Şəhid Bəhruz Qasımovun xatirəsi əbədiləşdirildi: "Onun məzarı yox idi"

Oktyabrın 19-da Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov respublikamızın ərazi bütövlüyü uğrunda Ağdam rayonu ərazisində gedən döyüşlərdə şəhid olan Qasımov Bəhruz Fazil oğlunun Badamdar qəsəbəsi, Seymur Məmmədov küçəsində yerləşən “Şəhidlər abidəsi”ndə xatirə barelyefinin yerləşdirilməsi ilə bağlı abidəni ziyarət edib.

Tədbirdə iştirak edən icea hakimiyyətinin başçısı, şəhidin ailə üzvləri, qəsəbə sakinləri, icra hakimiyyətinin məsul işçiləri, idarə, müəssisə və təşkilatların rəhbərləri şəhidin barelyefi qarşısına gül dəstələri qoyublar.
Şəhid olan Bəhruz Qasımovun əmisi oğlu tanınmış jurnalist, yazıçı İlqar Əlfioğlu Lent.az -a bildirib ki, ailəsi indiyədək Bəhruzu şəhid kimi qəbul edə bilməyib:

“Buna səbəb onun Ağdam döyüşlərində itkin düşməsi olub. Sonradan onun barəsində heç bir məlumat ala bilmədik. İtkin düşməsi səbəbindən məzarı yox idi. “Şəhidlər abidəsi”ndə Bəhruzun xatirə barelyefinin yerləşdirilməsi ilə ailəmizin ziyarət edəcəyi bir yer oldu.
Ailəmiz adından Səbail rayon İcra Hakimiyyətinə təşəkkür edirəm”.