Vahid Əhmədov: "Azərbaycanda kölgə iqtisadiyyatının faizi yüksəkdir"

"Bunun qarşısını almaq lazımdır"



“Ölkə başçısı hər zaman çıxışlarında qeyri-neft sektorunun inkişafına dair məsələlərə toxunub”. Bu sözləri Sherg.az-a açıqlamasında millət vəkili, iqtisadçı Vahid Əhmədov deyib.

Parlament üzvü qeyd edib ki, ölkəmizdə qeyri-neft sektorunun inkişafına xüsusi diqqət yetirmək lazımdır:

“Cənab Prezident hələ keçən dəfəki iqtsadi müşavirə zamanı bildirdi ki, biz qeyri-neft sektoruna kifayət qədər vəsait qoymuşuq, amma lazımi səviyyədə inkişaf etdirə bilməmişik. Bu, doğurdan da belədir. Qeyri-neft sektorunda ciddi problemlər var. Son illər iqtisadiyyatımız neft və neft məhsullarının istehsalı hesabına formalaşıb. Ona görə də bu sahəyə ciddi fikir vermək böyük əhəmiyyət kəsb edir.

Cənab prezident dünənki çıxışında kölgə iqtisadiyyatı ilə bağlı məsələyə də toxundu. Bu da, ciddi məsələdir. Çünki Azərbaycanda kölgə iqtisadiyyatının faizi yüksəkdir. Rəsmi statistika 6-8 faiz göstərir, amma ümumi hesablamalarımıza görə ölkəmizdə kölgə iqtisadiyyatı 25-30 faiz səviyyəsindədir. Yəni, Azərbaycanda kölgə iqtisadiyyatında rəqabətin normal olmaması, inhisarçılığın olması müşahidə olunur. Düzdür, 2016-ci ildən bu yana vergi və gömrüklə əlaqədar ciddi islahatlar sahəsində müəyyən addımlar atmışıq. Həmçinin ölkə başçısı müəyyən fərman və sərəncamlar imzalayıb, Milli Məclisdə qanunlara dəyişiklik edilib, vergi sistemində bəzi məsələlər öz həllini tapıb. Amma ümumilikdə ölkəmizdə kölgə iqtisadiyyatının səviyyəsi yüksəkdir. Ona görə də bunun qarşısını almaq lazımdır. Cənab Prezident hər zaman çıxışlarında bu məsələlərə toxunur”.

Qeyd edək ki, dünən Prezident İlham Əliyev Şahin Mustafayevi yeni vəzifəyə - Baş Nazirin müavini təyin olunması ilə əlaqədar qəbul edib. Ölkə başçısı görüş zamanı bir sıra mühüm iqtisadi məsələlərə toxunub. Prezident Azərbaycan iqtisadiyyatının son 15 il ərzində üç dəfədən çox artıdığını bildirib. Onun sözlərinə görə, bu artım daha çox neftin hasilatının artırılması hesabına mümkün olub.