Azərbaycanda əkin zamanı qədim alətlər aşkar edildi - FOTO

Cəlilabadda torpağın altından qədim dövrə məxsus çoxsaylı maddi mədəniyyət nümünələri aşkar edilib.

Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, mədəniyyət nümunələri rayonun Edişə kəndində İlham Əliyevə məxsus həyatyanı sahəsinin şumlanması zamanı üzə çıxıb. 

Kənd sakininin sözlərinə görə, əvvəllər də burada qədim dövrə aid müxtəlif əşyalar tapılıb. Lakin bu dəfə ərazidə məişət əşyaları ilə yanaşı, tuncdan hazırlanmış müxtəlif nizə ucluqları, xəncər və qılıncın tapılması onun diqqətini cəlb edib. 

Tapıntılar arasında saxsıdan hazırlanmış kiçik diametrli boru qalıqları da var. Tarixçilərin fikrincə, bu, adıçəkilən ərazidə uzun müddət fasiləsiz həyatın mövcud olduğunu göstərir. 

Qeyd edək ki, bu tip tarixi tapıntılara Cəlilabadın Eçara kəndinin müxtəlif ərazilərində də rast gəlinir. Bu tarixi məkanlar hələ mütəxəssislər tərəfindən araşdırılmayıb.