Fransada erməni lobbisinin təsiri zəifləyir: Daha bir şəhər separatçı rejimlə “xartiya”nı ləğv etdi

“Paris erməni diasporuna görə, Bakı ilə münasibətlərini korlamaq istəmir”



Fransanın Lion inzibati məhkəməsi Azərbaycanın işğal olunmuş Şuşa şəhəri ilə imzalanmış növbəti “xartiya”nı ləğv edib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib. Məlumatda məhkəmənin Azərbaycan və Fransa milli qanunvericiliyinə zidd olaraq imzalanan qeyri-qanuni “saziş”in ləğv olunmasına dair qərarı alqışlanıb: “Fransa şəhərləri ilə qondarma rejimin “yerli hakimiyyət orqanları” arasında imzalanan 10 qanunsuz “müqavilə” məhkəmələr tərəfindən ləğv olunub. Azərbaycan tərəfi inanır ki, hazırda qüvvədə olan digər qeyri-qanuni “sənədlər” də tezliklə Fransa məhkəmələri tərəfindən ləğv ediləcək.

Qanunun aliliyi hər şeydən üstündür. Fransadakı erməni lobbisi başa düşməlidir ki, onların Fransa qanunlarını və bu ölkənin beynəlxalq öhdəliklərini pozmaq bahasına öz maraqlarını reallaşdırmaq cəhdləri uğursuzluqla nəticələnəcək”. 
Vurğulamaq lazımdır ki, Fransa ATƏT-in Minsk Qrupunun həmsədri olsa da, daha çox ermənipərəst mövqeyi ilə gündəmə gəlir. Bəzi politoloqlar hesab edirlər ki, Fransa məhkəmələrinin ədalətli qərarları erməni lobbisinin bu ölkədə təsir gücünün zəiflədiyini göstərir. Onların iddiasına görə, rəsmi Paris indiyə qədər sürdürdüyü yanlış və qərəzli mövqeyi dəyişmək niyyətindədir. 



Azər Rəşidoğlu: "Paris-Bakı münasibətlərində yeni mərhələnin başlayacağını ehtimal edə bilərik"


Məsələni “Şərq”ə dəyərləndirən politoloq Azər Rəşidoğlu isə bildirib ki, Fransa ikili standartlara əsaslanan siyasət yürüdür. Ekspertin sözlərinə görə, ATƏT-in Minsk Qrupunun həmsədrlik institutu yaradılan zaman Azərbaycan qəti şəkildə Fransanın həmsədr olmasına etiraz edirdi:

“O zaman Fransa qərəzsiz və balanslı siyasət yürüdəcəyi barədə öhdəlik götürmüşdü. Təəssüflər olsun ki, rəsmi Paris uzun müddət qərəzli, ədalətsiz mövqe nümayiş etdirərək, ona bəslənilən ümidləri doğrultmadı. Fransa bu ölkədəki erməni diasporunun və iş adamlarının təsir və təzyiqi ilə işğalçı Ermənistanı və qondarma Dağlıq Qarabağ rejimini dəstəkləməklə özünü nüfuzdan saldı. Əslində Parisin səmimiyyətinə, əvvəlki mövqeyinin dəyişdiyinə inanmıram. Parisin Qafqazdakı siyasəti Ermənistandakı maraqları üzərində qurulub. Lakin unutmaq olmaz ki, bölgədə əsas söz sahibi Moskvadır. Sadəcə, iqtisadi cəhətdən əsas layihələrdə Qərb aktivlik qazanıb və bu üstünlüyünü əldən vermək istəmir. Ona görə də Fransa kimi ölkələr birbaşa Azərbaycanın əleyhinə addımlar atmırlar və nisbətən balansı gözləməyə çalışırlar”. 

Analitikin fikrincə, mövcud reallıqlar və Fransanın öz mənafeyi tələb edəcək ki, bu ölkə ilə Azərbaycanın münasibətləri inkişaf etsin:

“Bu baxımdan Paris-Bakı münasibətlərində yeni mərhələnin başlayacağını ehtimal edə bilərik. Paris anlayır ki, Azərbaycan bölgənin əsas oyunçularından biridir. Odur ki, erməni diasporuna görə, Bakı ilə münasibətlərini korlamaq istəmir”.