Putin-Ərdoğan görüşü Ankara üçün müsbət nəticələndi

Türkiyə Suriyadakı maraqlarını qorumağı bacardı



Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putin arasında Soçidə baş tutan görüş müsbət nəticələr verib. 6 saat davam edən görüşdə Moskva və Ankara Suriyanın şimalındakı vəziyyətə dair bir sıra razılaşmalara nail olublar. Qardaş ölkə mediası da liderlərin görüşünün Türkiyə üçün böyük uğur olduğunu yazıblar. Rusiya lideri də görüşü “çox vacib və taleyüklü” adlandırıb. Prezidentlərin müzakirəsindən sonra tərəflər arasında Suriya münaqişəsi ilə bağlı birgə Memorandum imzalanıb. Razılaşmaya görə, “Sülh çeşməsi” əməliyyatı çərçivəsində Suriyanın 32 km dərinliyinə kimi mövcud status-kvo qorunub saxlanacaq.

Türkiyənin əməliyyat keçirdiyi ərazidən kənardakı zonaya Suriya hərbçiləri və Rusiya hərbi polisi daxil olacaq. Onlar kürd silahlı qüvvələrinin və onların silahlarının sərhəddən 30 km kənarlaşdırılmasına yardım edəcəklər. Bu əməliyyat 150 saat ərzində həyata keçiriləcək. Həmin andan etibarən sərhəddən 10 km məsafədə “Sülh çeşməsi” əməliyyatı keçirilən rayondan qərbə və şərqə Rusiya-Türkiyə qüvvələri patrul çəkəcəklər. Terrorçular isə silahlarını təhvil verərək Membiç və Tel-Rifatdan tamamilə çıxacaq. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, Türkiyə 5 gün ərzində 2 əhəmiyyətli razılaşma əldə edib. Bu razılaşmalar diplomatiya və siyasi uğur cəhətdən tarixə keçib: “Sülh çeşməsi” əməliyyatının qanuniliyi qəbul edildi”. 



Mühüm razılaşma ilə bağlı “Şərq”ə danışan “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib ki, Putin-Ərdoğan görüşü Türkiyənin regional maraqlarının qorunması baxımından vacib görüş idi. Ekspertin sözlərinə görə, nəticələri Türkiyə üçün müsbət qiymətləndirmək olar: “Əlbəttə, Türkiyə istəklərinin tamamını əldə etmədi, ancaq Suriyadakı maraqlarını qorumağı bacardı.

Türkiyə Suriya sərhəddinin 32 kilometr dərinliyini nəzarət altına almaq və bu bölgəni terrorçulardan təmizləmək üçün əvvəlcə Vaşinqtonla razılaşdı. Çünki həmin bölgələrə PKK uzantıları amerikalı hərbçilərlə birgə nəzarət edirdilər. Türkiyə ordusu əməliyyata başladı. Amerikalı hərbçilər bölgələri tərk etdikdən sonra terrorçular dərhal ağalarını dəyişdilər və qapılarını Rusiya hərbçilərinə və Əsəd qüvvələrinə açdılar. Başqa sözlə, Amerika Prezidenti Donald Tramp Suriyanın şimalını və PKK uzantılarını rusiyalı həmkarı Vladimir Putinə təhvil verdi. Ona görə də Ankara Moskva ilə danışmaq məcburiyyətində qaldı”. 
Analitikin fikrincə, Ərdoğan “Sülh çeşməsi” əməliyyatının hədəflərini Putinə detallı şəkildə izah etdi: “Ərdoğan bildirdi ki, Türkiyənin Suriyanı parçalamaq kimi planı yoxdur, tam əksinə, qonşusunun ərazi bütövlüyünü dəstəkləyir. Soçi görüşü göstərdi ki, Əsəd öz ölkəsində Rusiya Prezidentinin istəkləri daxilində fəaliyyət göstərmək məcburiyyətindədir. Digər tərəfdən, Putin Türkiyənin Suriyadakı nəzarət etdiyi bölgələrdə infrastruktur çalışmalarının əleyhinə deyil. Yəni Türkiyə suriyalı qaçqınları bu bölgələrə köçürə biləcək. Bu o deməkdir ki, Türkiyənin dəstəklədiyi Suriya Azadlıq Ordusu bölgədə varlığını sürdürə biləcək. Beləliklə, Kreml Türkiyənin Suriyadakı təhlükəsizlik maraqlarını nəzərə almış oldu. Mümkündür ki, Putin Ərdoğanı Dəməşqlə təmaslara başlamağı da razı salıb. Böyük ehtimalla Ərdoğan bu təklifi birdəfəlik rədd etməsə də, Dəməşqlə dialoqa başlamaq üçün zamana ehtiyacı olduğunu bildirib”.