BNA cərimələdi, sürücü sərnişinləri düşürdü - VİDEO

Bakı Nəqliyyat Agentliyinin (BNA) əməkdaşları marşrut xətt avtobusunu cərimələdiyi üçün sürücü sərnişinləri düşürərək cərimənin silinmədiyi təqdirdə xəttə çıxmayacağını bildirib.

Report-un verdiyi xəbərə görə, hadisə Nəsimi rayonu, 1-ci mikrorayon ərazisində baş verib.

Belə ki, BNA əməkdaşları dayanacaqda sərnişin düşürən 199 nömrəli marşrut xətt avtobusunun şəklini çəkərək dayanma-durma qaydalarının pozulduğu üçün avtobusun sürücüsünə protokol tərtib ediblər.

Bu zaman avtobusun sürücüsü ilə BNA əməkdaşları arasında mübahisə yaranıb. Sürücü bildirib ki, sərnişin düşürdüyü üçün dayanıb və dayanacaqdan kənar olmadığı üçün bu, qayda pozuntusu sayıla bilməz.

Daha sonra avtobusun sürücüsü cərimənin silinmədiyi təqdirdə yoluna davam etməyəcəyini və sərnişinləri avtobusdan düşürəcəyini deyib. Bu səbəbdən də avtobusda olan sərnişinləri düşürərək xəttə çıxmaqdan imtina edib.