Bəhruz Əhmədli: "Nəsimini bəşəriyyətə tanıtmaq və sevdirmək borcumuzdur"

"Nəsimi dünyasına varmaq xoşbəxtlikdir. Çünki Nəsimi laməkandır. Nəsimini ifa etmək, onun obrazını oynamaq özünü dərk etməkdir. “Nəsimi” filmində Nəsimi deyir ki, mən bəşəriyyətə lazımam. Bu gün Nəsimini bəşəriyyətə tanıtmaq və sevdirmək borcumuzdur. Bu borcumuzu bacardığımız qədər yerinə yetirməyə çalışırıq".

Bu fikri UNESKO-nun baş qərargahında Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi münasibətilə keçirilən konsertdən sonra AZƏRTAC-a müsahibəsində Azərbaycan Dövlət Pantomima Teatrının aktyoru Bəhruz Əhmədli söyləyib.

O bildirib ki, tamaşaçıların reaksiyası gözlədiklərindən də yaxşı oldu.

“Aktyor rolu ilə, rəssam əsəri ilə, müğənni isə ifası ilə çalışır ki, Nəsimi ruhunu tamaşaçıya ötürsün və onun obrazın layiqincə ifa etsin. Nəsiminin rolunu oynamağı onun ruhunu duyana verirlər. Nəsimi ilə ruhən yaxınlığım var və bu, Tanrının mənə verdiyi ona bənzərliklə üst-üstə düşür. Nəsimi rolunu ifa etmək mənim üçün şərəfdir”, - deyə B.Əhmədli bildirib.