Azərbaycandakı son islahatlar Ermənistanı təşvişə salıb

"Vəzifələrə yeni kadrların cəlb edilməsi, iqtisadiyyatın canlanması və hərbi-sənaye kompleksimizin inkişafı işğalçı ölkədə panika yaradır” 



Son günlər Ermənistan mediasında ən çox müzakirə olunan məsələlərdən biri Prezidentin rəhbərliyi ilə aparılan əsaslı kadr və struktur islahatlarıdır. Bir sıra erməni ekspertlər ölkəmizdə aparılan kadr islahatlarına diqqət yönəldərək, bunu Azərbaycanın iqtisadi baxımdan daha da güclənməsi, hətta müharibəyə ciddi hazırlıq görməsi kimi qiymətləndirirlər. Erməni ekspert Andranik Tevanyan feysbuk səhifəsində yazıb ki, Azərbaycan hər gün daha güclənməkdədir, ancaq Ermənistanın sözü ilə əməli üst-üstə düşmür və ölkənin vəziyyəti ağırlaşır: “Qarabağ Azərbaycandır və nida” bəyanatından sonra Azərbaycanın hərbi büdcəsi 2020-ci il üçün 20 faiz artıb.

Azərbaycanın hərbi büdcəsi bizimkini bir neçə dəfə üstələyir. Qonşumuz açıq şəkildə müharibəyə hazırlaşır, hansı ki, buna Azərbaycanda baş verən kadr dəyişiklikləri də dəlalət edir. Bizim fəaliyyətlərimizlə Azərbaycanın islahatlarında assimetriya var. Nəticə çıxarmaq çətin deyil”. 



Düşmən ölkənin narahatlığı ilə bağlı “Şərq”ə danışan politoloq Qabil Hüseynli deyib ki, Prezident son illər ərzində ölkə iqtisadiyyatında və idarəetmə sistemində ciddi islahatlar həyata keçirir. Bunlar həm struktur islahatlarını, həm də kadr islahatlarını əhatə edir:

“Xüsusən, köhnə təfəkkürlü, yaşı 75-i keçmiş kadrların dinamik şəxslərlə əvəzlənməsi olduqca müsbət addımdır. Eyni zamanda korrupsiya və rüşvətxorluqla mübarizə aparmaq üçün də ciddi tədbirlər görülməkdədir. Dövlət başçısı tələb edir ki, kadrlar gənc, dinamik, müasir dünyagörüşlü və ən əsası vətənpərvər olsunlar. Şübhəsiz, Azərbaycanın daha da inkişaf etməsi, hərtərəfli güclənməsi Ermənistanı narahat edir. Yeni kadrların cəlb edilməsi ilə ölkə iqtisadiyyatı canlanır. İqtisadiyyatın artması müxtəlif sahələrin irəliləməsinə, o cümlədən hərbi sənayenin daha da güclənməsinə səbəb olur. Dünya miqyasında Azərbaycanın islahatçı ölkə kimi tanınması İrəvan hökumətini təşvişə sövq edir. Xüsusən, hərbi-sənaye kompleksimizin inkişafı, Silahlı Qüvvələrimizin qüdrətlənməsi, orduya yeni silah-sursatın, hərbi texnikaların cəlb edilməsi işğalçı ölkədə panika yaradır”. 

Siyasi şərhçinin sözlərinə görə, təcavüzkar Ermənistanda vəziyyət dözülməzdir:

“Həm siyasi, həm də iqtisadi sahədə ciddi boşluqlar var. Orduda özbaşınalıq hökm sürür. Erməni xalqının sosial vəziyyəti bərbaddır. Belə məqamda kasıb Ermənistanın zəngin və güclü Azərbaycandan qorxması və ölkəmizdə gedən tərəqqi proseslərini narahatlıqla izləməsi başadüşüləndir”.