Azərbaycanda dövrü mətbuatın yaranması – “Əkinçi”yə gedən yol

Xalqın maariflənməsi naminə Həsən bəy az qala qapı-qapı gəzərək həmvətənlərini təhsilə cəlb etməyə çalışırdı



XIX yüzilliyin 50-60-cı illəri Azərbaycanda feodal üsul-idarəsinin süquta uğradığı və yeni kapitalist münasibətlərinin inkişafı ilə xarakterizə olunur. Rusiyada təhkimçilik, Azərbaycanda isə feodal münasibətlər məhsuldar qüvvələrin, kapitalizmin inkişafına böyük əngəl idi. 1861-ci ildə Rusiyada təhkimçilik hüququnun ləğvi burada kapitalizmin inkişafına əlverişli şərait yaratdı. İqtisadiyyatı, sənayesi Rusiya bazarları ilə formalaşan Azərbaycanda kənd təsərrüfatının, sənayenin tərəqqisi ləng olsa da inkişafa meyilləndi. 1860-cı illərdən sonra neft sənayesinin mərkəzi olan Bakıda yeni istehsal münasibətləri, kapital axını gücləndi. Bu müddətdə neftverən torpaqların icarədarları arasında Azərbaycan burjuaziyasının yeganə nümayəndəsi Hacı Zeynalabdin Tağıyev idi.

Neftə olan tələbat və Bakının enerji qaynaqları neft sənayesinə rus və xarici kapitalın axınına səbəb oldu. 1879-cu ildə "Nobel qardaşları" şirkəti, Rotşildin simasında fransız kapitalı nüfuz etdi. Daha sonra digər xarici ölkələrin nümayəndələri də Bakı neft sənayesində mövqe savaşına başladılar. İstehsalın sürətlə artması sənayeçilərə külli miqdarda qazanc gətirdi. Az vaxtda Bakıda onlarla neft sənayesi meydana çıxdı ki, onların arasında azərbaycanlı sahibkarlardan H.Z.Tağıyev, Musa Nağıyev, Murtuza Muxtarov, Ş.Əsədullayev və başqaları var idi. Kapitalizmin inkişafı, cəmiyyətdə baş verən mütərəqqi dəyişikliklər Azərbaycanın müxtəlif bölgələri arasında iqtisadi birliyin təməlini möhkəmləndirdi. Xalqın dili, mədəniyyəti ön plana çıxdı və Azərbaycan xalqı burjua milləti kimi formalaşmağa başladı. 
Mətbuat tarixi üzrə araşdırmaçı, tarix üzrə fəlsəfə doktoru, "Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı "Azərbaycan mətbuat tarixi, 1875-1920-ci illər” adlı kitabında vurğulayıb ki, burjua millətinin yaranması azərbaycanlıların həyatında mühüm tarixi hadisə idi. 
Müəllif əsərində qeyd edib ki, bu, azərbaycanlıların milli şüurunun formalaşmasına səbəb oldu. Milli şüurun formalaşması isə müstəmləkə zülmünə qarşı mübarizə üçün çox vacib idi: “Şimali Azərbaycanın da daxil olduğu Rusiya imperiyasının tərkibində müstəmləkə əsarətində müxtəlif xalqlar və millətlər yaşayırdılar. Çarizm imperiyasına daxil etdiyi millətlərin baş qaldırmasına, öz azadlığı uğrunda mübarizəyə qalxmasına mane olurdu, "parçala, hökm sür" siyasətini həyata keçirirdi. Xalqları əsarət altında saxlamaq üçün çarizm onları dini xurafat içində saxlamağa, savadlanmasına mane olmağa çalışır, ruslaşdırma siyasəti həyata keçirirdi. Çarizm yerlərdə müstəmləkə zülmünə qarşı hər hansı etirazı qan içində boğurdu. Belə bir şəraitdə Azərbaycan milli burjuaziyası, xalqın qabaqcıl nümayəndələri xalqı savadlandırmaq, gözünü açmaq, maarifləndirmək üçün əllərindən gələni edirdilər. Kövrək addımlarını atan Azərbaycan milli burjuaziyasının və dövrün görkəmli şəxsiyyətlərinin səyi ilə XIX əsrin ikinci yarısında maarif inkişaf etməyə başladı. Təhsil sahəsində bəzi dəyişikliklər həyata keçirildi. Məktəblərdə ana dilinin tədrisinin həyata keçirilməsində M.F.Axundovun, Səid Ünsizadənin, S.Ə.Şirvaninin xidmətləri danılmazdı. S.Ünsizadənin Şamaxıda açdığı məktəbdə şəriətlə yanaşı, fəlsəfə, məntiq, psixologiya, islam dininin tarixi, həmçinin rus və ana dili tədris olunurdu. Maarifçiliyin geniş intişar tapmasında bu şəxsiyyətlərlə yanaşı, görkəmli maarif xadimləri Məhəmməd Tağı Sidqi, Həsən bəy Zərdabi, Nəcəf bəy Vəzirov, S.M.Qənizadənin xidmətləri böyükdür. Azərbaycan maarifçilər nəslinin nümayəndələri olan bu şəxsiyyətlər xalqın savadlanması, dövrün mütərəqqi ideyaları ilə tanış olmaları üçün mətbu orqanın imkanlarını yaxşı anlayırdılar.
Məhz buna görə də onlar anadilli mətbu orqan yaratmaq üçün fəaliyyətə keçdilər.
Bütün çətinliklərə baxmayaraq bu işə Həsən bəy Zərdabi başladı. Bu dövrdə Azərbaycanın ictimai-siyasi həyatının ən mühüm amillərindən biri milli mətbuatın yaranması oldu. Həsən bəy Zərdabi 1837-ci ildə Göyçay qəzasının Zərdab kəndində doğulub. Bu böyük mütəfəkkirin doğum tarixi ilə bağlı müxtəlif fikirlər var və yaxın zamanlaradək Zərdabinin 1842-ci ildə anadan olması elmi-tədqiqat materiallarında əksini tapırdı. Lakin Həsən bəyin həyat yoldaşı Hənifə xanım Məlikova (Abayeva) öz xatirələrində Zərdabinin doğum tarixini 1837-ci ilin
noyabr ayının 12-də olduğunu yazır. Həsən bəyin babası Rəhim bəy və atası Səlim bəy mülkədar sinfinə mənsub idilər və şeirə, poeziyaya həvəs göstərirdilər. Evlərindəki qonaqlıq məclislərinə daim şairlərinə gəldiyi haqda Hənifə xanım Abayeva Həsən bəyə istinadən öz xatirələrində qeyd edir. Həsən bəy 7-8 yaşlarında Şamaxıda rus dilində olan şəhər məktəbinə gedir, təhsilini əla qiymətlərlə bitirdikdən sonra Tiflis gimnaziyasına daxil olur. 1861-cı ildə Tiflis gimnaziyasını müvəffəqiyyətlə bitirərək hökumət hesabına Moskva universitetinin fizika-riyaziyyat fakültəsində təhsilini davam etdirir”. 

A.Aşırlı bəyan edib ki, Moskvada Həsən bəy Zərdabi dövrün mütərəqqi ideyaları ilə tanış olub, ziyalılarla ünsiyyət qurub və özünün növbəti kamillik mərhələsini yaşayıb: “1865-ci ildə Moskva Universitetini elmlər namizədi diplomu ilə başa vuran Zərdabinin qarşısında gözəl perspektivlər açılır. Onu universitetin rektoru S.M.Solovyovun ailəsi də yaxşı tanıyır və böyük hörmətlə qəbul edir. Bu barədə Hənifə xanım Abayeva xatirələrində yazır: "Solovyov Şərqlə, xüsusən də islamla çox maraqlanırdı. Onun ailəsində Həsən bəyin Qafqaz, bu diyarın adət-ənənələri, əxlaqı barəsindəki söhbətlərə maraqla qulaq asırdılar. Solovyov tez-tez Həsən bəyin islamla bağlı məsələlərə dair izahatlarını dinləyir, eşitdiklərinin çoxunu qeyd edirdi. Daim Solovyovun evində olan Həsən bəy onun qızını həqiqi məhəbbətlə sevirdi. Bu məsələdə qızın da münasibəti eyni dərəcədə həqiqi və ciddi idi. Lakin Həsən bəy yaxşı bilirdi ki, əgər o, ali təhsil almış ilk müsəlman xristian qızıyla evlənsə, xalq həm özündən, həm də xanımından birdəfəlik üz döndərər. Ona görə də Həsən bəy ürəkdən sevdiyi qızla nikaha girməkdən imtina etdi və təhsilini başa vuran kimi doğma xalqına xidmət üçün vətənə qayıtdı". Bu kiçik xatirə parçasından göründüyü kimi Moskvada təhsil aldığı dövrdə o, öz həyatını, əgər belə demək mümkündürsə, proqramlaşdırmış, xalqına xidmət meyarlarını müəyyənləşdirmişdi. Bu meyarlar isə özünü xalqına həsr etməkdən, onun maariflənməsi və tərəqqisinə çalışmaqdan ibarət idi.
Moskvadan geri dönən Həsən bəy Tiflisdə "Mejevaya palata"da, yəni
torpaq işləri ilə məşğul olan idarədə çalışdı. 1868-ci ildə Quba məhkəməsində katib kimi fəaliyyət göstərdi, baş verən qanunsuzluqlara, ədalətsizliklərə etiraz etdi və idarə işlərindən əl çəkib Bakıya döndü, gimnaziyadan ədəbiyyatdan dərs dedi. O dövrdə azərbaycanlılardan gimnaziyada təhsil alanları barmaqla saymaq olardı.
Xalqın maariflənməsi naminə Həsən bəy az qala qapı-qapı gəzərək həmvətənlərini təhsilə cəlb etməyə çalışırdı”.

Araşdırmaçı-jurnalist vurğulayıb ki, xalqın tərəqqisini onun maariflənməsində görən Həsən bəy Zərdabi mədəni yüksəliş naminə fərqli vasitələrə baş vurub, müxtəlif ideyalar həyata keçirib: “O, “Müsəlman şagirdlərinə yardım cəmiyyəti" təsis edir və gimnaziyadakı tələbələri olan Nəcəf bəy Vəzirov və Əsgər ağa Adıgözəlov (Gorani) ilə birlikdə bütöv bir yayı Azərbaycanın kənd və şəhərlərini dolaşır. Onun tələbələrin təhsil xərclərini ödəmək üçün yaratdığı ilk xeyriyyə cəmiyyətinin fəaliyyəti o qədər də uğurlu alınmadı. Böyük çətinliklə də olsa, Həsən bəy 1600 manata qədər pul toplayır və bu vəsaitin faizi ilə ildə 1-2 nəfərin təhsil haqqını ödəyir. Bu işlə yanaşı Həsən bəy öz mənzilində pansionat açır, hər il on nəfər azərbaycanlı uşaq bu pansionata qəbul olunur və gimnaziyaya daxil olmaq üçün hazırlanır. 1872-ci ildə ailə həyatı qurduğu Tiflisdə nəcib qızlar İnstitutunu bitirmiş Hənifə xanım Abayeva da təlim-tərbiyə işlərində ərinin ən yaxın köməkçisi olur. 1873-cü ilin Novruz bayramı günlərində Həsən bəyin rəhbərliyi və iştirakı ilə Azərbaycan mədəniyyəti tarixində inqilab adlandırıla biləcək hadisə, milli teatrımızın əsası qoyuldu. Milli dramaturgiyamızın banisi M.F.Axundovun artıq Tiflis və Peterburq teatrlarında tamaşaya qoyulan, Avropa şərqşünaslarının diqqətini cəlb edən "Hacı Qara" komediyası öz vətənində oynanıldı. Gözlənilməz xəbəri eşidən Mirzə Fətəli Axundov Zərdabiyə minnətdarlıq dolu məktub ünvanlayır. Təbii ki, Həsən bəyin gördüyü işlərin hamısı millətin tərəqqisi naminə edilən, mayası vətənpərvərlikdən doğulan işlər idi. Azərbaycanın ozamankı tarixi inkişaf səviyyəsində ən təsirli, münasib vasitələrdən birinin mətbu söz olduğunu H.Zərdabi duymamış deyildi. O ana dilində qəzet nəşr etmək fikrinə hələ Qubada, mahal məhkəməsinin katibi işlədiyi dövrdə gəlmişdi. Böyük Azərbaycan maarifiçisi Abbasqulu bəy Bakıxanovun qardaşı tələb olunan maliyyə xərclərini öz üzərinə götürürdü. Zərdabi "Həyat" qəzetinin 28 dekabr 1905-ci il tarixli sayında "Rusiyada əvvəlinci türk qəzeti" məqaləsində yazır: "Hər kəsi çağırıram gəlmir, göstərirəm görmür, deyirəm, qanmır. Axırda gördüm ki, onları haraylayıb çağırmaqdan, onlara deməkdən başqa bir qeyri-əlac yoxdur. Olmaz ki, mənim sözümü eşidənlərdən heç bir qanan olmasın. Necə ki, bir bulağın suyunun altına nə qədər bərk daş qoysan, bir neçə ildən sonra su tökülməkdən o bərk daş mürur ilə əriyib deşilir, habelə söz də, ələlxüsus da doğru söz. Belədə qəzet çıxarmaqdan savayı bir qeyri-əlac yoxdur".

Bu böyük maarif fədaisi "Əkinçi"nin nəşri ərəfəsindəki qayğılarından söz açaraq xatırlayırdı: "Bəs qəzeti necə çıxardım? Pul yox, yazıçı yox, çapxana yox, hürufat yox, əmələ yox, bir-iki yüzdən artıq da oxuyan olmayacaq. Dövlət tərəfindən izn almaq da ki, bir böyük bəladır". O zaman Qafqazda ərəb əlifbası ilə hürufat yox dərəcəsində idi. Vaxtilə "Tfilisskiye vedomosti" və "Zakavkazski vestnik" qəzetlərinin, habelə Arzanov qardaşlarının Tiflisdəki mətbəələrindən qalmış ərəb hürufatına bel bağlamaq olmazdı. Azərbaycan dilində qəzet buraxılması işinə milli mətbəənin təşkilindən, hürufat tədarükündən başlamaq lazım idi ki, Zərdabi məhz belə etdi. O dövrdə İstanbulun "Babi-ali caddəsi"ndə mətbuat və kitab ticarəti sahəsində çoxlu azərbaycanlı işləyirdi. Xatirələrində Zərdabi onların "Əkinçi" üçün hürufat əldə etməyə böyük kömək göstərdiklərini ayrıca qeyd edir. Yeni və müstəqil mətbəə açmaq mümkün olmadığından Bakı quberniya mətbəəsindən istifadə etməyi qərarlaşdırmış Zərdabi hürufatı da ora satdı...
(Davamı var)