərinin yüksək olması, sosial evlərlə bağlı narazılıqlar, ərzaq məhsullarının keyfiyyətsizliyi, "Leş tofiq”lər, istismar müddəti başa çatmış avtomobillərin ekologiyaya vurduğu ziyan, Bakıya verilən suyun tərkibindəki zərərli maddələr və başqa məsələlər ətrafında maraqlı müzakirə apardıq.

Söhbəti təqdim edirik. 

- Dünyadakı ABŞ-Türkiyə, ABŞ-Rusiya, ABŞ-Çin və ABŞ-İran gərginliyini nəzərə alsaq, neftin qiyməti ilə bağlı nə proqnozlaşdırırsınız? 

- Yaxın Şərqdə gedən proseslər neftin qiymətinə təsir göstərəcək. Müəyyən bahalaşma olacağını ehtimal edirəm. Çinin və Hindistanın neftə tələbatının sürətlə artdığını, İranla bağlı sanksiyaları, həmçinin OPEK-in hasilatın azaldılması siyasətini nəzərə alsaq bahalaşma qaçılmazdır.

- Manatın məzənnəsi ilə bağlı proqnozunuz necədir, ucuzlaşa bilərmi?  

- Manatın məzənnəsinin sabit qalacağını ehtimal edirəm. Amma düzünə qalsa, manat bahalaşmalıdır. Çünki valyuta bazarındakı vəziyyət, neftin qiyməti, ixracın artması kimi faktorlar həddən artıq ucuzlaşmış məzənnənin optimal həddə qaytarılmasını tələb edir. Fikrimcə, optimal məzənnə 1:1 nisbətidir. Lakin bu il maaş, pensiya və müavinətlərin böyük həcmdə artımı dövriyyədə pul kütləsini və müvafiq olaraq manata təzyiqi artırır. Ona görə də hökumətin ehtiyatlı məzənnə siyasəti yürüdərək kursu sabit saxlayacağına əminəm.

- Ətin bahalaşmasına dair xəbərlər yayılır. Niyə bahalaşır?

- Ətin və iaşə müəssisələrində ət yeməklərinin bahalaşmasının səbəbi leş bazarında sensasion ifşalar və bu işlə məşğul olanların həbsidir. Bu həbslərdən sonra leş mafiyası fəaliyyətini müvəqqəti dondurub. Bu da bazarda azı 10 faizlik kəsir yaradıb. "Leş Tofiq" və başqalarının həbsindən sonra Bakının əksər yeməkxanalarında və dönərxanalarda ət yeməklərinin qiyməti qalxıb. Hətta Bakının bəzi restoranlarında kababların belə qiyməti 1-2 manat arasında artıb. Bu qiymət artımı onu göstərir ki, uzun ullər boyunca Bakının əksər yeməkxanaları və ayaqüstü qəlyanaltı obyektləri insanlara leş ətindən bişən yeməklər yedizdirib.

- Bu il meyvə-tərəvəzin qiyməti ucuzlaşmadı. Hazırda üzümün fəslidi, amma bazarda 2 manatdan aşağı üzüm yoxdur. Halbuki, ötən illər 70-80 qəpiyə satılırdı...

- Bu il bir çox meyvə və tərəvəz hədsiz bol olub. Məntiqlə qiymətlərin xeyli ucuz olacağı gözlənilirdi, lakin bu, baş vermədi. Səbəbi qonşu ölkələrdə meyvə-tərəvəzin bizdən baha olması və nəticədə həmin məhsulların o ölkələrə daşınmasıdır. Həmin ölkələrdə əhalinin gəliri bizdən yüksək olduğundan baha qiymətə ala bilirlər. Bu səbəbdən bəzi işbazlar və təsərrüfat sahibləri özləri məhsulun ixracında maraqlıdırlar. Burda iki yol var: ya bizdə əhalinin gəliri o ölkələrdəki gəlir həcminə çatmalıdır ki, bizim əhali də o qiymətə meyvə-tərəvəz ala bilsin, ya da Kənd Təsərrüfatı Nazirliyi və Gömrük Komitəsi meyvə-tərəvəzin yalnız daxili tələbat həcmindən artıq hissəsinin ixracına icazə verməlidir.

- Bank kreditlərinin faizi ilə bağlı da müəyyən narazılıqlar var. Bəzi banklar elan edirlər ki, guya, 5-6 faiz həcmdə kredit verirlər, amma 20 faizdən aşağı kredit yoxdur...

- Bank faizləri astronomik həddədir və bu, dünyada ən yüksək faizdir. Dünya ölkələrində 1:10 faiz arasında verilir, bizdə isə 20-30 faiz arasında. Bu da iqtisadiyyatın inkişafına və əhalinin sosial vəziyyətinə çox ağır zərbə vurur. Mərkəzi Bank  uçot dərəcəsini əhəmiyyətli həddə aşağı salmalı və bankları müvafiq maliyyə tranşları ilə təmin etməlidir. Xarici fondlardan maliyyə vəsaitlərinin cəlb edilməsini də stimullaşdırmaq olar. Ümumiyyətlə, təklif edərdim ki, xarici fondlarda 1 faiz gəlirliliklə saxlanan 50 milyarda yaxın strateji ehtiyatlarımızdan 5 milyardını ölkəyə gətirib real iqtisadiyyata buraxmaq, kiçik və orta biznesə 3-5 faizlə uzunmüddətli kreditlər vermək çox gözəl olardı. Bu, iqtisadi inkişafa və məşğulluğa çox böyük dərəcədə müsbət təsir edərdi. Ümumdaxili Məhsul  və büdcənin gəlirləri artar, sosial rifah yüksələrdi.

- Sosial mənzillərlə bağlı giley-güzar edənlər oldu. Bu sahədəki problemlər nədən qaynaqlanır və onu necə həll etmək olar? 

- Sosial evlər layihəsi yalnız sözdə qaldı. Bu mənzillər az qala bazar qiymətinədir. Üstəlik, həmin mənzilləri alanların çoxu evə ehtiyacı olmayan kommersiya məqsədilə əldə edənlərdir. Elə elan saytlarına baxmaq kifayətdir ki, o binalarda xeyli mənzilin satışa çıxarıldığını və kirayə təklif edildiyini görəsən. Halbuki, bu sırf sosial layihə idi və aztəminatlı evsiz əhalinin güzəştli şərtlərlə təminatı üçün yaradılmışdı. Lakin nə bölünmədə ədalətlilik və şəffaflıq oldu, nə də mənzil bazarına ciddi təsir göstərdi. Rahatca demək olar ki, sosial evlər layihəsi elə başdan fiaskoya uğradı. Çünki burada məqsəd evsiz və ev ala bilməyən vətəndaşlara yardım etməkdir. Yaxşı olar ki, jurnalistlər ev alanların siyahısını tələb edib araşdırsınlar ki, kimlər sosial ev alıb, necə alıb, necə istifadə edir. Bu kampaniya dövlət səviyyəsində genişmiqyaslı aparılmalıdır. Yalnız bir məqsədlə evi olmayan vətəndaşlar ucuz qiymətə güzəştli şərtlərlə ev ala bilsin. Əks halda mənası yoxdur”.

- Ərzağın keyfiyyəti ictimaiyyətdə ciddi narazılıq doğurur. Qida Təhlükəsizliyi Agentliyi hansı addımlar atmalıdır?

- Ərzaq bazarında vəziyyət faciəvidir. Harda saxta keyfiyyətsiz təhlükəli məhsul var, bizim bazar, dükanlardadır. Meyvə-tərəvəzin böyük hissəsi GMO məhsuldur. GMO-nun xərçəng yaratdığı, genlərin funksiyasını dəyişdiyi bu yaxınlarda Fransada aparılmış elmi araşdırmada dəqiq sübut olundu. Emal sənayesi məhsullarının çoxu kimyəvi, qalanı isə keyfiyyətsiz məhsullardır. Xaricdən idxal olunan qida məhsulları da saxta və keyfiyyətsizdir. Harda ən ucuz məhsul var, bizim işbazlar gətirib əhaliyə satır. Yəni əhaliyə qarşı açıq və konkret qida terroru həyata keçirilir. Buna da heç bir dövlət orqanı tam məsuliyyət daşımır. Heç bir nəzarətdən söhbət belə gedə bilməz.

- "Leş Tofiq”lərin sayı artır. Bu barədə nə deyə bilərsiniz?

- “Leş Tofiq” və digərləri ilə bağlı onu deyə bilərəm ki, bu mafiya çox geniş miqyasda və mütəşəkkil fəaliyyət göstərir. Ölkənin əksər kafe, restoran və dönərxanalarını, kolbasa-sosiska sexlərini xəstə və tələf olmuş heyvan leşləri ilə təmin edir. Bu da birbaşa qida terrorudur və əhali arasında ağır xəstəliklərin artmasına səbəb olur. Bu mafiyanın bütün üzvləri ifşa olunaraq həbs edilməlidir. Ümumiyyətlə, bazar-dükan saxta və təhlükəli məhsullardan təmizlənməlidir. QTA-ya gəldikdə deyə bilərəm ki, bu agentlik formal olaraq mövcuddur. Bu fəaliyyətsizliyi ilə də qida təhlükəsizliyi əvəzinə qida təhlükəsi yaradır.

- Mütəmadi olaraq sosial mediada istismar müddətini başa vurmuş, lakin hələ də istifadə olunan avtomobillərin fotosunu paylaşırsınız. Bununla hansı mesajı verirsiniz?

- Ekologiyanı, xüsusilə havanı çirkləndirən əsas faktor istifadə müddətini başa vurmuş avtomaşınlardır. Ən çox da dizellə işləyən avtomobillərdi. İlk növbədə dizellə işləyənlərin idxalına məhdudiyyət qoyulmalıdır. Havanı ən çox zəhərləyənlər dizellə işləyən avtobuslar və yük maşınlarıdır. Onların qaza (LPG və ya CNG) keçirilməsi üçün xüsusi servis mərkəzləri açıla bilər və güzəştli şərtlərlə, kreditlə bunu təşkil etmək olar. Qazla işləyən maşınlar dizeldən də ikiqat sərfəlidir. Ona görə də bu avtobusların və yük maşınlarının sahibləri buna həvəslə razı olacaqlar. Benzinlə bağlı belə məhdudiyyət hələlik mümkün deyil. Ancaq bunu stimullaşdırma yolu ilə etmək olar. Misal üçün, qazla və elektriklə işləyən avtomobillərin idxalı rüsumdan azad edilə bilər. Nəticədə sürücülər özləri bu maşınlara üstünlük verəcək. Təbii ki, bunlara uyğun infrastruktur da qurulmalıdır, yəni qaz və elektrik doldurma məntəqələrinin sayı artırılmalıdır. Bu işə artıq başlamaq vaxtıdır.

Artıq dünya ölkələri elektromobillərə keçir. Avropa ölkələri belə edir və onların havanı zəhərləyən maşınları bizə idxal olunur. Rusiyada, Belarusda, Gürcüstanda olduğu kimi bizdə də elektromobil istehsal edən zavodlar açmaq olar. Mövcud zavodlarda da belə maşınların yığılmasını təşkil etmək elə də çətin deyil. Dünyada artıq elektromobil erası başlayır. Bu işdə geri qalmamalıyıq. Bunu edə bilsək, həm insanlarımızın sağlamlığına böyük təsiri olar, həm də dövlətin, şirkətlərin və əhalinin xərcləri azalar.

Bundan başqa, diqqətə çatdırım ki, Rusiyada köhnə avtomobilini təhvil verənə yeni maşınların alışında həm qiymətdə, həm kredit şərtlərində güzəştlər edilir. Nəticədə son 15 ildə Rusiyanın avtoparkı az qala tam yenilənib. Ekologiyanı çirkləndirən və istismar müddətini başa vurmuş təhlükəli avtomobillərin sayı minimuma düşüb. Son nəticədə də qəza və ölümlərin sayı azalıb. Bizdə də bunu etmək olar. Daha doğrusu, mütləq edilməlidir. Bunun üçün hər cür imkanlar var.

- Bakıya verilən suyun kimyəvi cəhətdən çox çirkli və təhlükəli olduğuna dair iddialar var. Bu, doğrudurmu? 

- Bəli, bu iddianı təsdiqləyirəm. Bakıda əhaliyə verilən suyu birbaşa krantdan içmək olmaz. Ən pis halda qaynadılmalıdır, yaxşı halda isə filtrdən keçirilməlidir. Suyun təmizliyi onun duru görünməsi ilə ölçülmür. Duruluq sadəcə lilin, toz-torpağın yatması ilə bağlıdır. Suyun təmizliyi tərkibindəki ağır metalların, kimyəvi maddələrin, toksik və bakterioloji çirklənməsinin səviyyəsi ilə ölçülür. Yəni su molekulyar dərəcədə çirklənəndə belə duru görünə bilir. Metsamor AES-in radioaktiv tullantıları Araza axıdılır, Arazla Kürə, Kürlə də evlərə gəlir. Üstəlik, Gürcüstanın və bizim bir çox şəhərlərin bütün kanalizasiyası, zavodların təhlükəli kimyəvi tullantıları da Kürə axıdılır. Suya bir az xlor vurmaqla bu çoxsaylı təhlükəli maddələri təmizləmək olmur.  Xlor onların heç 10 faizini belə təmizləmir. Ona görə də xloru normadan artıq vururlar. Bu da orqanizmə ciddi zərər vurur. Suyu anbarlarda saxladıqda lil çökür. Amma molekulyar tərkibi dəyişimir. Tərkibindəki bakteriyalar, kimyəvi maddələr yoxa çıxmır. Müasir ultrakimyəvi maddələri, qaynama temperaturunda belə ölməyən bakteriyaları suyu saxlamaqla, ya da qaynatmaqla məhv etmək olmur. Su filtrləri çıxış yollarından biridir. Bu filtrlər faydalı mineralları tutsa da, bütün zərərli maddələri tutur və saf su verir. Ona görə də istisnasız olaraq bütün imkanlı və vəzifəli şəxslər evlərində filtr aparatları quraşdırıb. Bu aparatların da normalı 1000 manatdan başlayır və hər adam ala bilmir. Nəticədə imkanlı təbəqədən fərqli olaraq kasıb təbəqə təhlükə altında qalır. Bununla bağlı çox ciddi tədbirlər görülməlidir.