Efirlərdə surdo-tərcümələr görünmür

Bu isə əngəlli vətəndaşların informasiya almaq hüququnun pozulmasıdır



Nəinki xəbər proqramları, hansısa xüsusi verilişlər, hətta mahnılar, filmlər də surdo-tərcümə ilə verilməlidir




...Dünyaya gəldik bir kərə,
Qavğayı burax, sən də bu şarkını söylə,
Sevdikcə gülər hər çöhrə.
Amaclar həp bir olsun,
Qəlblər birlikdə...

Türkiyə məktəblilərinin eşitmə və danışma əngəllilər üçün onların anlayacağı dildə - jestlərlə ifa etdikləri bu məşhur mahnının video-çarxı uzun müddət bu ölkənin  telekanallarında yayımlandı. Bununla uşaqlar dil və eşitmə qüsuru olanlara sevgilərini, onlarla eyni cəmiyyəti paylaşdıqlarını ifadə edirdilər; “Siz fərqli deyilsiniz, siz də bizdənsiniz”. Qardaş ölkədə hətta mahnıların da əngəlli insanlar üçün əlçatan olması, onların üzünü güldürməsi üçün bu qədər əmək sərf edildiyi halda, bizdə eşitmə və danışma əngəllilərin sadə informasiya almaq hüquqları hələ də tam təmin edilməyib. Söhbət telekanallarda surdo-tərcümələrin olmamasından gedir. Hazırda dünya informasiya ilə nəfəs alır. Belə bir zamanda müəyyən bir təbəqənin informasiyasız, sözün həqiqi mənasında informasiya blokadasında qalması, doğrusu, hədsiz təəssüf doğurur. Uzun illər öncə, Azərbaycan Dövlət Televiziyasında surdo-tərcümələr verilirdi. Hətta bəzi filmlərimiz də əngəlli vətəndaşlarımız üçün əlçatan idi. Lakin son illər surdo-tərcümələr efirdə ümumiyyətlə, görünmür. Bu isə əngəlli vətəndaşların informasiya almaq hüququnun pozulmasıdır.

MTRŞ məktub göndərdi


Qeyd edək ki, Milli Televiziya və Radio Şurası Azərbaycan telekanallarında subtitrlər və surdo-tərcümələrin tətbiqi ilə bağlı yerli yayımçılara məktubla müraciət edib. Bu barədə MTRŞ-nin Hüquq və Beynəlxalq Əlaqələr şöbəsinin müdiri Nemət Cavadov məlumat verib. O bildirib ki, telekanallara xəbərdarlıq məktubunda qeyd edilib ki, bütün telekanallar informasiya əldə etmək hüququnun təminini əsas götürərək surdo-tərcümələrin tətbiqini həyata keçirməlidir. 

N.Cavadov artıq iki telekanaldan cavab məktubu gəldiyini də söyləyib: "Azərbaycan Dövlət Televiziyası və İctimai Televiziyadan bununla bağlı müsbət cavab gəlib. Onlar məktubda qeyd ediblər ki, surdo-tərcümənin tətbiqi istiqamətində artıq işlərə başlanılıb".

Qeyd edək ki, Azərbaycanda dövlət dilinin şifahi şəkildə istifadə edildiyi sferalarda eşitmə və ya nitq pozuntusu olan şəxslər üçün işarət (jest) dilinin rəsmi olaraq ünsiyyət dili kimi tanınması təmin ediləcək. Bu, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Təhsil Nazirliyinin birgə işçi qrupunun hazırladığı "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" qanun layihəsində əksini tapır. 
Məqsəd dövlət tərəfindən əlilliyi olan şəxslərin digərləri ilə bərabər səviyyədə, maneəsiz informasiya əldə etmələrinə, həmçinin öz fikirlərini, ideyalarını sərbəst ifadə etmələrinə, ümumən cəmiyyətə inteqrasiyasına daha geniş şərait yaradılmasıdır.

İşarət dilinin istifadəsinin genişləndirilməsi məqsədilə görmə və eşitmə məhdudiyyəti olan şəxslər üçün ədəbiyyatın nəşr edilməsi, elmi, metodiki, bədii əsərlərin, həmçinin təhsil müəssisələri və kitabxanalar üçün Brayl şrifti ilə çap edilmiş ədəbiyyatların əldə olunması təmin ediləcək. Azərbaycan Dövlət Televiziyasının proqramlarında, kino və videofilmlərdə subtitr və ya surdo-tərcümə sisteminin tətbiq edilməsi də nəzərdə tutulur.
Bu dəyişiklik eyni zamanda, milli qanunvericiliyin BMT-nin "Əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiyası"na uyğunlaşdırılması istiqamətində növbəti addımdır. Belə ki, ölkəmizin 2 oktyabr 2008-ci ildə ratifikasiya etdiyi həmin Konvensiyanın 21-ci maddəsinə əsasən, bu sənədə qoşulan ölkələrin öhdəliklərindən biri kimi jest dillərinin, Brayl əlifbasının, əlilliyi olan şəxslərin seçiminə uyğun gücləndirici və alternativ üsulların, ünsiyyətin bütün digər üsullarının, metod və formatların rəsmi münasibətlərdə qəbul olunması və istifadəsinin təmin olunmasıdır.

Məktub işə yarayacaqmı?


Ötən əsrə “qayıtsaq”, görərik ki, Azərbaycan Dövlət Televiziyasında 1994-95-ci illərə qədər surdo-tərcüməçilər işləyib. Son illərdə isə bu sahədə axsamalar mövcuddur. Eşitmə, nitq qüsurlu insanlar sanki unudulub. Halbuki hazırda Azərbaycanda 7 mindən artıq lal-kar qeydiyyatdadır. "İnformasiya əldə etmək haqqında" qanuna görə, hər kəsin informasiya almaq hüququ vardır.

Məsələ ilə bağlı ekspertiza, proqramlaşdırma və analitik şöbənin müdiri Təvəkkül Dadaşov bir müddət öncə «Şərq»ə açıqlamasında bugünkü efirdə surdo-tərcümələrin olmadığını bildirmişdi:

- Bir neçə il əvvələ kimi, «Lider» telekanalında surdo-tərcümələr verilirdi. Amma hazırda heç bir yerli telekanalda surdo-tərcümələr yoxdur. Amma olmalıdır. Xüsusilə də, dövlət büdcəsindən maliyyələşən yayımçılar surdo-tərcüməni təmin etməlidir. Məsələn, İctimai Televiziyada olmalıdır… Təəssüf ki, yoxdur. 

T.Dadaşov telekanallar qarşısında surdo-tərcümə tələbi ilə çıxış etmədiklərini də bildirdi:

- MTRŞ tövsiyə xarakterli təkliflə çıxış edib. Surdo-tərcümələrin təmin edilmədiyi halda konkret sanksiyalar da yoxdur. Bütün hallarda gərək yayımçılar tövsiyələrdən nəticə çıxarsın. Çünki bu, həm də ictimai maraq kəsb edən məsələdir. 
«Bəs nə səbəbdən yayımçılar surdo-tərcümələrə müraciət etmir?» sualına gəlincə, T.Dadaşov «bunu yayımçılar bilər» dedi və əlavə etdi ki, mütəxəssis azlığı, həmçinin maliyyə çatışmazlığı da səbəblər sırasında ola bilər. 

Fiziki qüsurlu insanlar informasiya ilə təmin edilməlidir


Bütün televiziyalar eşitmə və nitq qüsurlu insanları nəzərə almalı, təkcə informasiya proqramları deyil, digər verilişləri də onlar üçün başadüşüləcək səviyyədə təqdim etməlidirlər.    

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyada hər 9 nəfərdən biri eşitmə qabiliyyətindən məhrumdur. Fiziki cəhətdən qüsurlu insanların isə cəmiyyətə inteqrasiya olunmalarında daim problemlər olur. Dil və eşitmə qüsuru olan əlillərin problemi daha böyükdür. Danışmaq və eşitmək qabiliyyətindən məhrum insanlar ilk növbədə normal insanlarla ünsiyyət qurmaqda əziyyət çəkirlər. Ölkəmizdə də onların sayı on minə yaxındır. 

Mingəçevir Şəhər Rayonlararası Lallar-Karlar Cəmiyyəti 1973-cü ildən fəaliyyət göstərir. Cəmiyyətin sədri, surdoloq Elman Abbasovun sözlərinə görə, hazırda cəmiyyətin 230-a yaxın üzvü var: 

"Əvvəllər bir televiziya kanalında bir sıra proqramların nümayişində lal və kar auditoriyanın anlaması üçün tərcüməçilər olardı. Yəni onlar ağız, əl hərəkətləri ilə, mimika və jestlərlə aparıcının nədən danışdığını lal və karlara izah edərdilər. Onlar da ölkədə gedən ictimai-siyasi proseslərdən, sosial vəziyyətdən, mədəniyyət aləmindən xəbər tutardı. Amma xeyli vaxtdır ki, heç bir kanal bizim zümrəyə məxsus insanlara xidmət etmir. Bu səbəbdən onlar dünyada, eləcə də ictimai mühitimizdə baş verən proseslərdən bixəbərdirlər. Seçib-seçilmək hüququ olan bu insanların belə informasiya blokadasında yaşamağına nə ad vermək olar?!
Tanrı bütün insanlara eşitmək, danışmaq qabiliyyəti vermir. Eşidib danışmaq hissindən xəbərsiz olan insanlar eşidən və danışan insanlardan fərqli olaraq daha möhkəm yaddaşa malik olur. 

Defektoloq-loqepedlər bildirir ki, lallar və karlar bütün informasiyaları çətinliklə qavradığı üçün eşitdiklərini mümkün qədər yadda saxlamağa çalışır. Allah bu insanlardan nitq qabiliyyətini, eşitmək hissini alsa da, əvəzində onlara etibarlı yaddaş verib. İnsanlar hadisələri eşitmək, görmək vasitəsilə yadda saxlayır, nitqin də formalaşmasında eşitməyin xüsusi rolu var. Eşitmək imkanı məhdud olan insanların danışması mümkün deyil, bu baş verərsə, çox qəribə görünər. 

Kar və lallar, zəif eşidənlər üçün paytaxtda bir neçə internat məktəbi fəaliyyət göstərir. Zəif eşidənlərə daktil əlifbası keçilir və onlar bu qrafikanı mənimsədikdən sonra normal oxuyub-yaza bilir. Lal və karlar üçün olan məktəblərdə də eşitmək və danışmaq qabiliyyətindən məhrum olanlara da bu əlifbanın öyrədildiyi bildirilir. Bu insanlar yazı və işarələr vasitəsilə bir-birini başa düşür, bir-birilə ünsiyyət qurur. 
Lakin hazırda lal və karların informasiya almaq baxımından çox ciddi problemləri var. Azərbaycan televiziyalarında surdo-tərcümə xidmətindən istifadə edilmir. Telekanallar bu sahəyə maraq göstərmir. Türkiyə, Rusiya və başqa ölkələrin telekanallarında isə lal və kar auditoriyanın da televiziya verilişlərinə baxmasına xüsusi diqqət yetirildiyini görürük. Bir çox telekanallarda surdo-tərcüməçilər işləyir, onlar nitq və eşitmə qüsurlu insanları informasiya ilə təmin edir. Hətta bəzi xarici telekanallarda bu təbəqənin insanları üçün xüsusi proqramlar var, bu proqramda eşitmə və nitq qüsurlu insanlar iştirak edir. 

Telekanallarda surdo-tərcüməçi ştatı olmalıdır


Bütün inkişaf etmiş cəmiyyətlərdə fiziki qüsuru olan insanların cəmiyyətə adaptasiyası istiqamətində həm dövlət qurumları, həm ictimai təşkilatlar böyük işlər görür. Dövlətimiz lal və karların təhsil alması, cəmiyyətə inteqrasiya edilməsi və s. sahələrdə layihələr həyata keçirir. Bunun nəticələri də var. QHT-lər, ictimai təşkilatlar isə bu sahədə nəzərəçarpan işlər görmür. 

Sovet dövründə isə onlara informasiya almaq şəraiti yaradılırdı. Xəbərlər və digər verilişlərdə deyilənləri lal və kar tamaşaçılara anlatmaq üçün surdo-tərcüməçilər yoxdur. Telekanallarda surdo-tərcüməçi ştatı yaradılmalıdır.  
Loqopedlərin sözlərinə görə, televiziyalar öz verilişlərini yalnız danışan və eşidən auditoriya üçün hesablamalı deyil, onlar fiziki cəhətdən qüsurlu olan auditoriyanı da nəzərə almalıdır. Lallar, karlar televiziyaya maraqla baxır, amma orada baş verənləri başa düşmədikləri üçün kədərlənirlər. 



Azərbaycan Karlar Cəmiyyətinin 1 saylı müəssisəsinin rəhbəri Ayaz Məmmədov qaldırılan məsələnin çox aktual olduğunu bildirir. A.Məmmədovun sözlərinə görə, son illərə qədər televiziyalarda surdo-tərcüməçilər işləyirdi, onlar lal və kar tamaşaçıları anladırdı: 

"Bu tərcüməçilər mimika və jestlər vasitəsilə kar və lalları başa salırdı. Təbii, onlar da verilişə baxırdılar. İndi isə bu tərcüməçilər yoxdur. Mənə elə gəlir ki, televiziyalar lal və karlar üçün nəzərdə tutulan tərcüməçini artıq pul xərcləməməkdən ötrü efirə buraxmır. Amma bilmirlər ki, lal və karların buna böyük ehtiyacı var. Cəmiyyətin bütün üzvləri kimi onlar da məlumat almaq istəyir, ancaq ala bilmirlər. 
Televiziyalar kar və lal tamaşaçıları nəzərə alıb verilişlər hazırlasa, yaxşı olar. Tərcüməçilər efirə cəlb edilsə, lallar və karlar televiziyaya baxar. 
Surdo-tərcüməçilərin olması vacibdir. Kar və lal auditoriya da informasiya almalıdır. Onların buna ehtiyacı böyükdür. 
Hazırda surdo-tərcüməçilər respublika üzrə 3-4 nəfərdir. Odur ki, surdo-tərcüməçilər üçün yeni kurslar açılır: "İnformasiya qıtlığı yaşadıqları üçün televiziyalarda surdo-tərcüməçilərin xidməti təşkil edilməlidir. Danışmayan yaxın adamı olmasa, onlar həkimə gedəndə də problemlə qarşılaşırlar. Sənədləşmə işlərində də tərcüməçiyə ehtiyacları olur. Eləsi var adını yaza bilmir. Mimika hərəkətləri ruslarla eynidir, demək olar ki, fərqlənmir. Amma ingilis, türk dilinin mimikasını öyrənmək onlar üçün çətindir. 

Birisinin jest dilini öyrənməsi, bu dilin daşıyıcılarının əhatəsində olması, onlara az da olsa xeyir verməsi nə dərəcədə maraqlı, eyni zamanda məsuliyyətlidir. 
Televiziyalarda surdo-tərcümələrin olması fiziki qüsurlu insanların cəmiyyətə inteqrasiyası baxımından çox vacibdir. Nəinki xəbər proqramları, hansısa xüsusi verilişlər, hətta mahnılar, filmlər də surdo-tərcümə ilə verilməlidir. Bu, eşitmə və nitq qüsurlu insanların həyatını rəngarəng edərdi.