Ağ qərənfillər və ya Fövqəl Dost



Məmləkətimizdə qırmızı qərənfil “şəhid gülü”nə döndü – bunu bilməyən yoxdur. Bəs gözəlim ağ qərənfil? O da mənim üçün şəhid gülüdür – vətən üçün yaranmış, vətən üçün nəfəs alan, gözü müqəddəs yurddan, millətdən başqa heç nə görməyən Səxavət Məmmədovun konsertlərində ona təqdim etdiyim güllər idi ağ qərənfillər...

“Ağ qərənfili bəlkə də təsadüfən seçməmişdim”, – deyə düşünürəm. “Qərənfil” deyəndə yada düşən qırmızı rəng olsa da ağ qərənfilin özəl duruşunu, ilk baxışdanca göz oxşayan fərqliliyini kimsə dana bilməz. İndi anlayıram ki, Səxavətə oxşayır ağ qərənfil – tərtəmiz (əlavəsiz-qatqısız), ipək kimi – sadə və zərif, zərif olduğu qədər də möhkəm və parlaq... Amma o vaxt bu gülləri seçməyimin səbəbi başqa idi.




Yadımdadır, filarmoniyanın dopdolu zalında hamının ürəyi elə Səxavətin səsi kimi zillərdə dolaşırdı. Bu, o qədər aydın hiss olunurdu ki! Aydınca hiss olunan başqa bir şey də vardı: Səxavətin konsertinə ancaq aşiqlər – millət, söz, vətən, sənət, insan, ləyaqət, qüdrət... aşiqləri gəlirdilər. Axı, konsertə istirahət etmək üçün gedənlər də az olmur. Səxavətin konsertində isə ancaq və ancaq üz-gözündən sevgi yağan, ruhu qanadlı insanları görmək mümkün idi. Bu qədər aşkar fərqə də fərqli münasibət olmalı idi və mən ağ qərənfilləri seçmişdim.

Səxavəti dinləyəndə ehtiyatlı olmağa çalışırdım

Sovet hökumətinin vaxtında bəzi binalarda “əbədi” radioqəbuledicilər vardı: dəhlizin müəyyən yerində divara vurulmuş olardı və daim açıq qala bilərdi - istədiyin qədər dinlə...
Tələbə vaxtı belə evlərin birində kirayədə qalırdım. Bir dəfə söhbət etdiyimiz vaxt birdən müsahibimə: “Dayan!” – dedim. Səsini qısdığımız radioqəbuledicidən güclə eşidilən səsə qulaq verib: “Səxavət oxuyur!” – deyə bir göz qırpımında özümü qəbulediciyə yetirdim, səsini qaldırdım və elə oradaca divara söykənib dinləməyə başladım.
Çox genişürəkli, mehriban və zarafatcıl ev sahibəmiz vardı - Dünyaxanım. O, mənim konsertə bu şəkildə qulaq asmağıma baxıb, zarafatla nəsə dedi. Mən oralıq olmadım, amma birdən hiss elədim ki, qolumdan tutub. Heç nə anlamayıb, key-key ona baxanda həmişəki zarafatcıl halı ilə gülə-gülə dedi: “Dur, ay qız, dur! Dur, konsert qurtarıb, Səxavət də çıxıb gedib, dur”... Mən onun səsinə tamam ayıldım və baxdım ki, divarın dibində oturmuşam, radioda da kimsə danışır. Demə, Səxavəti dinləyə-dinləyə yerə çökmüşəm, konsert bitib, amma mən tərpənməz qalmışam. “Xəbərlər” başlayanda azca qımıldandığımı görən yazıq qadın məni durquzmaq üçün qolumdan yapışıb... Anladım ki, o ilahi səsi dinlədikcə haralardasa olmuşam, yəni dirigözlü ölmüşəm və uçub getmişəm istədiyim yerlərə... Ondan sonra Səxavəti dinləyəndə ehtiyatlı olmağa çalışırdım və hər dəfə bu hallara düşəndən sonra bir boy artdığımı da bilirdim...

İlk “görüş”



Bir gün filarmoniyanın elan asılan lövhəsindən Səxavət Məmmədovun konserti olacağını öyrəndim. Bacıma dedim ki, filan gün konsert olacaq, tələbəçilik (kasıbçılıq), vaxt-filan, dərs-mərs bilmərəm (ikimiz də axşam şöbəsində oxuyurduq) – biz o konsertə gedəcəyik.
Getdik. Səsini hava-su bildiyim birisinin özünü görəcəkdim! Bir dəstə qərənfil də ala bilmişdim.
Hansı halda onu dinləmişəm – demək çətindir, amma gözümü, demək olar, qırpmadan, heyrətlər içində ona baxdığımı xəyal-məyal xatırlayıram. Daim qafamda, ürəyimdə səslənən ifadəyəgəlməz zəngulələri sıralandıqca sonsuz aləmdə itib-batırdım.

Bu halda necə oldusa (görünür, zaldakı insanlar, alqışlar təsirsiz ötüşmürdü), mən özümə gəlib, kağız-qələm çıxartdım və nəsə yazdım. Mahnı bitəndə qərənfillərlə bərabər o qeydi də verdim. O da yadımdadır ki, doğmasını görmüş körpə uşaq kimi, üzünə baxıb, saf-saf gülümsədim. Ayaqlarım əsə-əsə qayıdıb yerimdə oturanda bacım mənə doğru əyilib: “Sən ona nə yazmışdın?” – deyə soruşdu və mənim cavabımı gözləmədən əlavə elədi: “Ona verilən kağızları oxuyub, şalvarının cibinə qoyurdu, sənin qeydini oxuyanda arxanca baxdı, kağızı da köynəyinin cibinə qoydu”. Bacım bunları adi məlumat kimi dedi, amma onsuz da yaxamı buraxmayan həyəcanım qat-qat artıb, az qala, nəfəsimi kəsdi. Etiraf edim ki, günlərlə özümdə olmadım. Səxavət Məmmədovu canlı-canlı görməyimin (onun da mənim qeydimi köynəyinin cibinə qoymağının!) havasına uçdum. Ondan sonra hər konsertinə getdim. Bir dəfə də cəsarətimi toplayıb, səhnənin arxasına keçdim və əlini sıxıb tanış oldum.

Haradan, nə zaman, necə ağıl aldığımı bilmirəm (yəqin ki, bədii ədəbiyyatdan, kinolardan, bir də anamın “tapşırıqlarından” idi) – bir gənc qız olaraq, məşhur və tanınmış adamlardan gen gəzməyin gərəkliyini qulağımda sırğa eləmişdim, amma Səxavət Məmmədovla tanışlığım insanlıq, gözəllik çərçivəsindən çıxmayacağına, görünən o saflıq və ləyaqətin yalnız görüntü olmadığına bütün qəlbimlə inanır, gerçək tanışlığa can atırdım. Nə yaxşı ki, haqlı olduğumu gördüm: Səxavətin ən adi, ən sıradan davranışı belə, ən adi, ən sıradan zənguləsi kimi heyrətamiz və gözəl, ağılalmaz dərəcədə ürəkaçan və insani idi...

“Reyhan” mahnısını oxumadı, amma...

Konsertlərin birində ona verdiyim qeyddə ürək sözlərimi yazmaqla bərabər, bir xahiş də eləmişdim: “Reyhan” mahnısını oxusun. Növbəti konsertdə həyəcanla gözlədim, amma oxumadı. Mən isə onun çox incə və diqqətli olduğuna inandığım üçün xahişimi unutmayacağını və mütləq oxuyacağını düşünmüşdüm...

Konsertdən sonra səhnənin arxasına keçdim. Gülə-gülə yaxınlaşıb görüşdü. İlahi, görəsən, sevilən məşhurlar arasında Səxavət kimi özü-sözü (səsi!) eyni, o böyüklükdə, bənzərsizlikdə ola-ola bu qədər sadə və səmimi neçə insan var? Güləndə sifətinin aşıb-daşan mənasındakı gözəllikdən isə onu tanıyan hər kəs danışa bilər – o qədər sevimli və diqqətçəkən idi ki...

Mən konsertə görə təşəkkür elədim, sonra da küskün tərzdə: “Bəs “Reyhan” mahnısını niyə oxumadınız?” – dedim. O da mənim bu uşaqca hərəkətimə gülərək kəsədən cavab verdi: “Oxudum axı!”. Mən anidən çaşıb gözlərimi döydüm. Yəni bu qədər özümdə olmamışam ki, mahnını eşitməmişəm? Bu halımı görəndə daha bərkdən güldü: “Eşitmədiniz? Oxudum! “Ay çiçək” mahnısını onun əvəzinə oxudum. Reyhan da çiçək deyil?”. Sonra da izah eləməyə çalışdı ki, “Reyhan” mahnısı ona uyğun deyil (hərçənd, bu izahatdan heç nə anlamadım), ona görə də mənim üçün, reyhanın da çiçək olduğunu nəzərə alaraq “Ay çiçək” mahnısını seçib – xətirim qalmasın deyə... Onun çox fərqli dinləyicisi, səsinin həqiqi aşiqi olduğumu anlamışdı və bu sevginin haqqını verməyə çalışmışdı. İndi də mən o mahnıda: “Demə ki, yadımdan çıxdın, ay çiçək”, – sözlərini eşidəndə ürəyin sızlayır və mən də ona üz tutub: “Deməyin ki, yadımızdan çıxdınız, bizim kimsəyə bənzəməyən özəl şəhidimiz!” – deyə pıçıldayıram...

Elmi kommunizm dərsindən qaçıb getmişdim Səxavətin konsertinə

Nümunəvi tələbə idim. Hətta qrup nümayəndəsi seçmişdilər və mən nizam-intizamı qaydasında tutmağa çalışırdım, amma... mövzu “Səxavətin konserti” olanda güllərimi də alıb, üz tuturdum filarmoniyaya. Bir dəfə isə konsertin vaxtı elmi kommunizm dərsinin olacağı günə düşmüşdü. Mən jurnalı uşaqlardan birinə tapşırıb, konsertə gedəcəyimi deyəndə, xəstə olduğu halda durub dərsə gəlmiş qızlardan biri çox təəccübləndi: “Dəlisən? Heç elmi kommunizm dərsindən də qaçarlar?” – deyə məni yoldan saxlamağa çalışmışdı. Məni isə Səxavətin konsertinə getməkdən heç kim və heç nə saxlaya bilməzdi...

Belə pərəstişkarının olmasından fərəh duyurdu

Bir dəfə yenə konsertdən sonra arxaya keçdim. Artıq musiqiçilər də məni tanıyırdılar, içəri girən kimi, Səxavəti harayladılar. Hərzamankı işıqlı təbəssümü də üzündə, yaxınlaşıb görüşən Səxavət: “Bir dəqiqə bura gəlin,” – dedi və məni içəriyə tərəf dəvət elədi. Azca irəlidə “Humayun” ansamblının rəhbəri, hələ o vaxtlar bildiyimə görə, musiqi aləmində hər kəsin xüsusi hörmət elədiyi Əlibaba Məmmədov durmuşdu. Səxavət məni ona göstərib: “Tanış ol”, – dedi və tərifləyə-tərifləyə bir neçə cümlə də əlavə elədi. Əlibaba müəllim maraqla mənə baxıb: “Tələbəsən?”, – deyə soruşdu. “Bəli”, – dedim. “Harada oxuyursan?”, – sualına: “Universitetin filologiya fakültəsində”, – deyə cavab verdim. Bunu eşidəndə özünəməxsus, insana çox xoş gələn tərzdə: “Həə, - dedi. - Universitetin filologiya fakültəsində oxuyan belə olmalıdı də!”. Sonra daha bir neçə söz söylədi. Kənarda durub bizi izləyən Səxavət elə sevinirdi ki, elə bil, bu təqdirlər onun ünvanına deyilirdi... Xatırladıqca göz yaşlarımı tuta bilmirəm. İnsanın aliliyinə, fövqəl imkana malik olduğuna inansam da Səxavətin mövcudluğu, o ucalıqda birisinin gerçək olması möcüzə kimi gəlir mənə...

“Hələ yaxşı qutardım”

Yenə ağ qərənfillər alıb konsertə getmişdik. Gülləri, adətən, zirvə məqamda, yəni mahnılar sıralandıqca yaranan xüsusi anda verərdim. Bu dəfə belə məqamı gözləyə-gözləyə qaldım. Şübhəsiz, konsert öz axarında gedirdi və hamı nəfəs dərmədən, ovsunlanmış kimi, o şaqraq səsi dinləyirdi. Amma mənim gözlədiyim o məqam heç cür gəlmədi və gülləri verə bilmədim.

Konsertdən sonra gülləri vermək üçün (onun adına almışdım axı!) yanına getdim və onun mənimlə rəftarından əməllicə üz almış şəkildə: “Alın, bu güllər Sizindir!”, – deyib, ərkəsöyünlüklə mızıldandım ki, bəs, bu gülləri verəcək səviyyədə oxumadığına görə əlimdə qaldılar. (Bu sətirləri yazdıqca növbəti məqama görə bəri başdan yana-yana ağlayıram). Bütün havası ilə yadımdadır o məqam: mənim bu uşaqca, mızıltılı “tənqidimin” müqabilində elə ləzzətlə qəhqəhə çəkdi ki, bir anlıq gözümə dağ boyda göründü. Bu qədər böyüklük olarmış! Tezcə izahat verdi ki, bir müddətmiş xəstə imiş: “Afişa da, az qala, bir aydır ki, vurulub. Məcbur durub gəlmişəm. Hələ yaxşı qurtardım”, – deyib yenə eyni, dəyişməyən gülüşü ilə “Vallah!” deyirmiş kimi üzümə baxanda xəcalətdən nə deyəcəyimi bilmədim...

İki, əslində, bir pərəstişkar

Qrup yoldaşlarımdan biri – Solmaz teleteatrda işləyirdi. Bir gün gəlib dedi ki, Səxavətə mənim haqqımda danışıb. Demə, Səxavət teleteatra gəlibmiş (veriliş və ya mahnı yazılışı ilə əlaqədar). Solmaz ona çay təklif edir və məndən söz salır: “Bizim qrupda bir qız var, inanmayın ki, Sizi onun qədər sevən olsun”, – deyir. Səxavət də təşəkkürünü bildirəndən sonra incə şəkildə etiraz edir ki, ona bəlkə də kimsənin etmədiyi qədər pərəstiş edən bir qız var. Sonra da bir az izahat verir, mümkün qədər də məni təsvir edir (uzun hörüyüm və ala (yaşıl) gözlərim diqqət çəkib yadda qalırdı). Solmazı maraq götürür və onun da əlavə izahatından, adımın da çəkilməyindən sonra məlum olur ki, o “qızlar” – elə mənəmmiş...

“Son görüş” deməyə də dilim gəlmir...

Başı müsibətlərdən açılmayan yurdumuzda yenə aləm qarışmışdı. Amma hələ dərd üstünə dərd yükləməmişdik, hələ azadlığın havasına uçurduq ki – o görüş oldu.
“Elm və həyat” jurnalının redaksiyasına təzəcə işə düzəlmişdim. Bir gün otaqda sakitcə oturub, yazımı yazırdım. Qəfildən digər şöbədəki işçilərdən biri – Rafiq müəllim qapıda göründü. Redaksiya müdiri Firəngiz xanımla zarafat eləməyi xoşlayan Rafiq müəllim qəribə cümlələrlə məlumat verdi ki, Səxavət Məmmədov bizə qonaq gəlib. Mən necə diksindimsə və : “Nə? Kim???” – deyə necə ayağa durdumsa, Rafiq müəllim məndən betər diksindi. İldırım sürəti ilə özümü onların otağına atdım. Həyəcandan uçuna-uçuna, cümlələri biri-birinə qata-qata “xoşgəldin” elədim. Məni görəndə gözlərinə inanmadı, o da nə deyəcəyini bilməyib, maraq və sevinclə: “Siz burda neynirsiniz?” – deyə soruşdu. Bu dəfə gülmək növbəsi mənim idi. İllərlə hər bir hərəkətimə, sözümə gülərək cavab verən uca insana baxıb, gülə-gülə: “Mən burda işləyirəm, Siz burda neynirsiniz?” –dedim. Məlum oldu ki, əməkdaşımız, gənc yazar Rəşad Məcidov ondan müsahibə götürəcək – “Xəzər” jurnalının sifarişidir...

Səxavət gedəndən sonra Rəşad bizim otağa gəldi. Sən demə, söhbət zamanı Səxavət mənim ona pərəstiş eləməyimdən, özünün də mənə münasibətindən danışıb və bu vəziyyəti maraqlı görən Rəşad belə qərara gəlib ki, biz həmin müsahibəni bərabər hazırlasaq çox yaxşı olar... Razılaşdıq. (“Razılaşdıq” nədir, belə bir imkan yaratdığı üçün Rəşad Məcidə o zaman da çox minnətdar olmuşdum, həmişə də minnətdar olacağam).

Yazı jurnalda çıxandan sonra redaksiyaya zəng vurub təşəkkür elədi. Telefonla danışanda da həyəcandan nə deyəcəyimi bilmədim. Yenə əvvəlki ərkəsöyünlüklə dediyim cümlələrdən tək bircəsi yadımdadır (onu güldürmüşdü deyə): “Səxavət müəllim, o yazıdakı hərarətli, sevgi yağan bütün cümlələri mən yazmışam – biləsiniz”, – dedim. Gülüşü eşidildi və təbii ki, o sevimli çöhrəsi gözümün önündə canlandı. Haradan bilə bilərdim ki, qeyri-adi səsi və inanılmaz zəngulələri ilə ruhumuza sonsuz güc verən əvəzedilməz nemətimizin səsini canlı olaraq son dəfə eşidirəm...

Etiraf edim ki, Səxavətlə ünsiyyətin, belə isti münasibətin fərəhini hələ o vaxtlar da yaşamağıma baxmayaraq, əsl qiymətini indi dərk edirəm. Hətta “Ay çiçək” mahnısını dinləyəndə və öz-özümə: “Səxavət mənim üçün mahnı oxuyub, sözləri də sanki elə mənə müraciətdir”, – deyə düşünəndə, az qalır, ürəyim dayansın: xoşbəxtlik duyğusu ilə sonsuz kədər qovuşaraq gur sel olur, alıb aparır məni. Yəqin ki, o seldə boğulmamaq üçün hərdən: “Bəlkə də vaxtında getdi, millətimizin sonrakı müsibətlərini görmədi”, – deyib, guya təsəlli tapıram, amma yandığımdan belə dediyimi də anlayıram.

... Keşməkeşli həyatımda bir neçə nəfərin (ədəbi qəhrəmanların belə) parlaq və əbədi izi qalıb ki, onlardan biri də, heç şübhəsiz, Səxavət Məmmədovdur. Hərdənbir onun həyatımda yerini müəyyən etmək istəyirəm, amma bildiyim təyinlərin heç biri dadıma yetmir...
Bəlkə “Fövqəl Dost” deyim?..


Reyhan Sədi

Ə.Q. (P.S) Qəza xəbərini eşidəndə əvvəlcə o xəbəri deyənə: “Belə də zarafat olar?” – deyə bağıraraq söylədiklərimi, sonra da zarafat olmadığını bilib, nə hallara düşdüyümü isə yazmağa gücüm yetmədi. Bəlkə də, sadəcə olaraq, istəmədim – axı, o, əbədidir!..