Gürcüstan yəhudi icması və Azərbaycan

Diasporla İş üzrə Dövlət Komitəsinin və Gürcüstan yəhudi icmasının birgə layihəsi


Tarixi qaynaqlar göstərir ki, yəhudilər müxtəlif vaxtlarda Bizans və İran dövlətindən, Xəzər xaqanlığından Gürcüstana köç etmiş, əvvəllər burada yerləşmiş soydaşları ilə qaynayıb-qarışmışlar. Zaman keçdikcə, onlar öz dillərini unutmuş və gürcü dilində (kartvel qrupu) danışmağa başlamışlar.

Gürcüstanda yəhudilər dağınıq və kiçik qrup halında yaşamışlar. Onlar yerli xalqın mətbəx, geyim, musiqi və rəqslərini götürmüşlər. Gürcüstan yəhudiləri gürcü dilində yazıb-oxuyur və özlərini "ebraeli", "israeli", yaxud "kartuli-ebraeli" adlandırırlar. Orta əsrlərdə Gürcüstana gəlmiş səyyahlar qeyd etmişlər ki, onlar xarici görkəm və simalarına görə yerli xalqlardan seçilmirdilər. Gürcü yəhudiləri Azərbaycana ilk dəfə XVIII əsrdə gəlməyə başlamışlar. Onlar ölkəmizə Gürcüstanın Axalkələk, Axaltsixe, Oni, Kulaşi və Kutaisi bölgələrindən köçmüşlər. Sonrakı illərdə gürcü yəhudilərinin Vətənimizə axını intensivləşmiş və bu proses Birinci dünya müharibəsi başlamasınadək davam etmişdir.

Müsahibimiz  Gürcüstan yəhudi icmasının rəhbəri, fizika-riyaziyyat üzrə elmlər doktoru Abik Çaruxçevdir.  Onunla icmanın dünəni, bu günü və sabahı haqqında danışırıq:



- Ümummilli lider Heydər Əliyev yəhudi dini icmalarına daim yüksək diqqət və qayğı ilə yanaşıb, hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, ölkədə mövcud tolerantlıq və multikultural ənənələr qorunur, tarix boyu Azərbaycanda bütün xalqlar qarşılıqlı anlaşma şəraitində yaşayıb.

Mən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevlə bir neçə dəfə görüşmüşəm. Ulu öndər Heydər Əliyev böyük şəxsiyyətdir. Onun mürəkkəb siyasi hadisələri təhlil edib, düzgün qərar verməsi bizi həmişə heyran edib.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi XX yüzilliyin tarixinə ən faciəli münaqişələrdən biri kimi daxil olub, onun nəticələri milyonlarla insanın taleyinə ciddi təsir göstərib. 1988-ci ildə erməni tərəfinin Azərbaycanın tarixi torpaqlarına ərazi iddiaları və etnik zəmində təxribatları ilə başlamış bu münaqişə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü ilə nəticələnib.



1993-cü il iyunun 15-də Heydər Əliyev yenidən hakimiyyətə qayıdanda ölkədə mürəkkəb şərait hökm sürürdü. O, belə bir nəticəyə gəldi ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində kompleks yanaşma, mühüm daxili və xarici siyasət amillərinin nəzərə alınması tələb olunur. Bunlar ictimai-siyasi sabitliyin təmin edilməsi, döyüş qabiliyyətli nizami ordunun yaradılması, dövlət institutlarının yenidən formalaşdırılması və onların səmərəli fəaliyyətinin təmin edilməsi, iqtisadiyyatın bərpası və köklü idarəçilik islahatlarının həyata keçirilməsi, ölkənin yaxın onilliklər üçün inkişafını təmin edəcək strateji neft müqavilələrinin bağlanması və nəticə olaraq millətin bir amal – azərbaycançılıq ideologiyası ətrafında birləşdirilməsini özündə ehtiva edirdi. 1994-cü il mayın 12-də atəşkəsə dair razılıq əldə olundu. Bu vaxta qədər Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan Respublikasının 20 faiz ərazisi Ermənistan ordusu tərəfindən işğal olunmuşdu. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində 1 milyondan artıq azərbaycanlı məcburi köçkün vəziyyətinə düşüb, 20 min nəfər hərbi əməliyyatlar dövründə həlak olub, 50 min nəfər əlil olub. Qarabağ döyüşlərində Azərbaycan vətəndaşı olan yəhudilər də iştirak ediblər. Biz daim Azərbaycanın ümumxalq kədərinə şərik olub, uğurlarına isə sevinmişik. Azərbaycanda yaşayan etnik xalqlar və milli azlıqlar, həmçinin yəhudi icması Ermənistanın işğalı bir dövlət olduğunu dünya ictımaiyyətinə çatdırmaqla, Azərbaycan xalqının haqq səsinə daim dəstək verməlidir.

- Qafqaz yəhudilərini 3 qrupa ayırmaq olar: dağ, avropalı və gürcü yəhudiləri. Dağ yəhudiləri əsasən Azərbaycanın dağətəyi rayonlarında və Dağıstanda yaşayırlar. Biz gürcü yəhudiləri əsrlər boyu təqib olunandan sonra Gürcüstanın Axaltsixe şəhərində məskunlaşdıq. Soyadımız da bu ərazidəki Çaruxça dağ çayı adından götürülüb. Əslində, nəslimizin soy kökü Çaruxçaşvilidir. Mənim ulu babam İliya bu regionda böyük torpaq mülkiyyətçisi olub. Vorontsov-Daşkov tərəfindən ermənilərin bu bölgəyə miqrasiyası zamanı canişin qərar verir ki, gürcülərin və yəhudilərin əkinə yararsız torpaq sahələri alınıb ermənilərə icarəyə verilsin. Bizim ailə arxivində babamla ermənilər arasında olan məhkəmə çəkişmələri haqqında sənədlər yer alır. Həmin sənədlərdə Vorontsovun möhürü də var. Babam bu haqsızlığa dözə bilməyib məhkəmə prosesində ermənini öldürüb və təqib olunduğu üçün İrana qaçıb. Sonra Azərbaycana pənah gətirib. Onun söylədiyinə görə, Axaltsixedə cəmi 14 erməni ailəsi yaşamıyıb. Türkiyədə məlum hadisələrdən sonra çar Rusiyası ermənilərin həmin əraziyə miqrasiya olunmasına şərait yaratdı. Onlar da həmin ərazilərdə divarların arasına, torpağa erməni yazısı olan daşları basdırır, sonra isə həmin daşları çıxardıb deyirdilər ki, bu torpaqlarda ta qədimdən ermənilər yaşayıblar. Bu, absurddur.



1846-cı ildə yaradılan Tiflis, Kutaisi, Şamaxı və Dərbənd quberniyaları ilə yanaşı, 1849-cu ildə ermənilərin təkidi ilə İrəvan quberniyasının da yaradılması onların gələcək fəaliyyəti üçün böyük imkanlar açdı. Artıq onlar Azərbaycan və Gürcüstan toponimlərini özünküləşdirmək, kənd və şəhərlərin, kilsə və monastırların, tarixi abidələrin adlarını dəyişdirmək, qonşu ərazilərə iddia etmək imkanı əldə etdilər. Gürcü ictimaiyyəti baş verənlərdən sarsılmışdı. İlya Çavçavadze yazırdı: "...Ermənilər heç vaxt yaşamadıqları yerlərdə yuva qurmağa çalışır və hamını buna inandırmağa can atırlar". Ermənilərin naşükürlüyündən dəhşətə gələn Akaki Sereteli isə xatırladırdı: "Gürcü çarlarının ermənilərə yazığı gəlib, onları ticarətlə məşğul olmaq üçün Gürcüstanın müxtəlif guşələrində yerləşdirdilər, onlara hətta şəhərlər verildi. Gürcülər isə düşmənlərlə müharibədən yorulub geri qayıtdıqda təəccüblə gördülər ki, onların evləri "qardaş" dedikləri ermənilər tərəfindən zəbt olunub. Üzr istəmək əvəzinə isə onlar qışqırıb bağırırlar: "Siz kimsiniz, haradan gəlmisiniz? Siz burada nə vaxt yaşamısınız? Bu torpaq həmişə bizim olub!" Sübut üçün isə elə gürcü kilsələrini, məbədlərini göstərirdilər. Orada isə artıq gürcü yazılarını pozub ermənicə yazmışdılar".



Gördüyümüz kimi, dil, din, tarix ayrı olsa da, gürcülərlə bizim faciə, problem eynidir. Vaxtilə deyərdilər: insan varsa, problem də var. Bütün olanları, olacaqları yada salıb belə söyləmək də olar: erməni varsa, problem də var.

İnsan Haqları İnstitutu 1918-1919-cu illərdə Azərbaycanda yəhudilərin erməni quldur dəstələri tərəfindən kütləvi şəkildə qətlə yetirilməsinə dair faktları üzə çıxararaq ictimaiyyətə açıqladı. Həmin dövrdə Quba yaxınlığındakı Şmi dərəsində dinc yəhudilərə qarşı dəhşətli qətliam həyata keçirilib. İnstitut bu istiqamətdə araşdırma işlərinə başladı və Azərbaycandakı yəhudi icmasını da bu işə cəlb etdi. Azərbaycanın Quba rayonunda və onun ətrafında qətlə yetirilmiş yəhudilərdən artıq 118 nəfərin kimliyi - adı, soyadı, atasının adı müəyyənləşdirilib. Rəsmi rəqəmlərə görə, soyqırımı zamanı öldürülən yəhudilərin sayı 1200-1300 nəfərdir.




1946-cı ildə Gürcüstan yəhudiləri Bakida qeydiyyatdan keçərkən, dövlətin dəstəyi ilə sinaqoqun tikilməsi haqda icazə aldı və həmin ildən sinaqoq Gürcüstan yəhudilərinin mədəni və etnik mərkəzinə çevrildi. 1960-cı illərdə Tbilisidən Bakiya matsanın istehsalı üzrə avadanlıqlar alınıb gətirildi və Pesax bayramında matsanın istehsalına başlandı. Bu avadanlıqlar 1990-ci ilədək istehsal olundu, sonradan isə matsanı biz İsraildən gətirirdik. 2002-ci ildə Gürcüstan yəhudi icmasi yenidən qeydiyyatdan keçdi. Bu gün icmamız öz ətrafında 300 ailəni birləşdirir.



Bakı şəhərində Avropa və Gürcüstan yəhudilərinin sinaqoqu 2003-cü il martın 9-da açılıb. Məbəd bakılı memar Aleksandr Qarberin layihəsi əsasında Qüds memarlıq tərzində inşa edilib. Bu ibadət yeri son 60-80 ildə Yaxın Şərqdə tikilmiş birinci sinaqoq sayılır.

Hazırda üçmərtəbəli, ağ daşdan tikilmiş yeni sinaqoqda isə dindarlar üçün lazımi şərait yaradılıb. Sinaqoqun inşasında müxtəlif dinlərdən və təbəqələrdən olan insanlar iştirak edib. Layihədə xüsusi əməyi keçən hər şəxsin və təşkilatın adı məbədin girişindəki lövhələrdə həkk olunub. Tikintinin maliyyələşdirilməsində təkcə xaricdə yaşayan yəhudi təşkilatları deyil, həmçinin Qafqaz Müsəlmanları İdarəsi və Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası da yaxından iştirak edib. Bu isə, Azərbaycanda müxtəlif dini konfessiyalar arasında mövcud olan sarsılmaz tolerantlığın parlaq təzahürüdür.

Azərbaycan xalqı əsrlər boyu gürcü yəhudilərinə qarşı tolerantlıq və dostluq münasibəti göstərib və bir çox soydaşımız Azərbaycanda mühüm vəzifələrə yüksəlib. Azərbaycanda elm, mədəniyyət, təhsil sahəsində də bir çox gürcü yəhudisi yetişib. Bunların sırasında Azərbaycan SSRİ Elmlər Akademiyasının elmi işçisi, geologiya elmləri doktoru Aba Moşaşvili, Elmlər Akademiyasının vitse-prezidenti David Eliqulaşvili, şüşə zavodunun baş mühəndisi Şalom Xanukaşvilli, layihə institunun mühəndis -inşaatçısı Mixayil Moşaşvilli, iş adamları Mixail Karelaşvilli, Ruben Datikaşvili, Mixail Palaqaşvili və Cumber Datikaşvili və digərlərinin adların çəkmək olar.Mən özüm 43 ildir ki, Bakı Texniki Universitetinin doktorantura şöbəsinin müdiri vəzifəsində çalışıram.

Avropa Yəhudilərinin Bakı dini icması və Gürcüstan Yəhudilərinin Bakı dini icması 2009-cu ilin dekabr ayında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində yenidən dövlət qeydiyyatından keçib.

Bu gün yəhudi uşaqları Azərbaycan Respublikası vətəndaşları kimi bərabərhüquqlu yüksək təhsil alırlar. Belə ki, dövlətin xüsusi qayğısı ilə Bakının Nəsimi rayonu ərazisində yerləşən 46 saylı məktəbin bazasında yəhudi milliyyətindən olan şagirdlər üçün yəhudi sinifləri fəaliyyət göstərir. Məktəb binasının saxlanılması xərcləri, həmçinin müəllimlərin maaşı dövlət tərəfindən ödənilir, digər xərclər isə “Vaad-L-Xatzola” beynəlxalq humanitar təşkilat tərəfindən təmin edilir. Burada şagirdlərə dünyəvi dərslərlə yanaşı, yəhudi millətinə məxsus adət-ənənələr də öyrədilir. Dərslər beş dildə - Azərbaycan, rus, ivrit, ingilis və fransız dillərində keçirilir. Şagirdlər pulsuz nəqliyyat, gündə 3 dəfə qidalanma (koşer) ilə təmin edilir, eləcə də əlavə olaraq rəsm, musiqi, şahmat dərnəkləri təşkil olunur. Azərbaycana gələn xarici qonaqlar və yəhudi İcmalarının nümayəndələri məktəbimizi ziyarət edirlər.Onlar Azərbaycanda yəhudi xalqına olan dövlət qayğısını öz gözləri ilə görürlər. Məktəb yüksək tolerantlığı ilə yanaşı yüksək təhsil səviyyəsi ilə də fərqlənir. Məktəbdə peşəkar müəllim heyyəti çalışır və bunun sayəsində şagirdlər yerli və beynəlxalq yarışlarda yüksək nəticələr əldə edirlər. Məktəbi bitirən bütün şagirdlər ali məktəb və kolleclərə daxil olurlar. Eyni zamanda, onların Azərbaycan vətəndaşı kimi formalaşması üçün bütün imkanlardan istifadə olunur. Belə ki,təşkil edilmiş yay düşərgələri şagirdlərə imkan verir ki, onlar Azərbaycanın tarixi yerlərini ziyarət etsinlər, bu diyarın zəngin tarixi, milli- mənəvi dəyərləri ilə dərindən taniş olsunlar.

Bundan başqa, Bakıda yaşayan yəhudi uşaqları üçün “Xabad-Or-Avner” Təhsil Mərkəzi “Tolerantlığın ünvanı – Azərbaycan” layihəsi çərçivəsində Heydər Əliyev Fondu və “Or-Avner” Beynəlxalq Fondu tərəfindən inşa edilib. 2007-ci il mayın 31-də Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın iştirakı ilə Xətai rayonu ərazisində mərkəzin təməlqoyma mərasimi keçirilib. Təhsil Mərkəzinin tikintisi 2010-cu ildə başa çatıb. 2010-cu il oktyabrın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və MDB Yəhudi İcmaları Federasiyasının və “Or-Avner” Beynəlxalq Fondunun prezidenti Lev Levayev Təhsil Mərkəzinin açılışında iştirak ediblər. Bu üçmərtəbəli kompleks ən müasir tələblər səviyyəsində inşa olunub. Mərkəzdə müasir avadanlıq və lazımi dərs vəsaitləri ilə təchiz edilən 30 sinif otağı, 700 kvadratmetr sahədə süni örtüklü açıq stadion var. 450 yerlik mərkəzin digər təhsil müəssisələrindən fərqi burada yəhudi mədəniyyətinin əsaslarının tədris olunmasıdır. Hazırda burada uşaq bağçasında təlim keçən uşaqlar da nəzərə almaqla, 200 şagird təhsil alır və 40 müəllim çalışır.

Respublikada, həmçinin Azərbaycan-İsrail Dostluğu Mərkəzi, “Soxnut” yəhudi agentliyi, “Coynt” və “Vaad-L-Xatzola” adlı yəhudi ənənəsinin qorunması və mühafizəsi ilə məşğul olan təşkilatlar, yəhudi icmalarının mədəniyyət mərkəzləri, “Yeva” adlı qadın cəmiyyəti və digər qeyri-hökumət təşkilatları fəaliyyət göstərir.

Ölkəmizdə yəhudi xalqının dini bayramları ilə yanaşı, əlamətdar günlərlə bağlı anım tədbirləri də yüksək səviyyədə qeyd edilir. Ölkəmizdə Holokost - yəhudilərin II Dünya müharibəsi zamanı faşistlər tərəfindən soyqırımına məruz qalması günü də qeyd olunur. Dövlət başçısı İlham Əliyev bu günlə bağlı Azərbaycan Respublikasının yəhudi icmalarına müraciətlər ünvanlayır.

Mən uşaqlıq çağlarımı yada salmaq istəyirəm, o vaxtlar biz uşaqlarla birgə sinaqoqa gedərdik və həmin dövrdə uşaqların sinaqoqa, ümumiyyətlə, kilsəyə getməyinə bəzi qurumlar mane olurdu. Nədənsə gürcü yəhudilərinin uşaqlarının sinaqoqa gəlməsinə o dövrün hakimiyyət nümayəndələri heç bir məhdudiyyət qoymurdu. Bizim atalarımız Azərbaycanda ilk dəfə yüngül sənaye malları istehsal edib. Azərbaycan və yəhudi xalqları arasında bir bərəkət körpüsü mövcuddur.Ölkəmizdə bərqərar olmuş humanizm, tolerantlıq və multikulturalizm ənənələri dövlətimizin siyasi xətti kimi davam etdirilir və gələcəkdə də xalqlarımız arasında olan dostluq əlaqələrinin möhkəmlənməsinə təkan verir. Məni Azərbaycana bağlayan tellərdən biri də azərbaycanlı xanımı ilə ailə qurmağımdir, mən xoşbəxt insanam ki, sağlam və möhkəm təməl üzərində qurulmuş bir ailənin başçısıyam. Mən bu yaşımda da heç bir xarici ölkədə qala bilmirəm. Bakı dünyanın ən gözəl şəhəridir. Özümü Azərbaycandan kənar təsəvvür edə bilmirəm.