Ermənistan Baş nazirinin keçmiş müavini Armen Gevorkyan maraqlı etiraf edib. O bildirib ki, Nikol Paşinyan Azərbaycanla müharibə istəmir, çünki bilir ki, bu müharibə onun idarəçiliyinin sonu olacaq:
“Biz hamımız anlamalıyıq ki, bu müharibə bizim çiçəklənən ölkə həyatı haqqında arzularımızın sonu deməkdir. Bu bizim regionda sahib olmağa çalışdığımız rəqabətqabiliyyyətli, təhlükəsiz ölkənin sonudur”.
Gevorkyan Bakının diplomatiyasının artıq öz bəhrəsini verdiyini etiraf edib:
“İlham Əliyev müharibə istəyirmi? Əminəm ki, yox. O, qisas haqqını özündə saxlayır və sərfəli ana qədər gözləyəcək”.
Məsələni dəyərləndirən millət vəkili Elman Məmmədov Sherg.az-a açıqlamasında Gevorkyanın ağıllı fikir söylədiyini deyib.
Deputatın sözlərinə görə, Paşinyan dərk edir ki, bugünkü güclü Azərbaycanın qabağında bütün istiqamətlərdə iflasa uğramış, siyasi böhran keçirən Ermənistan dayana bilməz:
“Bunu ağılı, düşüncəsi olan erməniləri hamısı dərk edir və artıq dilə gətirirlər. Məsələn, 1990-cı illərin ortalarında ermənilər müəyyən gərgin vəziyyət yarananda deyirdilər ki, istəsələr hücum edib bir neçə rayonumuzu ala bilərlər. Bu gün isə ermənilər həmsədr dövlətlərə və bütün beynəxalq qurumlara deyirlər ki, “biz ümid edirik və arxayınıq ki, siz Azərbaycanı müharibəyə başlamağa qoymazsınız”. Hər iki yanaşma arasındakı fərq hazırda Azərbaycanda olan inkişafın nəticəsidir. Möhkəm daxili stabillik yaratdıq və bunun üzərində inkişafımızı qurduq, güclü Azərbaycan dövləti və ordumuz var”.
Elman Məmmədov: "Gərək Paşinyan deyilənlərə qulaq assın və torpaqlarımızdan qoşunlarını çıxarsın"
Parlament üzvü qeyd edib ki, hazırda Azərbaycanda güclü siyasi iradəyə malik olan rəhbərlik var:
“Bəli, ermənilər “İlham Əliyev sərfəli məqamı gözləyir” deməkdə tamamilə haqlıdırlar. Yəni, bu illər ərzində biz iqtisadiyyatımızı gücləndirib inkişaf etməklə bərabər eyni zamanda dünyanın bütün nüfuzlu qurumlarından lazımi hüquqi sənədlər almışıq. Onların bəzisi hətta ermənilərin işğalçı olmalarına dair qətnamələr qəbul ediblər. Bütün nüfuzlu beynəlxalq qurumlar Azərbaycanın ərazilərini tanıdıqlarını bəyan ediblər. Yetərincə hüquqi bazamız var, iqtisadiyyatımız güclüdür, güclü ordumuz var. Bir müharibə etməyəcəyik. Torpaqlarımızda uzun illərdən bəri kök salmış düşmən dövləti, ərazilərimizdən çıxarmaq üçün anti-terror əməliyyatı keçirəcəyik. Ermənilər bunu yaxşı dərk edirlər. Gərək Paşinyan deyilənlərə qulaq assın və torpaqlarımızdan qoşunlarını çıxarsın. Əks təqdirdə onu həm fiziki, həm də siyasi cəhətdən sonluq gözləyir".