Deputatlar küçəyə atılan uşağa baş çəkdilər

"Dünən Bakının Lökbatan qəsəbəsində çöldə körpə uşağın tapılması barədə xəbər yayıldı. Bu gün deputat Sona Əliyeva və mən körpənin yerləşdirildiyi Ana və Uşaq Sağlamlıq Mərkəsində olduq".

Bu barədə deputat Aydın Mirzəzadə sosial şəbəkə hesabında bildirib. O qeyd edib ki, körpə adi qutuda, paltarsız üstü natəmiz şəkildə tapılıb:
"Onun zəif ağlamaq səsini təsadüfən ordan keçən bir nəfər eşidib və polisə xəbər verib. Körpə mərkəzə çatdırılan kimi çimizdirilib, tam müayinə edilib və süni yemək verilib".
A.Mirzəzadə bildirib ki, körpə sağalmağa doğru gedir:
"Ona qayğı göstərildiyinin şahidi olduq, müalicə edən həkim və tibb bacıları ilə söhbət etdik. Təlimat qadağan etdiyinə görə, onun şəklini çəkə bilmədik.
Bizi qarşılayan və müşayiət edən mərkəzin baş həkimi Səadət xanım körpənin patoloji probleminin olmadığını və tam sağalması üçün səy göstərildiyini dedi.
Artıq neçənci dəfədir ki, Bakıda yeni doğulmuş körpə uşaqların atılması xəbəri yayılır. Görünür, bu məsələdə ciddi maariflənməyə ehtiyac var. Bununla bağlı sosial çarxların göstərilməsi, telekanallarda müzakirə aparılması da yerində olardı. Hətta övladından imtina edən analar bunu sivil qaydada, onun həyatına təhlükə olmadan da edə bilməyin mümkünlüyünü bilməlidirlər.
İnanıram ki, həmin ana icra hakimiyyətinə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etsəydi, mütləq ona kömək edər, çıxış yolu göstərərdilər".