Keçmiş deputata vəzifə verildi

Təhsil Nazirliyi yanında İctimai Şuranın növbəti iclası keçirilib.

Nazirlikdən verilən məlumata görə, iclasda İctimai Şuranın Əsasnaməsi (reqlamenti) qəbul edilib, həmçinin Bakı Dövlət Universitetinin professoru Şahlar Əsgərov İctimai Şuranın sədri, təhsil eksperti Nadir İsrafilov sədr müavini və Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov isə məsul katib seçilib.

İclasda Şura üzvləri şuranın fəaliyyət planı ilə bağlı ilkin təklifləri müzakirə ediblər. Növbəti iclasda fəaliyyət planının təsdiqi nəzərdə tutulur.

Təhsil Nazirliyi yanında İctimai Şura Təhsil naziri Ceyhun Bayramovun 2019-cu il iyulun 11-dəki əmrinə əsasən yaradılıb. Şuranın yaradılmasında əsas məqsəd nazirliyin fəaliyyətində şəffaflığı artırmaq, eyni zamanda təhsil sahəsində ictimaiyyətlə qarşılıqlı fəaliyyəti gücləndirməkdir.