Qusarda yeni araq zavodu açıldı - FOTOLAR

Oktyabr ayının 19-da “CARÇIOGLU GROUP” MMC və RF Tatarıstan Respublikasının “Tatspirtprom” dövlət şirkətinin birgə əməkdaşlığı ilə “RUS AZERİ SPİRİTS” zavodunun açılışı oldu. Zavod Qusar rayonunda yerləşir. “RUS AZERİ SPİRİTS” araq zavodu dünya markalarının Azərbaycanda ilk olaraq lisenziyalı istehsalına başlayıb. İstehsal olunan məhsullar həm ölkə daxilində, həm də xarici ölkələrdə satışa çıxarılacaq. Zavodun fəaliyyəti nəticəsində xarici araq məhsulları daxili bazarda 40 faizədək ucuzlaşacaq. Bu da ölkədə qeyri-neft sektorunun inkişafına böyük töhfə verəcək. 

Açılış mərasimində Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov, Qusar rayonundan millət vəkili seçilmiş Azər Badamov, “Tatspirtprom” şirkətinin baş direktoru İrek Minnaxmetov, “CARÇIOGLU GROUP” MMC-nin direktoru Elçin Carçıyev, Tatarıstanın Azərbaycan Respublikasındakı Nümayəndəliyinin rəhbəri Alfred Firdausov, bir sıra dövlət və hökumət nümayəndələri, “Bravo”, “Araz”, bir neçə marketlər şəbəkəsinin müdirləri və media nümayəndələri iştirak edirdilər.

Şair Alxasov öz nitqində yeni açılan zavodun əhəmiyyətindən, ölkəyə gətirəcəyi gəlirdən, insanların maddi rifah halının yaxşılaşmasından, işsizliyin aradan qaldırılmasından danışdı. O, “RUS AZERİ SPİRİTS” zavodunun açılışını Prezident İlham Əliyevin tapşırıq və tövsiyyələrinə əsasən sahibkarlar tərəfindən ölkənin qeyri-neft sektoruna dəstəyi kimi qiymətləndirdi.
 
“Tatspirtprom” şirkətinin direktoru İrek Minnaxmetov Rusiya ilə Azərbaycanın dost ölkələr olduğunu qeyd edərək bu əməkdaşlıqdan razı olduğunu ifadə etdi və yaxın gələcəkdə zavodun fəaliyyətinin daha da güclənəcəyini vurğuladı: “İnkişaf etmiş Azərbaycanda iqtisadiyyat sektoruna sərmayə yatırmaqdan məmnunuq. Zavodun məqsədi keyfiyyətli məhsullarla müştərilərin rəğbətini qazanmaqdır”.

Millət vəkili Azər Badamov Azərbaycanda yüksək standartlara malik “RUS AZERİ SPİRİTS” zavodunun fəaliyyətini iqtisadiyyatımıza birbaşa töhfə kimi qiymətləndirdi və ölkəyə gətirəcəyi gəlirlərdən danışdı: “Zavod ölkəyə idxal olunan məhsullarla rəqabət aparacaq və iqtisadiyyatımıza öz töhfəsini verəcək. Bu da ölkəmizə əlavə gəlir gətirəcək. Zavod həm də vergi ödəyicisi olacaq və dövlət büdcəsinə vergi ödəyəcək. Vergilərin çoxalması dövlət büdcəsinin xərclərində sosial yönümlü layihələrin həyata keçirilməsinə şərait yaradacaq. Dövlət büdcəsinə verilən töhfə Azərbaycanın inkişafı deməkdir. Qusarda vaxtilə 5 emal müəssisəsi fəaliyyət göstərirdi. Əfsuslar olsun ki, uzun illərdir, Qusarda fəaliyyət göstərən həmin müəssisələr öz fəliyyətini dayandırıb. Bu gün açılışını etdiyimiz “RUS AZERİ SPİRİTS” zavodu Qusarın sənayesinin dirçəldilməsində bir ilkdir. Bu, Qusarın sənaye sahəsinə açılan yeni bir pəncərəsidir. Eləcə də təmsil olunduğum Qusar rayonunda işsizliyin aradan qaldırılmasına töhfə deməkdir. Zavod tam gücü ilə fəaliyyət göstərdikdən sonra 100 nəfərdən artıq Qusar sakini işlə təmin olunacaq. Bu da ümümiyyətlə ölkəmizdə işsizliyin aradan qaldırılmasında böyük rol oynayır. Mən zavoda fəaliyyətində uğurlar arzulayıram”.

“CARÇIOGLU GROUP” MMC-nin direktoru Elçin Carçıyev qonaqları gözəl mənzərəli, səfalı Qusar rayonundan salamlamaqdan şad olduğunu bildirdi. Həm “RUS AZERİ SPİRİTS” zavodunun, həm də “CARÇIOĞLU GROUP” MMC-nin fəaliyyəti haqqında qonaqlara məlumat verdi: “Bildiyiniz kimi “CARÇIOĞLU GROUP” MMC 1997-ci ildən fəaliyyət göstərir. Azərbaycanın ən böyük idxalçı şirkəti olan “CARÇIOĞLU GROUP” MMC brend olaraq artıq dünyada ixracatçı şirkət kimi tanınacaq. Açılışını qeyd etdiyimiz “RUS AZERİ SPİRİTS” zavodunda ilkin olaraq 40 nəfər işlə təmin olunacaq”.

Elçin Carçıyev bu rəqəmin 100 nəfərə çatacağını qeyd etdi. Sahibkarlara yaradılan şəraitə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirdi. Dövlət başçısının ölkənin sosial-iqtisadi inkişafına dair apardığı uğurlu siyasəti dəstəklədiyini söylədi. Yaxın gələcəkdə “CARÇIOĞLU GROUP” MMC-nin fəaliyyətinin nəticəsi olaraq yeni iş yerlərinin açılacağını, dünyada olan digər brendlərin Azərbaycanda istehsal olunacağını qonaqların diqqətinə çatdırdı: “Biz düşünürük ki, dünya brendlərini artıq Azərbaycanda istehsal etməyin zamanıdır. Bundan sonra da yeni iş yerlərinin yaradılmasında əlimizdən gələni əsirgəməyəcəyik”.

Daha sonra “Tatspirtprom”un baş direktoru İrek Minnaxmetov və “CARÇIOGLU GROUP” MMC-nin direktoru Elçin Carçıyev rəsmi saziş imzaladılar. 

“RUS AZERİ SPİRİTS” zavodu “Tatspirtprom”un xaricdə fəaliyyətə başlayan ilk araq zavodudur. Tərəflərin hər birinin payı 50 faizdir. 

Qeyd edək ki, Azərbaycanda ilk dəfə olaraq “RUS AZERİ SPİTRS” zavodunda araqlar qızıl və gümüş filtrlərdən süzüləcək. Araq və spirtin analizləri üçün labaratoriya ən yeni və müasir tipli Qaz Xromotoqrafla təmin olunub. Arağın istehsalı üçün yalnız “ALFA” tipli spirtdən və “Qarabulaq” bulağının suyundan istifadə olunacaq.