Azərbaycanda “Ortaq Türk tarixi” dərsliyi proqrama daxil ediləcək

Alim bildirir ki,  bu dərslik ciddi şəkildə incələnməlidir



“Əks təqdirdə soyu, kökü bir olan türk xalqları arasında narazılıqlar yarana bilər”




“Ortaq Türk tarixi” dərsliyi gələn ildən respublikanın bütün orta məktəblərində tədris proqramına daxil ediləcək. Bunu təhsil naziri Ceyhun Bayramov Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırali ilə görüşü zamanı deyib. Nazir bəyan edib ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Bakıda keçirilən VII Zirvə görüşündən sonra Akademiyanın Elmi Şurasına sədrlik Azərbaycana keçib. Bu sədrlik ölkəmizə mühüm işlər görmək üçün imkan yaradacaq. Akademiya prezidenti Kıdırali “Ortaq Türk tarixi” dərsliyinin Azərbaycanın 150 orta məktəbində pilot layihə olaraq tədrisini çox yüksək qiymətləndirib və buna görə nazirə minnətdarlıq edib. Görüşdə BTA tərəfindən həyata keçirilən digər layihələr də müzakirə edilib. O cümlədən təhsil sahəsində əməkdaşlıq perspektivləri haqqında söhbət aparılıb. 

Xatırladaq ki, “Ortaq Türk tarixi” dərsliyinin məktəblərdə tədris olunması dəfələrlə gündəmə gətirilib. Mütəxəssislərin fikrincə, ortaq tarix dərslikləri bütün türk dövlətlərinin məktəblərində tədris olunmalıdır. Yalnız o halda türk xalqlarının bir-biri ilə mədəni inteqrasiyasını gücləndirmək mümkün hala gələr. 

Nazirin dərsliklə bağlı məlumatını “Şərq”ə şərh edən türkoloq-alim, Bütöv Azərbaycan Ocaqlarının sədr müavini Faiq Ələkbərli deyib ki, “Ortaq Türk tarixi” dərsliyinin bütün türk dövlətlərində, o cümlədən Azərbaycanda tədris olunması çox təqdirəlayiq haldır. Lakin alim hesab edir ki, ilk növbədə türk dünyasını öyrədən “Ortaq Türk tarixi” dərsliyinin dərs proqramı ciddi incələnməlidir: 

“Dərslikdə bütün fikirlər, görüşlər, fərqli tarixlərə baxış çox həssaslıqla ifadə olunmalıdır. Əks təqdirdə soyu, kökü bir olan türk xalqları arasında müəyyən problemlər və narazılıqlar yarana bilər. “Ortaq Türk tarixi” ilk növbədə türk xalqlarında ortaq tarixi şüur formalaşdırmalıdır. Ona görə də qədim və orta çağlardakı bütün türk dövlətlərinin siyasətləri və savaşları yeni nəslə vahid baxış və eyni ruhla təqdim olunmalıdır. Əfsuslar olsun ki, indiyə qədər türk dünyasını Qərb tarixçiliyi və onun uzantısı olan rus və fars tarixçiliyi nöqteyi-nəzərindən öyrənmişik. Nəticədə bir çox hallarda bir-birimizə düşmən mövqedə dayanmışıq. Bunun ən bariz nümunəsi Səfəvi-Osmanlı müharibələridir. O baxımdan ortaq dərsliyin hazırlanmasına ciddi yanaşmaq lazımdır. Bütün hallarda belə bir addımın atılması müsbətdir”.