Metroda həyəcan: Qatarın qapıları açılmadı, işıq söndü

Bu gün səhər saatlarında Bakı metrosunun "Dərnəgül"–"Həzi Aslanov" istiqamətində hərəkət edən qatarın vaqonlarında bəzi qapılar açılmayıb, həmçinin, tuneldə qatarın işıqları sönüb.

Sherg.az Report-a istinadla xəbər verir ki, hadisə metronun “İnşaatçılar” stansiyasında qeydə alınıb.

Nəticədə həmin stansiyada düşə bilməyən sərnişinlər “Elmlər Akademiyası” stansiyasında düşərək geri qayıdıb.

Faktı təsdiq edən Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov qeyd edib ki, qapıların açılmaması yeni vaqonların təhlükəsiz tələbləri ilə bağlıdır:

“Yeni vaqonlarda əgər sərnişin qapıları çox tutub saxlayırsa, bu, həmin qapıların sonradan açılmaması ilə müşahidə edilir. Bu gün səhər saatlarında da elə bir hal baş verib. Bu səbəbdən də ola bilsin ki, bəzi sərnişinlər “İnşaatçılar” stansiyasında düşə bilməyib. Artıq qatar “Elmlər Akademiyası”na yola düşəndə maşinist sistemi yenidən qoşub. Bu zaman isə vaqonların işıqları ani olaraq sönüb. Amma sərnişinlər arasında elə bir narahatlıq yaranmayıb”.