Girovların dəyişdirilməsi: Bu, münaqişənin həllində praktiki mərhələnin başlanğıcı olacaq

"Nikol Paşinyanın son günlərdə Dağlıq Qarabağ gündəliyi çox gərgindir, aktualdır və aktivdir. Bako Saakyanı Yerevana çağırdı və onunla çoxsaatlı görüşdə bu vaxta qədər keçirdiyi görüşləri müzakirə etdi. Aşqabadda MDB-nin sammitində Azərbaycan Respublikasının Prezidenti ilə təxminən 2 saatdan çox davam edən görüşdə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinin detalları müzakirə olunub. Məhz Paşinyanla İlham Əliyevin görüşündən sonra ATƏT-in Minsk Qrupu həmsədrləri regiona səfər etdi".

Sherg.az bildirir ki, bu sözləri Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu deyib. 



Politoloq: "Son dövrlərdə xalqların sülhə hazırlanması daha çox humanitar aksiyaları əhatə edib"


Analitik bildirib ki, həmsədrlərin əvvəlcədən anons vermədən  regiona səfəri çox böyük ehtimalla Aşqabad razılaşması ilə əlaqəsi olan məsələdir:

"Paşinyan Yerevanda həmsədrlərlə  görüşdü. “Xalqların sülhə hazırlanmasının müzakirəsi” Paşinyanın mətbuat  xidmətinin yaydığı məlumatda xüsusi qeyd olunmuşdu. Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə həmsədrlər XİN başçısı Zöhrab Mnasakanyanla görüşdə öhdəliklərin mütənasibliyini  müzakirə ediblər. Gürcüstanın Baş naziri Georgi Qaxariya da Yerevanda olarkən Dağlıq Qarabağ tənzimlənməsini ciddi müzakirə edib. Hesab edirəm ki, 3 görüşdə Dağlıq Qarabağ məsələsinin müzakirə olunması dinc tənzimləmədə aktivliyin göstəricisidir".

M.Əhmədoğlu xatırladır ki, həmsədrlər qondarma qurumun de-fakto rəhbəri Saakyanla da görüşüblər:

"Yayılan məlumatda yeni bir şey yoxdur.  2017-ci ilin yayında o zamankı prezident Serj Sərkisyan Dağlıq Qarabağa gəldi və sülh planını qəbul etmək məcburiyyətində olduğunu açıqladı. O zaman qondarma qurum olan Dağlıq Qarabağın "rəhbərliyi" Serj Sərkisyana etiraz edə bilmədi. Amma indi  qondarma Dağlıq Qarabağın "rəhbərliyi" Paşinyana qulaq asmır. Paşinyan Sərkisyanın nə dediyini bilir. Son dövrlərdə xalqların sülhə hazırlanması daha çox humanitar aksiyaları əhatə edib. Bu, girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyev də daxil olmaqla “hamının hamıya” dəyişdirilməsi prinsipidir. Görünür, məhz bu Dağlıq Qarabağ tənzimlənməsində praktiki mərhələnin başlanğıcı olacaq".