İstanbulda Əhməd bəy Ağaoğlu ilə bağlı simpozium panellərlə davam edir - FOTOLAR

Böyük mütəfəkkir Əhməd bəy Ağaoğlunun 150 illik yubileyi ilə əlaqədar Azərbaycan İlahiyyat İnstitutu (Aİİ), İstanbul Universiteti Türkiyat Araşdırmaları İnstitutu, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi, Türk Ocaqları İstanbul şöbəsinin birgə təşkilatçılığı ilə Türkiyə Respublikasının İstanbul şəhərində “Türk dünyasının görkəmli ictimai-siyasi xadimi – Əhməd bəy Ağaoğlu” mövzusunda ikigünlük simpozium öz işini panellərlə davam etdirir.

Simpoziumun birinci günü panellər professorlar Cezmi Erarslan və Temuçin Faik Ertan, dosent Fatih Sancaktarın moderatorluğu ilə keçirilib.

Panellərdə Azərbaycan və Türkiyənin tanınmış alimləri - Abdullah Gündoğdu, Solmaz Rüstəmova-Tohidi, Nəsib Nəsibli, Temuçin Faik Ertan, Bədirxan Əhmədov, Abdullah Gündoğdu, M.Ufuk Özcan, Əli Əsgər, Cafer Güler, Şaban Bıyıklı və Nuri Civelek məruzələrlə çıxış ediblər.

Məruzələr Azərbaycan ictimai fikir tarixində dərin iz buraxmış Əhməd bəy Ağaoğlunun həyat və yaradıcılığı, onun Azərbaycan Xalq Cümhuriyyəti Parlamentindəki fəaliyyəti, Türkiyə Cümhuriyyətinin ictimai-siyasi həyatında, “Difai” təşkilatının yaradılmasında rolu, ədəbi və ictimai fəaliyyəti, həmçinin İslam və milliyyətçiliklə bağlı düşüncələri, milli mübarizəsini və yaradıcılığında multikultural dəyərlərin tərənnümü kimi mövzuları əhatə edib.

Xatırladaq ki, simpozium öz işini oktyabrın 22-də də davam etdirəcək.