Qeyri-neft sektoru inkişafdadır - ŞƏRH

“Rəsmi statistikalara nəzər salsaq, görərik ki, son zamanlar iqtisadiyyatın qeyri-neft sektorunda kifayət qədər artımlar var”.  Bunu Sherg.az-a açıqlamasında Bakı Politoloqlar Klubunun rəhbəri, siyasi elmlər namizədi Zaur Məmmədov deyib. 

Politoloq bildirib ki, Azərbaycan hökuməti bu istiqamətdə çox ciddi işlər görməkdədir: 

“Vergilər Nazirliyinin düzgün siyasəti sayəsində, dövlət büdcəsinə daxil olan gəlirlər dəfələrlə çoxalıb. 2019-cu ilin əvvəlindən ölkədə tətbiq edilən sosial islahatlar paketləri 4 milyon 200 mindən çox vətəndaşı əhatə edib. Təqaüdçülər, tələbələr, məcburi köçkünlər, həmçinin, dövlət sektorunda çalışan işçilər bu islahatlardan çox razı qalıblar. Çünki Prezidentin apardığı uğurlu sosial siyasət nəticəsində, bütün sosial qruplar bu siyasətdən bəhrələnir. Nüfuzlu beynəlxalq təşkilatlarının hesabatına görə, Azərbaycan adambaşına düşən gəlirin səviyyəsinə və iqtisadi inkişaf tempinə görə dünya ölkələri sırasında qabaqcıl yerlərdən birini tutur. Bu göstərici coğrafi cəhətdən kiçik və geosiyasi durumu çətin olan Azərbaycan üçün çox mühüm irəliləyişdir”. 

Analitikin sözlərinə görə, dövlət başçısı çıxışında nazirlərə və məmurlara da mühüm mesajlar verdi: 

“Prezident Azərbaycanda sosial-iqtisadi inkişafın davam etdirilməsində qərarlıdır. Dövlət başçısı vurğuladı ki, bu islahatların həyata keçirilməsində hökumət qurumlarının və sahibkarların üzərinə böyük məsuliyyət düşür”.