Novella Cəfəroğludan sərt sözlər: "Moskvadan gəlib 14-15 yaşlı qız alır və..." - SOS

Şəkidə yetkinlik yaşına çatmayan qızın hamilə olması ilə bağlı faktlar ortaya çıxıb. Belə ki, Şəki Rayon Mərkəzi Xəstəxanasının ginekologiya şöbəsinə Göygöl rayonunda anadan olmuş, Şəki rayonunun Suçma kəndində yaşayan, 2003-cü il təvəllüdlü Q.N. müraciət edib.

Suçma kənd icra nümayəndəliyindən verilən məlumata görə, qız erkən yaşda ərə gedib. Göygöl rayon sakini Q.N. Suçma kənd sakini, 22 yaşlı Babayev Bilal Möhəbbət oğlu ilə rəsmi nikah olmadan birlikdə yaşayıblar. Q.N. səhhətindəki problemlərlə bağlı həkimə müraciət edib. Nəticədə, onun hamilə olduğu məlum olub.

Məsələni dəyərləndirən hüquq müdafiəçisi Novella Cəfəorğlu Sherg.az-a bildirib ki, 10 il öncə erkən nikahlarla bağlı ciddi məsələ qaldırıb:

“Ölkəmizdə erkən nikahlarla bağlı qanun da qəbul olunub. Əvvəllər bu problemi ictimailəşdirərək bütün rayonları gəzirdik. Həmçinin həmin rayonlardakı bələdiyyə və icra hakimiyyəti nümayəndələrini, rayonun imam və mollalarını yığırdıq. Onlara deyirdik ki, erkən nikah məsuliyyəti sizin üzərinizdədir və bu nikahlara siz imza atırsız. Belə olduğu təqdirdə onlar erkən nikahların olmasından qorxurdular. Daha sonra isə müəyyən qrantları ləğv elədilər deyə QHT-lər rayonlara gedə bilmədilər və nəticədə insanlarla görüşlər, maarifləndirmə mümkün olmadı. Hazırda Heydər Əliyev fonduna erkən nigahlarla bağlı yazmışıq. Bütün kənd və rayonlara gedib erkən nigah məsələsini qaldırıb ictimailəşdirmək lazımdır.  Bu sosial problemdir. Həddi buluğa çatmayan uşaqların ailə qurması düzgün deyil. Çoxu Moskvadan gəlib 14-15 yaşlı qız alır və toydan sonra qızı qoyub yenidən Moskvaya yola düşür. Bu zaman çoxlu sayda problemlər yaşanır. Həmin azyaşlı qızlar uşaq dünyaya gətirirlər, bəzən qaynanaları tərəfindən evdən qovularaq küçələrdə qalırlar. Nə aliment ala bilirlər, nə də özlərini müdafiə edə bilirlər. Ona görə də, məsələ çox vacibdir və problemi həll etmək lazımdır. Yerli televiziya və KİV-lər də bu məsələdə çox diqqətli olmalıdırlar”.