Çin varlıların sayına görə ABŞ-ı keçdi 

Çin daha imkanlı insanların sayına görə ilk dəfə ABŞ-ı geridə qoyub.

Lent.az Lenta.ru-ya istinadla bildirir ki, bu haqda Credit Suisse bankının hazırladığı Global Wealth Report dünya rifahı illik hesabatında qeyd edilir.
Sənədə görə, 99,9 milyon çinli planetdəki 10 faiz daha varlı adamların siyahısına daxil olub. ABŞ-da isə bu kateqoriyaya 98,8 milyon insan aiddir. Bununla belə, milyonçuların sayına görə ABŞ Çini qabaqlayır. ABŞ-dakı milyonçuların sayı 18,6, Çində 4,4 milyon nəfərdir.

Bankın ekspertlərinin dəyərləndirməsinə görə, dünyadakı dollar milyonçularının sayı bir ildə 1,1 milyon nəfər artaraq 47 milyon nəfərə çatıb. Onların ümumi var-dövləti 158,3 trilyon dollardır.