Elman Nəsirov: "Onlar xaricdən aldıqları sifarişi yerinə yetirirlər"

“Cənab Prezident baş nazirin sabiq müavini Hacıbala Abutalıbovu qəbul edəndə çox maraqlı məqama toxundu”.  Bunu Sherg.az-a açıqlamasında millət vəkili, siyasi elmlər doktoru Elman Nəsirov deyib. 

Dövlət başçısının sözlərinə diqqət çəkən deputat bildirib ki, indi özünü “lider” kimi təqdim edən insanlar reallıqda çox qorxaq adamlardır: 

“Ümummilli Lider Heydər Əliyev qorxmazlığın və siyasi iradənin nə olduğunu hamıya nümayiş etdirdi. Ulu Öndər Azərbaycanda ikinci dəfə hakimiyyətə gələrkən indiki qaragüruhçü qüvvələr Heydər Əliyevə qarşı hər cür təzyiqləri işə saldılar. Hətta Ulu Öndərin ən yaxın silahdaşlarından birini – Əjdər Xanbabayevi vəhşicəsinə qətlə yetirdilər. Bütün təhdidlərə və təzyiqlərə baxmayaraq, Heydər Əliyev qorxmaz davranışı ilə sübut etdi ki, onun arxasında Azərbaycan xalqı dayanır. Ümummilli Lider məhz dövlətçilik naminə qətiyyətli və prinsipial addımlar atdı. Göstərdi ki, ortada özünün və xalqının siyasi iradəsi var. Arxasında xalq olan lider isə hər zaman güclüdür”. 

Parlament üzvünün sözlərinə görə, cənab Prezidentin bu ismarıcının böyük əhəmiyyəti var: 

“Məsələ ondadır ki, son günlər radikal müxalifət və onların özlərinə “lider” seçdiyi şəxslər, ictimai asayişin pozulması və dövlət təhlükəsizliyinin təhdid edilməsi istiqamətində addımlar atırlar. Məqsədləri təxribat törətmək, sabit ölkəmizi xaosa, anarxiyaya sürükləməkdir. Əslində onlar xaricdən aldıqları sifarişi yerinə yetirirlər. 30 il əvvəlki düşüncə ilə hərəkət edirlər. Yəni icraçılar da, sifarişçilər də eynidir. Özlərini “qəhrəman” kimi təqdim etməyə çalışan şəxslərin qorxaq olduğu isə hamıya bəllidir. Xalq həqiqəti bilir və bu tipli siyasətçilərə əsla güvənmir, onların arxasınca getmir. Xalqımız cənab Prezident İlham Əliyevin ətrafında sıx birləşərək bütün təxribatlara qarşı birlikdə mübarizə aparır. Heç bir qüvvə xalqın iradəsinə qarşı çıxa bilməz”.