Narkotiki leqallaşdırmaq yolverilməzdir: Dəhşətli mənzərə yaranacaq - SOS

Gec-tez ölkəmizdə yüngül narkotik vasitələrdən istifadənin leqallaşdırılacağı nəzərdə tutulur. Bu barədə Respublika Narkoloji Mərkəzinin direktoru Araz Manuçeri-Lalei məlumat verib. O bildirib ki, bir sıra ölkədə yüngül narkotik vasitələrdən istifadə leqallaşdırılıb, bəzilərində bu məsələ müzakirə edilir:

“Narkotik vasitələr ilk dəfə Niderlandda leqallaşdırılıb. Bu gün Niderlandda çoxlu sayda narkotik istifadəçisi var. Amma onları çoxu narkotikdən istifadə etmək üçün Niderlanda başqa ölkələrdən gəlir. Niderlandın özündə sağlam həyat tərzi mühüm yer tutur və yerli əhali arasında narkotik istifadəçilərinin sayı çox azdır. Yüngül narkotik vasitələrin leqallaşdırılmasından sonra Niderland əhalisi arasında narkotik vasitə istifadəçilərinin sayında azalma qeydə alınıb”.

Respublika Narkoloji Mərkəzinin direktoru leqallaşdırmanın da müəyyən məhdudiyyətləri özündə ehtiva etdiyini diqqətə çatdırıb: “Məsələn, Azərbaycanda spirtli içki leqaldır, lakin spirtli içki içərək sükan arxasında əyləşmək, evdə spirtli içki hazırlamaq, spirtli içkini lisenziyasız satmaq olmaz. İşə içkili vəziyyətdə gələnlər çox rahatlıqla işdən qovulur. Niderlandda marixuanadan istifadə leqal olsa da, marixuana çəkib avtoşluq edə bilməzlər. Bu halda həmin şəxsin cəzası narkotikdən istifadə etməyən şəxslə müqayisədə daha çox olur. İşə narkotik vasitədən istifadə edərək gəlmək də yolverilməzdir. Mən hesab edirəm ki, Azərbaycanda da gec-tez yüngül narkotik vasitələrdən istifadə leqallaşdırılacaq. Bəlkə bu, 20, 30 il çəkəcək, ancaq cəmiyyət artıq bu yöndə gedir. Cəmiyyətdə, mətbuatda bu məsələ müzakirə edilir, deputatlar bu barədə danışır, müxtəlif məqalələr nəşr olunur. Əgər bu məsələ gündəmdədirsə, gec-tez bu addım atılacaq. Sadəcə, Niderlanddakı kimi millətin düşüncəsi buna hazır olmalıdır”.



Tahir Kərimli: "Parlamentdə məsələ qaldırılsa, kəskin çıxış edib etirazlarımı bildirərəm"


Narkotik maddələrin leqallaşdırılmasının qəti surətdə əleyhinə olduğunu deyən millət vəkili Tahir Kərimli Sherg.az-a açıqlamasında söyləyib ki, ölkəmizdə narkotikdən istifadəyə iynənin ucu boyda imkan yaradılsa, dəhşətli mənzərə meydana gələcək:

“Böyük yanğınlar bir balaca kibritdən əmələ gəlir. Narkotiki təbliğ etmək olmaz. Buna imkan verməməliyik. Parlamentdə məsələ qaldırılsa, kəskin çıxış edib etirazlarımı bildirərəm. Niyə imkan verilməlidir ki, yüngül belə olsa narkotik məhsullardan istifadə leqallaşsın? Narkotik maddələr yalnız dövlətin xüsusi nəzarəti altında plantasiyalarda əkilib- becərilə bilər. Çünki onun tibbi ləvazimat və dərman kimi istifadə olunması mümkündür. Amma insanların məişət həyatında narkotikdən istifadəsinə icazə vermək düzgün deyil. Hansısa Avropa ölkələrinə baxıb nümunə kimi ölkəmizdə də nakotikdən istifadəni leqallaşdırılmasının qəti əleyhinəyəm. Bu, xalqımızın adət-ənənəsinə də uyğun deyil. Narkotik maddələr leqallaşdırılacağı təqdirdə, övladlarımızı da istədiyimiz kimi tərbiyə edə bilmərik. Ona görə də mütləq şəkildə bunun qarşısı alınmalıdır”.